2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) 11 faiz azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi. SİA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir.
Qeyd olunur ki, BXİ ikinci ildir ardıcıl olaraq azalır. “Bu il də bərpa gözlənilmir. Buna səbəb ölkələr və şirkətlər arasında narahatlıq və qeyri-müəyyənliyi artıran ticarət müharibələri və silahlı münaqişələrdir” – deyə BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib.
Hazırda transmilli korporasiyalar uzunmüddətli strategiyalardan çox milli təhlükəsizlik, tədarük zəncirlərinin yenidən qurulması və dəyişən ticarət siyasətinə həssas sahələrdə risklərin qısamüddətli idarə olunmasına üstünlük verir.
Ötən il ən kəskin investisiya azalması inkişaf etmiş ölkələrdə qeydə alınıb. Bu kateqoriyadan olan ölkələrdə investisiyalar 22 faiz azalaraq 626 milyard dollara düşüb. Azalma Avropada daha ciddi (58 faiz) hiss olunub və burada investisiyalar cəmi 182 milyard dollar təşkil edib. Almaniyada 89 faiz, İspaniyada 39 faiz, İtaliyada 24 faiz və Fransada 20 faiz azalma baş verib.
Bununla yanaşı, Şimali Amerikada investisiyalar 23 faiz artaraq 343 milyard dollara çatıb. Artım ABŞ-da yarımkeçirici sənayesində həyata keçirilən iri layihələr hesabına mümkün olub.
İnkişaf etməkdə olan ölkələrdə isə birbaşa xarici investisiyalar 0,2 faiz yüksələrək 867 milyard dollar təşkil edib.
Afrikada investisiyalar rekord həddə - 75 faiz artaraq 97 milyard dollara çatıb. Bu, əsasən Misirdə həyata keçirilən nəhəng infrastruktur layihəsi hesabına mümkün olub. Hətta Misir nəzərə alınmadan belə, Afrikada investisiyalar 12 faiz artıb.
Asiya qitəsində ümumi investisiya axını 3 faiz (605 milyard dollar) azalsa da, BXİ həcminə görə liderliyi qoruyub saxlayıb. Bu azalmaya Çindəki 29 faizlik geriləmə səbəb olub.
Ötən il ən çox birbaşa xarici investisiya cəlb edən ölkə ABŞ olub – 279 milyard dollar. Növbəti yerlərdə Sinqapur (143 milyard dollar) və Çin (116 milyard dollar) gəlir.
2025-ci ilin əvvəlində qeydə alınan məlumatlar qlobal investisiya sazişləri və layihələr üzrə rekord dərəcədə aşağı fəallıq olduğunu göstərir.