AZ

Regionların inkişafı: hansı rayonlar daha çox fayda götürüb?

Bu gün, 09:15

Bəzi rayonlar proseslərdən kənarda qalıb; Lerik və Yardımlı rayonlarında köç tendensiyası ildən-ilə artır
Son 20 ildə regionların sosial-iqtisadi inkişafı Azərbaycanın dövlət siyasətində əsas prioritetlərdən biri kimi qəbul olunub. 2004-cü ildən başlayaraq icra olunan dörd mərhələli dövlət proqramı təkcə paytaxt deyil, bölgələrin də müasir simaya qovuşmasına, yerli infrastrukturun bərpasına və əhalinin rifah səviyyəsinin artmasına xidmət edib. Bəs bu prosesdən ən çox kimlər fayda götürüb? Hansı bölgələr əhəmiyyətli irəliləyişlər əldə edib?
“Yeni Müsavat” xəbər verir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilk dəfə 2004-2008-ci illəri əhatə etməklə start götürüb və ardıcıl olaraq 2019-2023-cü illərə qədər davam etdirilib. Bu dövr ərzində 30 min kilometrə yaxın avtomobil yolu salınıb, 4000-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub, kəndlərə qaz, su və elektrik xətləri çəkilib.
Proqramların əsas məqsədi regionlararası inkişaf fərqini min imuma endirmək və əhalini yaşadığı yerdə işlə təmin etmək olub. Əlbəttə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində son illərdə əhəmiyyətli layihələr həyata keçirilsə də, bəzi rayonlar bu prosesdən kənarda qalıb və struktur baxımından geri qalan bölgələr sırasında yer almaqdadır. Ekspertlər bu rayonların inkişafdan geri qalmasını müxtəlif səbəblərlə izah edir,  dağlıq relyef, əlverişsiz iqlim, yol infrastrukturunun zəifliyi, sosial xidmətlərə çıxışın məhdudluğu və əhali axınının güclü olması əsas amillər sırasındadır.
Misal üçün, Daşkəsən rayonu bu baxımdan xüsusi diqqət çəkir. Sənaye potensialına malik olan bu ərazi uzun müddət istismardan kənar qalan mədənləri və tikinti materialları sahələri ilə yadda qalır. Lakin infrastrukturun zəifliyi, əhalinin kütləvi şəkildə miqrasiya etməsi və yeni sərmayələrin azlığı səbəbindən rayonun iqtisadi dirçəlişi baş verməyib. Halbuki bölgədə metallurgiya, heyvandarlıq və ekoturizm kimi sahələrin inkişafı üçün müəyyən zəmin mövcuddur.
Cənub bölgəsində - Lerik və Yardımlı rayonları da coğrafi baxımdan təcrid olunmuş vəziyyətdədir. Sərt iqlim şəraiti, dağlıq relyef və yolların pis vəziyyətdə olması bu rayonlarda sosial-iqtisadi fəallığı aşağı səviyyədə saxlayır. Gənclər arasında Bakıya və ya digər şəhərlərə köç tendensiyası ildən-ilə artır. Bu isə kənd təsərrüfatının və digər sahələrin inkişafını ləngidən əsas amillərdəndir. Halbuki bu ərazilər ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və dağ turizmi üçün perspektivlidir.
2020-ci ildə azad edilən Kəlbəcər və Laçın rayonları isə demək olar ki, sıfırdan qurulmalıdır. Bu ərazilər tamamilə dağıdılmış infrastrukturla üz-üzədir. Bununla yanaşı, relyefin mürəkkəbliyi, qış aylarında əlçatanlığın məhdudluğu və təhlükəsizliklə bağlı minalanmış sahələrin mövcudluğu bərpa prosesini xeyli çətinləşdirir. Amma burada yaylaq təsərrüfatı, dağ turizmi və su resurslarına əsaslanan enerji istehsalı gələcək üçün real potensial yaradır.
Kənd təsərrüfatı üzrə mütəxəssislər qeyd edir ki, Qax və Oğuz rayonları Şəki-Zaqatala iqtisadi rayonuna daxil olsa da, bu bölgənin inkişaf tendensiyalarından nisbətən geri qalır. Fındıqçılıq və balıqçılıq kimi sahələrin genişləndirilməsi mümkün olsa da, bu istiqamətlərdə genişmiqyaslı layihələrin olmaması və turizm infrastrukturunun zəifliyi rayonun iqtisadi aktivliyini aşağı səviyyədə saxlayır. Halbuki Oğuz kimi rayonlarda ekoturizm və etnoqrafik mirasa əsaslanan xidmət sahələrinin inkişafı mümkündür.
Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında da - xüsusilə Şahbuz, Sədərək və Ordubadda - iqtisadi canlanma aşağı templərlə gedir. Bu rayonların coğrafi təcrid olunması, yerli bazarların məhdudluğu və turizm potensialının yetərincə dəyərləndirilməməsi onların sosial rifah səviyyəsinin yüksəlməsinə mane olur.
Bu rayonlarda müşahidə olunan ümumi problemlər sırasında işsizlik, gənclərin bölgəni tərk etməsi, investisiya çatışmazlığı və təhsil-səhiyyə infrastrukturunun zəifliyi xüsusi qeyd olunmalıdır. Geri qalan rayonların inkişafı üçün onlara daha məqsədli dövlət proqramlarının hazırlanması, yerli resurslara əsaslanan layihələrin dəstəklənməsi və özəl sərmayənin cəlbini stimullaşdıran vergi və güzəşt mexanizmlərinin tətbiqi vacibdir. Eyni zamanda bu bölgələrdə peşə məktəblərinin yaradılması, sosial xidmətlərin əlçatanlığının artırılması və kənd turizmi modelinin tətbiqi ilə regionlar daha sürətli və dayanıqlı inkişaf trayektoriyasına daxil ola bilərlər.

Musavat.com

Seçilən
10
1
Reportyor.tv

10Mənbələr