AZ

Yeni kanat yollarının regionların sosial-iqtisadi inkişafında rolu

Xəbər verdiyimiz kimi, bu gün Laçında Prezident İlham Əliyevin iştirakı ilə kanat yolunun təməlqoyma mərasimi keçirilib.

Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

Prezident Laçında kanat yolunun təməlini qoydu



Turizm eksperti Ceyhun Aşurov Operativ Media-ya bildirib ki, bu kimi layihələrin həyata keçirilməsi turistlərin cəlb edilməsində böyük rol oynayır:
 

"Xüsusilə çətin relyefə malik ərazilərdə kanat yollarının nəqliyyat vasitəsi kimi istifadəsi əvəzolunmazdır. Bu nəqliyyat növü həm turizm baxımından cəlbedicidir, həm də rahat və əlverişli hərəkət imkanı yaradır. Turistlər üçün isə bu cür yollar həm marşrutu qısaldır, həm də səyahət zamanı gözəl panoramik mənzərələr təqdim edir ki, bu da səyahəti daha yaddaqalan və mənzərəli edir.
 

Kanat yollarının başlanğıc və son nöqtələrində inşa edilən infrastruktur obyektləri əraziyə gələn insanlara xidmət göstərir və ümumi turizm təcrübəsini daha da yaxşılaşdırır. 

Belə infrastrukturların mövcudluğu həmin bölgələrə həm yerli, həm də xarici turistlərin marağını artırır. İnsanlar ora daha çox səyahət etməyə meyilli olurlar. Ümumilikdə isə kanat yolları dağlıq relyefə malik regionlar üçün həm müasir nəqliyyat vasitəsi, həm də cəlbedici turizm infrastrukturu kimi böyük əhəmiyyət daşıyır".
 

Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi 

Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi Operativ Media-ya bildirib ki, kanat yolu yalnız ənənəvi nəqliyyat vasitələrinə alternativ deyil, həm də təbiətə qayğının göstəricisidir:

"Xankəndi ilə Şuşanı birləşdirəcək kanat yolunun tikintisi təkcə infrastruktur layihəsi deyil, Qarabağın inteqrasiyası, dayanıqlı inkişafı və mədəni dirçəlişi istiqamətində mühüm addımdır. Bu müasir və ekoloji cəhətdən təmiz nəqliyyat növü həm yerli əhali, həm də regionun tarixinə və təbiətinə toxunmaq istəyən turistlər üçün yeni imkanlar açır.

Layihənin məqsədi bu iki əhəmiyyətli şəhər arasında nəqliyyat əlçatanlığını artırmaq, coğrafi relyefə görə çətin keçilən yolu asanlaşdırmaqdır. Kanat yolu sürətli və rahat hərəkəti təmin etməklə yanaşı, iqtisadi və mədəni həyatın canlanmasına da töhfə verəcək. Turistlər üçün bu xətt “mədəni turizm” marşrutunun bir hissəsinə çevriləcək, tarix, memarlıq və təbiət abidələrini birləşdirəcək.

Kanat yolu yalnız ənənəvi nəqliyyat vasitələrinə alternativ deyil, həm də təbiətə qayğının göstəricisidir. Ətraf mühitə minimal təsir göstərən bu layihə dayanıqlı şəhər mobilliyinin nümunəsidir. Eyni zamanda, tikinti və istismar mərhələlərində yeni iş yerləri yaradılacaq, kiçik biznes, xidmət və sənətkarlıq sahələrinin inkişafına təkan veriləcək.

Şuşa ilə Xankəndini birləşdirən bu layihə əlaqələrin, dialoqun və ümummilli gələcəyin bərpasının rəmzidir. Bu təkcə səmaya qalxan bir yol deyil həm də sülhə, inkişafa və xalqın yenidən dirçəlişinə aparan bir yoldur".
 

Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı gözləniləndən daha tez formalaşır 
 

Milli Məclisin deputatı Vüqar Bayramov Operativ Media-ya bildirib ki, azad olunmuş ərazilərdə turizm sektoru daxil olmaqla, iqtisadiyyatın inkişaf etdirilməsi və Azərbaycan iqtisadiyyatının inteqrasiyası əsas prioritetlərdəndir:

"Son illərdə bu istiqamətdə infrastrukturun genişləndirilməsi turizm üçün yeni imkanlar yaradıb. Təkcə 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 5 milyard 345 milyon manat vəsait ayrılıb. Bu isə o deməkdir ki, İkinci Qarabağ müharibəsindən sonra həmin ərazilərin bərpasına ümumilikdə təxminən 20 milyard manat sərf edilib.

Bu xüsusilə turizmin inkişafı baxımından yeni perspektivlər açır. Yaradılan şərait həm daxili, həm də xarici turizmin genişlənməsinə töhfə verəcək".


İşğaldan azad olunmuş ərazilər yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının təxminən 12 faizini formalaşdıra biləcək
 

"Ümumilikdə gözləntilər ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilər yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının təxminən 12 faizini formalaşdıra biləcək. Bu isə 15 milyard manata yaxın iqtisadi dəyər deməkdir.

Buna görə də həmin dəyərin yaradılması və ümumi iqtisadi sistemə inteqrasiyası ilə bağlı işlər intensiv şəkildə həyata keçirilir. Cənab Prezidentin bölgələrə səfərləri zamanı baş tutan təməlqoyma mərasimləri və yeni obyektlərin açılışı onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı gözləniləndən daha sürətli formalaşır və ölkə iqtisadiyyatına sürətlə inteqrasiya olunur", - deputat qeyd edib.



Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.

Seçilən
0
9
operativmedia.az

10Mənbələr