AZ

Çində daşqın təhlükəsi ilə əlaqədar 70 min sakin təxliyə edilib

Pekin, 20 iyun, AZƏRTAC

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib.

AZƏRTAC xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub.

Huayci rayonunda sel təhlükəsi ilə bağlı 1-ci dərəcədə xəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkəti dayandırılıb. Quandon ilə yanaşı Anhuy, Hubey, Hunan və Quycou əyalətlərində və Çonçin şəhərində də sel təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
34
5
azertag.az

6Mənbələr