Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki DOST Agentliyinin birgə həyata keçirdiyi “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasiminə həsr olunmuş “Əmək münasibətləri: yeni dövrün tələbləri” adlı tədbir təşkil olunub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aparılan sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb. O, əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əmək və məşğulluq sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində son illər atılan addımları qeyd edib.
Nazir müavini “DOST to DOST” layihəsi çərçivəsində təşkil olunmuş təlim proqramının gənclərin əmək münasibətləri ilə bağlı maarifləndirilməsində əhəmiyyətini vurğulayıb, layihənin iştirakçılarına uğurlar arzulayıb.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, rəqəmsal islahatların tətbiqi istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, əmək münasibətləri sahəsində innovativ təşəbbüslərdən biri kimi yaradılan “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini qeyd edib. Xidmət rəisi “DOST to DOST” layihəsinin gənclərin əmək münasibətləri sahəsində maariflənməsinə yönəlmiş uğurlu platforma olduğunu vurğulayıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST könüllüsü olmaq üçün ötən dövrdə 150 mindən çox müraciətin qeydə alındığını, 6500 nəfərin könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb edildiyini qeyd edib. “DOST to DOST” layihəsinin könüllü gənclərin əmək hüquqları kimi mühüm bir sahə ilə bağlı məlumatlılığının artırılmasına da töhfəsini verdiyini qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Katibliyinin baş direktoru Azər Bayramov bildirib ki, “DOST to DOST” layihəsi əmək münasibətləri sahəsində gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən mühüm bir təşəbbüsdür. Bu layihə eyni zamanda, gənclərin sosial həyatda fəal iştirakı və özlərini ifadə etməsi üçün əhəmiyyətli bir platforma rolunu oynayır.
Tədbirdə IDEATHON müsabiqəsinin 5 könüllü komandası təqdimatla çıxış edib və qalib komanda seçilib. Qeyd edək ki, IDEATHON – mövzu ətrafında yaradıcı həll yollarının təqdimat formatında nümayişi olan bu müsabiqə gənclərin əmək münasibətləri üzrə innovativ düşüncələrini ortaya qoymaq baxımından xüsusi əhəmiyyət daşıyıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının təqdim etdiyi musiqi nömrələrindən sonra könüllü gənclərdən biri təlim proqramında iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, proqram çərçivəsində DOST könüllülərinə “Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək münasibətləri sahəsində risklərin idarə edilməsi”, “Uşaqların əmək hüquqları”, “Əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır?” mövzularında interaktiv təlimlər keçirilib. İstehsalat prosesində əməyin mühafizəsi işinin təşkili ilə yerində tanış olmaları üçün könüllülərin nümunəvi müəssisəyə infoturu da təşkil olunub.