AZ

Ədalətli dünya nizamının tərəfdarı olaq, müharibələrə «yox» deyək!

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə ünvanlanan bu çağırışlar insanları hər cür şiddətə qarşı birgə mübarizəyə səsləyən Azərbaycanın sülhsevər siyasətinin ifadəsidir

ADA Universitetində keçirilən «Yeni dünya nizamına doğru» beyənlxalq konfransda Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən, eyni zamanda, Mərkəzi Asiyaya yaxın ölkə kimi Azərbaycanın regional əhəmiyyətini diqqətə çatdıraraq bölgədə sülhün və sabitliyin qarantı olduğunu, xarici siyasətinin bu prinsiplər əsasında formalaşdığını bildirən Prezident İlham Əliyev ölkəmizin Qlobal Cənubun ayrılmaz tərkib hissəsi kimi, bu ideyalara sadiqliyini də qeyd edib: «Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək.»

Praktiki əməkdaşlığın, enerji və nəqliyyat layihələrinin, Orta Dəhlizin əhəmiyyəti baxımından ölkəmizin önəmi iyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində «Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”» mövzusunda keçirilən beynəlxalq konfransda bir daha təsdiqləndi. Konfrans iştirakçılarına müraciətində milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yarandığı müasir dövrümüzdə Azərbaycanın sivilizasilararası məkan rolunu uğurla davam etdirdiyinin qeyd olunduğu müraciətdə bildirilir ki, dünyamızın müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşdiyi məqamda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesinin müşahidə olunması insanlar, bütün canlılar, təbiət üçün problemlər yaradır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. «Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır» sözləri ilə ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşmasına daha çox ehtiyac duyulduğunu bildirən Prezident İlham Əliyev dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü birgə fəaliyyətlərinin vacibliyini diqqətə çatdırır. Bu sözlər Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməyə çalışan dairələrə, suverenliyini tam təmin edən ölkəmizin güclənən siyasi, hərbi, iqtisadi qüdrətindən xoflanan Qərbə, Azərbaycanın razılığı olmadan Ermənistanda Mülki Müşahidə Missiyası yerləşdirməklə bölgədə gərginliyi artıran, «binokl diplomatiyası» formalaşdıran Avropa İttifaqına (Aİ), xüsusilə Fransaya xəbərdarlıqdır.

Hazırda ümumii evimiz olan dünyamız yenə çalxalanır, ciddi təlatümlər qarşısındadır. Ukraynada, Qəzzada davam edən müharibələr, son günlərdə daha çox təşviş doğuran və Cənubi Qafqazda sabitliyə ciddi xələl gətirən, raketlərin, dronların dili ilə sülhə meydan oxuyan , bölgə dövlətləri üçün ciddi narahatlıq doğuran İsrail-İran qarşıdurması həqiqi mənada dünya nizamını pozan ciddi təhlükədir. Qlobal təhlükəsizlik üçün regional əməkdaşlığa, siyasi həmrəyliyə daha çox ehtiyacın duyulduğu dünyamızda güclü dövlətlərin, beynəlxalq təşkilatların gələcəyimiz üçün ciddi narahatlıq doğuran təhlükələri, diplomatiyanı əvəzləyən silahlı qarşıdurmaları « görməmələri» daha ciddi fəlakətlərin xəbərdarlığıdır.

Təkcə Cənubi Qafqazın deyil, Qlobal Cənubun tərkib hissəsi olan Azərbaycan yaranan vəziyyətdən daha çox narahatlıq keçirən ölkədir. Dünyada, bölgədə sabitliyin təminatı üçün qarşılıqlı anlaşma prinsipinə sadiq qalan Azərbaycanın sülhə çağırış təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi günümüzün reallığıdır. Bu cür mesajların beynəlxalq ictimaiyyətə ünvanlanması rəsmi Bakının müstəqil siyasətinin, dönməz siyasi iradəsinin təzahürüdür”.

Bu gün sözdə Rusiya- Ukrayna, İsrail-HƏMAS müharibələrinin bitməsini arzulayan, əslində isə insanların qətli, kənd və şəhərlərin dağılması ilə nəticələnən qarşıdurmaları siyasi maraqları naminə yönləndirən, etinasızlıqla seyr edən qüvvələr Ermənistanın Azərbaycana 30 il davam edən təcavüzünə də eyni münasibət göstərmişlər. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri ilə razılaşmayan həmin dairələr hazırda mənfur niyyətlərini tərəflər arasında imzalanacaq sülh sazişinə mane olmaqla davam etdirirlər. Bir vaxtlar beynəlxalq ictimaiyyəti artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi yolla həllinin mümkün olmadığına inandırmağa çalışanlar indi də Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm «sülh kəsişməsi» ideyasına ümid bağlayırlar. Sülh müqaviləsinin imzalanması üçün başlıca şərt olan Ermənistanın konstitusiyasında yer alan Azərbaycanın torpaqlarına ərazi iddiaları ilə bağlı maddənin ləğvi kimi önəmli məsələnin üstündən sükutla keçirlər. Rəvac verdikləri və hələ də də davam edən müharibələrlə kifayətlənməyərək Cənubi Qafqazda yenidən müharibə üçün təməl hazırlayanlar Ermənistanın revanşistlərini şirnikləndirir, işğalçı dövləti silahlandırırlar. Lakin ikitərəfli danışıqlar formatının tərəfdarı olan Azərbaycan dəfələrlə bildirib ki, sülh sazişinin imzalanmasına kənardan müdaxilə heç vaxt istənilən nəticəni verməyəcək. Revanşistlərin silahlanması Ermənistan üçün daha ağır nəticələr verəcək yeni gərginliyə gətirib çıxaracaq. «Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər» sözləri ilə revanşist fikirlərə son qoyulmasını tələb edən Prezident İlham Əliyev faşizm ideyaları ilə idarə olunan Ermənistanı region üçün təhlükə, təhdid mənbəyi adlandırır. Qətiyyətlə bildirir ki, Cənubi Qafqazın yenidən hərbi poliqona çevrilməsinə imkan verilməyəcək.

Bu gün ürəkarısı ilə seyr etdiyimiz müharibənin dəhşətlərini 30 il görən xalqımız başqalarının da Xocalı soyqırımı kimi faciələr yaşamasını istəmir. Faşist ideologiyasının nəticələri olan , valideynlərini itirmiş yaralı körpələrin səslərinə son qoyulmasının tərəfdarıdır.

Bəllidir ki, müharibələrdən ən çox əziyyət çəkən qadınlar, uşaqlardır. Qoşulmama Hərəkatına sədrliyi dövründə bu məsələni daim diqqətdə saxlayan Prezident İlham Əliyevin təsisata üzv ölkələrdə yaşayan qadınların hüquqlarının müdafiəsi üçün irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə dəstəkləndi. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Qadınlar, Gənclər platformalarınınn təsis edilməsi gender bərabərliyinin nümunəsi olmaqla zərif cinsin nümayəndələrinin dünya siyasətində, iqtisadiyyatında, diplomatiyada fəallığının artırılmasına müsbət təkan kimi dəyərləndirildi. «Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram» sözləri hər cür şiddətə qarşı barışmaz mövqeyini ortaya qoyan Prezident İlham Əliyev dünyada sülhün, sabitliyin qorunması üçün təşəbbüskarlığı ilə diqqəti cəlb edir. Azərbaycan multikulturalizmin əsas prinsiplərindən olan müharibələrə, dini radikalizmə, zorakılığa, milli münaqişələrə, terrorçuluğa, dini ayrı-seçkiliyə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırır. İnsanlara müharibənin dəhşətləri qədər ağrı-acı yaşadan neokolonializmə qarşı birgə mübarizəyə səsləyir. «Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır» sözləri ilə müharibə təhlükələrinin, neokolonializm meyillərinin artmasından narahatlığını bəyan edən Prezident İlham Əliyev insanları müstəmləkəçiliyə qarşı birgə mübarizəyə çağırır. Avropadan kənarda müstəmləkə kimi, idarə etdiyi ölkələrdə azadlığı uğrunda mübarizə aparan yerli əhalini kütləvi qırğınlara məruz qoyan, Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını pozan Fransanın iyrənc siyasətini ciddi tənqid edir.

Bakıda «Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda keçirilən konfransda çıxış edənlərin əksəriyyəti Azərbaycanın bu siyasətini dəstəkləyərək dünyada geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlıqlarını ifadə etdilər. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması hallarına etirazlarını bildirdilər.

İraqda, Suriyada, Əfqanıstanda, Koreyada, Vyetnamda baş verən müharibələrdə yüz minlərlə günahsız insanlar qətlə yetirildilər. Miqrant həyatı yaşamağa məcbur qaldılar. Beynəlxalq hüquqa öz maraqları çərçivəsində «sadiq qalan» supergüclər qarşısında ədalətsizliyə göz yuman, qurbanları deyil, cinayətkarı müdafiə edən oyuncaq təşkilat BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi adının əksinə «fəaliyyət göstərir.» Terroru, separatizmi dəstəkləyən dövlətlərdən fərqli olaraq Azərbaycanın daxili və xarici siyasəti qarşılıqlı münasibətlər, etimad əsasında davam edir.

«Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər» sözləri ilə regional sabitliyin tərəfdarı olduğunu bildirən Prezident İlham Əliyev kənar müdaxilələrə yol verilməyəcəyini qətiyyətlə söyləyir. Cənubi Qafqazın tranzit-logistika, həmçinin regionun Qərb-Şərq və Cənub-Şimal marşrutlarının mərkəzində yerləşən, Orta Dəhliz layihəsindəki rolu və əhəmiyəti yüksək dəyərləndirilən Azərbaycan Asiya və Avropa, həmçinin Yaxın Şərq arasında vacib bölgə, regionda ən strateji məkandır. Müstəqil xarici siyasət kursuna sadiq, diplomatik uğurları artan Azərbaycan eyni zamanda multikultural, bəşəri dəyərlərə sadiq, xarici siyasəti belə humanitar prinsiplərə əsaslanan qüdrətli ölkədir. Hazırda davam edən İran-İsrail müharibəsi ilə bağlı İranla quru sərhəd qapılarını açan Azərbaycan qonşu ölkədən təxliyə olunan digər xalqların nümayəndələrinin öz ölkələrinə göndərilməsi istiqamətində də humanist yardımlarını əsirgəmir. Astara vasitəsilə İranı tərk edən xarici ölkə vətəndaşlarının, bu ölkədə fəaliyyət göstərən səfirliklərin əməkdaşlarının ailə üzvlərinin ölkələrinəi çatdırılması üçün lazımı tədbirlər görən Azərbaycan bir daha multikultural ölkə olduğunu təsdiqlədi.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
19
ikisahil.az

1Mənbələr