Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 19-cu turu çərçivəsində “Gimçeon Sanqmu” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 0:0 hesablı heç-heçə ilə ayrılıb.
Zədə səbəbindən komandasının son beş oyununu buraxmalı olan Anton bu dəfə nəhayət ki, meydana çıxıb. O, 52-ci dəqiqədə meydana buraxılıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 19 oyuna topladığı 33 xalla 12 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 19 oyuna 9 qələbə qazanıb, 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 13-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 74 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.