AZ

Joan Qarsiya “Barselona”da - Rəsmi

İspaniyanın “Espanyol” klubunun 24 yaşlı qapıçısı Joan Qarsiya bundan sonra La Liqa nəhəngi “Barselona”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspan qapıçı “Barselona” ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Kataloniya nəhəngi Qarsiyanı satın almaq üçün, ispan qapıçı müqabilində sərəbstqalma haqqını – 25 milyon avro məbləği “Espanyol”a ödəyib.

Joan Qarsiya “Espanyol”un məzunudur və klub karyerası ərzində ancaq “tutuquşular”ın qapısını qoruyub.

Cari mövsümdə Qarsiya “Espanyol” üçün 38 oyunda qapıda dayanıb, 51 dəfə “peşman” edilib, cəmi 8 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyo”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
36
arena.az

1Mənbələr