Azərbaycan cəmiyyəti tarixinin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən birini geridə qoyaraq, Vətən müharibəsində qazandığı zəfərlə torpaqlarını azad etdi. Bu tarixi qələbə minlərlə qəhrəmanın qanı, canı bahasına əldə olundu. Bu səbəbdən də Azərbaycan xalqı şəhidlərinə hər zaman yüksək ehtiram göstərir, onların xatirəsini müxtəlif formalarda uca tutur. Son illər ərzində isə bu ehtiram özünü daha bir yeni və təsirli formada göstərməyə başlayıb. Ölkənin hər yerində keçirilən toy mərasimlərində şəhidlərin ruhu tədbir başlamazdan əvvəl bir dəqiqəlik sükutla yad olunur.
İctimaiyyət tərəfindən könüllü şəkildə başlanan və zamanla geniş yayılan bu ənənə, sadəcə bir hörmət jesti deyil – bu həm də Azərbaycan xalqının kollektiv yaddaşının, milli mənəviyyatının və şəhidlərə olan mənəvi borc hissinin bariz təcəssümüdür. Bu cür davranışlar ölkənin keçdiyi sosial-psixoloji mərhələləri, xalqın həmrəyliyini və tarixi ilə necə yaşadığını da aydın şəkildə ortaya qoyur.
Sosioloq: "Bu, həm fərdi, həm də kollektiv məsuliyyətin göstəricisidir"
Mövzu ilə bağlı fikirlərini Operativ Media ilə bölüşən sosioloq Mətanət Məmmədova bu tendensiyanı Azərbaycan cəmiyyətində dərinləşən milli şüurun və ictimai həmrəyliyin göstəricisi kimi qiymətləndirib:
“Bu çox təqdirəlayiq haldır ki, Azərbaycanda toy mərasimləri başlamazdan əvvəl şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilir. Bu addım sırf bir ehtiram aktı olmaqla yanaşı, həm də xalqın milli kimliyinin, tarixə və şəhidlərə olan münasibətinin bariz göstəricisidir. Bu cür mərasimlər cəmiyyətin birliyini gücləndirən, ortaq ağrılar ətrafında həmrəylik yaradan rituallardır. Toy insanların sevinci paylaşdığı bir məqam olsa da, belə anlarda şəhidlərin yad edilməsi sevincin belə məsuliyyət və hörmət çərçivəsində keçirildiyini göstərir. Bu davranış forması həm fərdi şüurun, həm də kollektiv məsuliyyətin gücləndiyini nümayiş etdirir. Eyni zamanda bu yeni adət, Azərbaycanın müharibədən sonra keçdiyi psixoloji və sosial dəyişikliklərin də bir əksidir”.
Deputat Günay Ağamalı: “Bu adət xalqın şəhidlərə olan sonsuz ehtiramının simvoludur”
Məsələ ilə bağlı Operativ Media-ya açıqlama verən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı isə bildirib ki, bu yeni adət artıq cəmiyyətin mənəvi həyatında mühüm yer tutur:
“Artıq 5 ildir ki, ölkəmizdə keçirilən toy mərasimlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə, Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımıza olan sonsuz hörmətinin bariz ifadəsidir. Bu təşəbbüs zamanla cəmiyyətimizdə dərin kök salaraq yeni bir adət halını alıb və xalqımızın şəhidlərə verdiyi qiymətin, onların əziz xatirəsinə olan ehtiramın simvoluna çevrilib”.
Deputatın sözlərinə görə, cəmiyyətin bütün təbəqələrinin bu təşəbbüsə qoşulması, onu könüllü şəkildə davam etdirməsi göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmur və onların adını uca tutmağı bir mənəvi borc bilir:
“Bu cür addımlar bir daha göstərir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını daim qəlbində yaşadır. Cəmiyyətin nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik gənc nəslin də bu ruhda formalaşmasına mühüm töhfə verir. Gənclər toyda belə bir sükut anını görərək anlayırlar ki, vətən uğrunda can verənlər unudulmur və bu cəmiyyətə xidmət etməyin ən ali formasıdır”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği" istiqaməti üzrə hazırlanıb.