AZ

“Güney Azərbaycan xalqı öz taleyini özü həll etməlidir” DAK ın bəyanatı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Yarandığı gündən Quzey və Güney Azərbaycanda yaşayan soydaşlarımızın, müxtəlif ölkələrə səpələnmiş Azərbaycan diasporunun səsi və ən etibarlı dostu, müdafiəçisi olan Dünya Azərbaycanlıları Konqresi dünyada və bölgəmizdə baş verən prosesləri diqqətlə izləyir".

"AzPolitika" xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Konqresinin bəyanatında deyilir.

Bəyanatda daha sonra deyilir: "Yeni dünya düzəni qurmaq adı altında genişlənən və insanlığı fəlakətə sürükləyən münaqişə və müharibələrin tədricən türk coğrafiyasına sıçraması, bu sırada İsrail-İran savaşı son dərəcə gözlənilməz nəticələrlə yekunlaşa bilər. Əfqanıstan, İraq, Liviya, Suriya kimi dövlətlərdə müxtəlif ssenarilərlə həyata keçirilən, rejim dəyişikliyinə səbəb olan çevrilişlərin və müharibələrin yaratdığı acı mənzərə göz önündədir və təəssüf ki, bu dövlətlərdə yaşayan xalqların ümidlərini doğrultmamışdır.

Bölgədə gərginlik getdikcə artır. Qəzzada apardığı savaşı dayandırmağa dünyanın gücünün çatmadığını görən İsrail ardınca üzünü İrana çevirdi. İranın atom enerjisini zənginləşdirmək niyyətinin qarşısını almaq məqsədilə başlanan hərbi müdaxilə getdikcə iqtisadiyyat və informasiya obyektlərinin vurulmasına qədər genişləndi. Eyni zamanda, illərlə öz hərbi gücü ilə dünyaya meydan oxuyan və İsraili yer üzündən silmək kimi sərsəm bəyanatlarla çıxış edən İran da hərbi bazalarına, görkəmli dövlət xadimlərinə, elm və hərbi sənaye mütəxəssislərinə qarşı törədilən terror aktlarına cavab olaraq İsraili çox vaxt hədəfə çatmayan raket yağışına tutmaqda davam edir.

Biz İranın atom bombası əldə etmək istəyinin təkcə yəhudilərə deyil, həm də bölgənin türk-müsəlman xalqları üçün təhlükə olduğunu yaxşı bilirik. İrana qarşı başlanan savaşın həm də siyasi məqsəd daşıdığı və bu prosesin rejim dəyişikliyinə qədər davam edəcəyi əvvəlcədən məlum idi.

Astaradan Kəngər körfəzinə qədər uzanan torpaqlar azərbaycanlıların ana vətənidir. İran adlanan ölkə tarixən türk dövləti olub, əhalisinin yarıdan çoxu isə fars-şiə irticaçı rejiminin insanlığa zidd basqısı altında yaşayan türklərdir. DAK daim İran türklərinin hüquqları və insan haqları uğrunda mübarizə aparmışdır. Lakin biz bu prosesin bölgəni qan gölünə çevirən savaşlarla deyil, İrandakı xalqların öz iradəsi ilə, dinc və demokratik yolla baş verməsini istəmişik. Onsuz da fars-molla rejimi insanlığın inkişafına zidd siyasəti ilə öz sonunu yaxınlaşdırmış və hökmünü vermişdir.

İsrail isə Azərbaycan Respublikası ilə dostluq münasibətləri olan bir dövlətdir. Özünü şiə qardaşı sayan terrorçu-işğalçı xristian Ermənistana yardım edən İrandan fərqli olaraq, İsrail heç vaxt Azərbaycandan siyasi-diplomatik dəstəyini əsirgəməmişdir. Həyat göstərir ki, dövlətlərarası münasibətləri din amili üzərində qurmaq olduqca yanlış və bəsit bir yanaşmadır. İranın azərbaycanlılara verdiyi siyasi, mənəvi və milli zülmlərə, 35 il düşmənlərimizin yanında yer almalarına baxmayaraq, Azərbaycan daim İranla dinc qonşuluq münasibətlərinin qurulmasına və inkişafına çalışmışdır.

DAK olaraq biz Azərbaycan dövlətinin bu mövqeyini dəstəkləyirik. Bölgədə qan tökülməsini istəmirik. Lakin yaranmış şəraitdə İran türklərinin və xüsusilə azərbaycanlıların taleyi Azərbaycan dövlətini dərin düşüncələrə vadar etməlidir. Ötən əsrdə dörd dəfə yaranmış şəraitdən istifadə edə bilməyən, xəyanətlə aldadılan Güney Azərbaycan xalqı bu dəfə yaranan bütün imkanlardan istifadə edərək öz taleyini özü həll etməlidir. Bu iradə olduqda dünyada ona dəstək verənlər tapılacaqdır. Əgər milli iradə və hədəf olmazsa, heç kim azərbaycanlıların əvəzinə çalışmayacaq.

Müharibə baş verib-verməməsindən asılı olmayaraq, bütün imperiyalar nəhayətdə parçalanmağa məhkumdur. İranda xalqın istəyinə uyğun olmayan, böyük güclərin maraqlarına xidmət edən növbəti bir irticaçı rejimin qurulması ehtimalı çox yüksəkdir. Bu isə İranda yaşayan xalqlar üçün yeni bir fəlakət dövrünün başlanğıcı ola bilər. Azərbaycan türkləri və İranda yaşayan digər xalqlar buna imkan verməməlidirlər.

Güney Azərbaycanın türkləri vəziyyəti düzgün dəyərləndirməli, yaranacaq imkanlardan maksimum istifadə edərək tarixi torpaqlarında öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməlidirlər. Biz, DAK olaraq, hər zaman Güneyli qardaşlarımızın yanındayıq".

Sabir Rüstəmxanlı – DAK həmsədri Firudin Pərvizniya – DAK həmsədri, Almaniya Nurəddin Qərəvi – DAK İdarə Heyəti üzvü, Almaniya Abuzər Bağırov – DAK İdarə Heyəti üzvü, Moskva Babək Muğanlı – DAK İdarə Heyəti üzvü, Güney Azərbaycan Atilla Kaya – DAK İdarə Heyəti üzvü, Türkiyə Əkrəm Fevzi Tərzioğlu – DAK İdarə Heyəti üzvü, İraq Adil Minbaşı – DAK İdarə Heyəti üzvü Zəlimxan Məmmədli – DAK İdarə Heyəti üzvü Ağrı Qaradağlı – DAK İdarə Heyəti üzvü, Güney Azərbaycan Esmira Mədətova – DAK İdarə Heyəti üzvü, ABŞ, Nyu-York Rəhmət Rafət – DAK İdarə Heyəti üzvü, Belçika Rəhman Abbasov – DAK İdarə Heyəti üzvü, Rusiya Kənan Ağazadə – DAK İdarə Heyəti üzvü, Rusiya Nail Əhməd – DAK İdarə Heyəti üzvü, Polşa Siyavuş Mustafayev – DAK İdarə Heyəti üzvü Xəzər Emin – DAK İdarə Heyəti üzvü Əli Ağaevli – Avropa nümayəndəsi İsa Türkoğlu – Böyük Britaniya Esmira Əsədova – Kanada Şəhruz Cəngcu – ABŞ Tursunay Türksoy – Doğu Türküstan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
azpolitika.info

4Mənbələr