AZ

Bakıdan İrəvana “Zəngəzur dəhlizi” mesajı bir az da konkretləşdirildi...


Tural İsmayılov: “Ermənistan tərəfinin bu çağırışa real və effektiv cavab verməsi sual altındadır”

“Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid” mövzusunda keçirilən paneldə danışıb.

H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gecikmiş yanaşmadır: “Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər. Hazırda Ermənistanla da müzakirə aparırıq. Regionda hər hansı bir marginalizasiya və təcrid niyyətimiz yoxdur, ancaq həm də Ermənistandan müəyyən gözləntilərimiz var”.

H.Hacıyev diqqətə çatdırıb ki, 30 il ərzində Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini blokada altında saxlayıb: “İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edilir. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvanla əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.

Azərbaycan mövqeyini bir az daha konkretləşdirdi və Ermənistan tərəfə bildirdi ki, dəhlizin adını nə qoyursuz qoyun, ancaq konkret addımlar atın. Ermənistanın mövqeyində bir dəyişiklik gözlənilirmi?

“Rəsmi Bakı artıq bəyanatlar dövrünün başa çatdığını, qarşı tərəfin konkret siyasi və hüquqi addımlar atmalı olduğunu açıq şəkildə ortaya qoyur”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, regionda baş verən son proseslər fonunda Azərbaycanın mövqeyini daha da konkretləşdirməsi beynəlxalq siyasi məntiq baxımından tam əsaslı addımdır: “Rəsmi Bakı artıq bəyanatlar dövrünün başa çatdığını, qarşı tərəfin konkret siyasi və hüquqi addımlar atmalı olduğunu açıq şəkildə ortaya qoyur. Bu, təkcə Ermənistanla sülh kontekstində deyil, həm də regional sabitliyin qurulması üçün önəmli siqnaldır. “Adını nə qoyursan qoy, konkret addım at” ifadəsi diplomatik riyakarlıqla illərdir baş verən oyunu sonlandırmaq çağırışıdır.

Ermənistan tərəfinin isə bu çağırışa real və effektiv cavab verməsi sual altındadır. Paşinyan hökuməti daxili siyasi xaos və güclü müxalif təzyiqlər altında hərəkət edir. Konstitusiyada dəyişiklik, Qarabağa dair ifadələrin silinməsi kimi addımlar təkcə hüquqi deyil, həm də siyasi intihar anlamına gəlir. Ermənistan cəmiyyətində formalaşmış “qondarma kimlik anlayışı” hələ də diridir və bununla hesablaşmadan irəli getmək çətindir”.

T.İsmayılovun sözlərinə görə, eyni zamanda, Ermənistan cəbhəsində təxribatlar və atəşkəs pozuntuları davam edir ki, bu da sülhə qarşı səmimiyyətsizlik göstəricisidir: “İrəvan ya sülh yolunu seçəcək, ya da status-kvonu davam etdirib daha da təcrid olunacaq. Azərbaycan isə artıq bu danışıqlar prosesinə “şərtli diplomatiya” deyil, “real nəticə” prizmasından baxır”.

İradə SARIYEVA

Seçilən
129
28
baki-xeber.com

10Mənbələr