Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, görüşdə İsrail ilə İran arasında baş verən qarşıdurma, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, İsrailin İrana qarşı hücumları ilə başlayan zorakılıq dalğası bütün regionun təhlükəsizliyini risk altına qoyur. Onun sözlərinə görə, Netanyahu hökumətinin beynəlxalq hüquqa məhəl qoymayan davranışı qlobal sistem üçün ciddi təhdid yaradır və bölgənin yeni bir müharibəni daşımağa gücü çatmaz.
Ərdoğan əlavə edib ki, Türkiyə ilk gündən etibarən hücumların dayandırılması üçün diplomatik təşəbbüslərə üstünlük verib. O, İranla bağlı məsələlərin yeganə həll yolunun diplomatiyadan keçdiyini və danışıqlar masasına tez bir zamanda qayıdılmasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti həmçinin bildirib ki, İsrailin İrana qarşı hücumları diqqəti Qəzzada baş verən soyqırımdan yayındırmamalıdır və İsrailin bölgədə birtərəfli addımlar atmaq ehtimalı yüksək olaraq qalır.
Rusiya Prezidenti Vladimir Putin də danışıq zamanı qarşıdurmaların tezliklə dayandırılması və diplomatik imkanların genişləndirilməsi məsələsində Prezident Ərdoğanla eyni mövqedə olduğunu qeyd edib.