AZ

"Bütün dünyada doğum azalır: Bəs insanlar niyə istədikləri qədər uşaq sahibi ola bilmir?" - BMT

"Əsas səbəb yüksək xərclər, vaxt çatışmazlığı və münasib tərəf-müqabil tapmaqda çətinliklərdir..."
 
Beş il öncə Hindistanın Mumbay şəhərində yaşayan Namrata Nanqiyanın ailəsində qız övladı dünyaya gəlib. O vaxtdan bəri o və həyat yoldaşı zaman-zaman ikinci uşaq barəsində düşünür. Amma hər dəfə eyni sual qarşılarına çıxır: "Bunu qarşılaya bilərikmi?".
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Namrata bir dərman şirkətində, əri isə təkər istehsal edən firmada işəəyir. Lakin bir uşağın belə gündəlik xərcləri ailəyə ciddi maddi yük yaradır: məktəb ödənişləri, nəqliyyat, əlavə məşğələlər, üzgüçülük dərsləri, həkimə gedən hər səfər - bütün bunlar ailənin büdcəsini sarsıdır.
 
Namrata öz uşaqlığını xatırlayır: "Biz sadəcə məktəbə gedirdik, əlavə dərslər yox idi. İndi isə övladımı üzgüçülük kursuna, rəsm dərslərinə yazdırmalıyam. Uşağın sosial və intellektual inkişafı üçün nə lazımdırsa, onu da etməyə çalışıram".
 
Bu, artıq fərdi deyil, qlobal bir problemdir. BMT-nin Əhali Fondu (UNFPA) bildirir ki, dünyanın bir çox yerində insanlar maliyyə çətinlikləri və ya münasib həyat yoldaşı tapa bilmədikləri üçün arzuladıqları qədər uşaq sahibi ola bilmir.
 
Araşdırmanın nəticələri nə deyir?
 
UNFPA-nın 14 ölkədə apardığı sorğuda 14 min nəfər iştirak edib. Onların beşdə biri etiraf edib ki, ya artıq istədiyi qədər uşağı yoxdur, ya da heç vaxt olmayacaq.
 
Bu ölkələr arasında həm inkişaf etmiş (məsələn, Almaniya, İsveç), həm də inkişaf etməkdə olan (məsələn, Nigeriya, Hindistan, Meksika) dövlətlər var. Yəni, problem təkcə kasıblıqla izah olunmur - bu, daha dərindən köklənmiş qlobal meyldir.
 
Sorğuda iştirak edənlərin 40 faizi uşaq sahibi olmamalarının əsas səbəbi kimi maliyyə çətinliklərini göstərib. Bu rəqəm Cənubi Koreyada 58 faiz, İsveçdə isə cəmi 19 faizdir. Yəni, iqtisadi inkişaf səviyyəsi doğrudan da mühüm rol oynayır, amma yeganə səbəb deyil. Maraqlıdır ki, 50 yaşdan yuxarı respondentlərin belə üçdə biri (31 faiz) deyib ki, onlar daha çox uşaq sahibi olmaq istərdilər.
 
Ailəyə vaxt da çatmır
 
Bəzi ölkələrdə daha önəmli problem vaxt çatışmazlığıdır. Mumbaydan olan Namratanın dediyinə görə, gündəlik işə gedib-qayıtmaq üçün 3 saat vaxt sərf edir və axşam evə qayıtdıqda özünü fiziki və emosional olaraq tükənmiş hiss edir. Buna baxmayaraq, azyaşlı qızına vaxt ayırmağa çalışır - nəticədə ailə olaraq heç vaxt kifayət qədər yuxu ala bilmir. "Axşamlar vicdan əzabı çəkirəm. Elə bilirəm ki, ana olaraq övladıma yetərincə diqqət göstərə bilmirəm. Buna görə də hələlik bir uşaqla kifayətlənirik", - Namrata etiraf edir.
 
Söhbət yalnız pulla ölçülmür
 
Doğuş səviyyəsinin düşməsi yeni xəbər deyil, amma bu dəfə BMT bu məsələyə əvvəlkindən daha çox diqqət yetirir. Əgər əvvəllər təşkilat daha çox çoxuşaqlılıq və kontraseptiv vasitələrin çatışmazlığı üzərində fokuslanırdısa, indi azuşaqlılıq qlobal narahatlığa çevrilib.
 
UNFPA rəhbəri Natalia Kanem bu vəziyyəti "qəfil və misilsiz eniş" adlandırır. Onun sözlərinə görə, əhalinin əksəriyyəti iki və ya daha çox uşaq istədiyini desə də, bir çox insan arzuladığı ailəni qurmaq imkanından məhrumdur.
 
Demoqraf-professor Anna Rotkirx də bu fikri bölüşür və Avropa ölkələrindəki tədqiqatlarını ümumiləşdirərək bildirir: "İnsanların doğmaq istədiyi qədər uşaq sahibi olmaması Avropada da geniş yayılıb. Bu, indi artıq dünya miqyasında müşahidə olunur".
 
Problemin siyasi istismarı
 
Professor Stüart Gitel-Basten isə xəbərdarlıq edir: bəzi ölkələrdə aşağı doğum səviyyəsindən "demoqrafik təlaş" məqsədilə istifadə olunur. O, qeyd edir ki, bəzi hökumətlər bu meyldən milliyyətçi, antimiqrant və genderə qarşı mühafizəkar siyasət yürütmək üçün bəhanə kimi istifadə edir. 
 
"1980-ci illərdə Çin, Koreya, Yaponiya və Tailand əhali artımına qarşı mübarizə aparıb. İndi isə əksinə, doğum səviyyəsini qaldırmaq üçün tədbirlər axtarır", -  Gitel-Basten deyir.
 
Beləliklə, dünyada ailə qurmaq və uşaq böyütmək getdikcə daha çətinləşir. Gələcəkdə dövlətlər bu problemi yalnız statistika ilə deyil, sosial dəstək, uşaq baxımı sistemləri, qadınların işlə ailə həyatını birləşdirə bilməsi üçün şərait yaratmaqla həll etməli olacaq. Yoxsa ailə arzusu bir çox insan üçün əlçatmaz olaraq qalacaq.
Seçilən
29
moderator.az

1Mənbələr