AZ

Uşaqlığın son zəngi...

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

Bu gün onbirincilər o məsum, o şıltaq, o saf illərə son qoyan sonuncu zəngin səsini eşitdilər. Həyatın keşməkeşli yollarının başlandığını elan edən zəng səsi Azərbaycan məktəblərində göz yaşları içində təbəssümlə qarşılandı.

Bu gün məzunların hisslərini kəlmələrlə ifadə etmək, təsəvvür etmək çox çətindir. Bir yandan acılı-şirinli, sevincli-kədərli 11 ilin başa çatması, bir yandan da arzulara gedən yolun təməlinin atılması...

AZƏRTAC xəbər verir ki, iyunun 14-də Bakının Binəqədi rayonunun 246 nömrəli məktəb-liseyi də növbəti məzunlarını təntənəli tədbirlə yola salıb.

Son zəng tədbiri Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Elmar Həşimov bu il məktəbi 157 məzunun bitirdiyini, onlardan 50-dən çox şagirdin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərdiyini qeyd edib. Bildirilib ki, 246 nömrəli məktəb-liseyin məzunları ərazi bütövlüyümüz və suverenliyimizin bərpası naminə döyüşlərdə fəal iştirak edib, onlardan biri isə ən yüksək zirvəni - şəhidlik məqamını fəth edib.

Məzunlara gələcək həyat yollarında uğurlar arzulayan direktor onlara qazandıqları nailiyyətlərlə məktəbin adını uca tutmağı tövsiyə edib.

Sonra qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib, məzunlar öz məharətlərini göstəriblər.

Sonda səsləndirilən son zəng tədbirdə kövrək anlar yaşadıb, uşaqlığın son zəngi məzunları və onların yaxınlarını duyğulandırıb.

Ənənəyə uyğun olaraq 11-cilərin sonuncu zəngini birincilər səsləndiriblər.

Məktəbin 11-ci sinif məzunu Ayan Hüseynzadə AZƏRTAC-ın müxbiri ilə öz təəssüratını bölüşüb.

Çox həyəcanlı olduğunu, bu günə sinif yoldaşları ilə birlikdə xüsusi hazırlaşdıqlarını deyən A.Hüseynzadə fikirlərinə belə davam edib: “Son zəng” gününü səbirsizliklə gözləyir, hazırladığımız musiqi və rəqs nümunələrini təqdim etməyə tələsirdim. Sevinirəm ki, hər şey istədiyimiz kimi oldu. Yaşım az olanda düşünürdüm ki, 11-ci siniflər böyükdürlər. Lakin özüm o yaşa gəlib çatanda anladım ki, əslində insan elə də böyümürmüş, eyni uşaq saflığında qalırmış. Son zəng səsləndiriləndə çox duyğulandım. Bu, artıq bir önəmli dövrün bitməsi, yeni mərhələnin başlanğıcının çarçısı idi. Məktəbim, müəllimlərim, sinif yoldaşlarım üçün çox darıxacağam. Bu illər ərzində aramızda incikliklər olsa da, tez-tez küsüb-barışsaq da, sinif yoldaşlarımın hər birinin qəlbimdə xüsusi yeri var. Hər birimizə nailiyyətlər arzulayır, 11 il ərzində çəkdiyimiz əziyyətin uğurlu nəticə ilə sonlammasını istəyirəm. Arzum Bakı Dövlət Universitetinin tələbəsi olmaqdır. Ümid edirəm ki, hamımız 11 illik təhsil yolumuzun davamını arzuladığımız ali məktəblərdə gətirəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
19
azertag.az

10Mənbələr