Azərbaycanın beynəlxalq ehtiyatları və Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin sonuna 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.
“Report” xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” məlumat yayıb.
“ARDNF-nin aktivləri 2025-2026-cı illərdə neftin orta qiymətinin bir barrel üçün 65 dollar olacağı proqnozumuza əsasən təxminən 62 milyard ABŞ dolları (ÜDM-in 79,3 %-i) səviyyəsində sabitləşəcək. Ölkənin xalis xarici aktivlərinin 2025-2026-cı illərdə orta hesabla ÜDM-in 67 %-nə çatacağını gözləyirik – bu, “BBB” və “A” reytinq kateqoriyaları üçün median göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir”, – agentlik qeyd edib.
“Fitch” cari hesab profisitinin neft qiymətlərinin sabitləşməsi ilə 2025-ci ildə ÜDM-in 5,3 %-nə və 2026-cı ildə 4,9 %-nə düşəcəyini gözləyir. Müqayisə üçün, 2021-2024-cü illərdə profisin orta göstəricisi 15,6 % təşkil edib, “BBB” kateqoriyalı ölkələrin medianı isə cəmi 0,4 % olub.
“Orta və uzunmüddətli perspektivdə Azərbaycanın neft ixracının “Qarabağ” neft yatağının işlənməsi və quruda şist nefti hasilatı layihələrinin həyata keçirilməsi hesabına əlavə artımı mümkündür”, – agentliyin analitikləri hesab ediblər.