AZ

İsrail 200-dən çox qırıcı ilə İrana zərbələr endirdi - Tehranın ən güclü 4 adamı öldürüldü...


İyunun 12-dən 13-ə keçən gecə İsrail İrana hücum edib. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib. İsrail Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz, Kirmanşah şəhərlərinə zərbələr endirib. Hücumlardan sonra Həmədan şəhərində də böyük partlayışların baş verdiyi bildirilib. Hədəf İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi, həmçinin nüvə proqramı üzərində çalışan alimlər olub.

Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, İran İnqilab Keşikçiləri Korpusu Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə həlak olub. İranın dini lideri Ayətullah Əli Xamneyinin müşaviri Əli Şamxaninin isə Tehrandakı evinə endirilən zərbələr nəticəsində ağır yaralandığı bildirilir. İranın 6 nüvə alimi və yüksək vəzifəli şəxsləri də öldürülüb.

İsrailin İrana endirdiyi aviazərbələr nəticəsində Tehranda 78 nəfər ölüb, 329 nəfər yaralanıb. Təbrizdə isə 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İsrail ordu zabitlərinin müdafiə naziri İsrael Katza təqdim etdiyi hesabatda bildirilir ki, İrana endirilən zərbələr nəticəsində ölkənin hava qüvvələrinin komandirlərinin çoxu zərərsizləşdirilib. “İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İnqilab Keşikçiləri Korpusunun hərbi hava qüvvələrinin yüksək vəzifəli şəxslərinin çoxu yeraltı qərargahda keçirdikləri görüş zamanı öldürülüblər”, - deyə İsrail mediası bildirib.

Katza hesabatı İsrail Müdafiə Qüvvələrinin baş qərargahının nümayəndəsi Eyal Zamir və “Mossad” direktoru David Barnea təqdim edib.

İranın Atom Enerjisi Təşkilatı bildirir ki, ölkənin mərkəzində yerləşən İsfahan vilayətində “Şəhid Əhmədi Rövşən” (Nətənz) zənginləşdirmə mərkəzinə müxtəlif xəsarətlər dəyib. Bəyanatda qeyd olunur ki, indiyə qədər Nətənz nüvə mərkəzində işləyən işçilərin ölümü ilə əlaqədar hər hansı məlumat daxil olmayıb: “Aparılan dəqiq araşdırmalar çərçivəsində hər hansı radiasiya və kimyəvi çirklənmənin obyektdən kənara sızması halının olmadığı müəyyənləşib”.

İran hakimiyyəti İsrailin zərbələri nəticəsində İsfahan və Fordo nüvə obyektlərinə zərər dəymədiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məlumat verib. “İran hakimiyyəti ilə təmaslar təsdiq edir ki, İsfahandakı nüvə obyektinə və Fordo uranın zənginləşdirilməsi mərkəzinə heç bir zərər dəyməyib”, - deyə IAEA-nın direktoru Rafael Qrossi bu barədə özünün sosial media hesabında bildirib.

İran prezidenti Məsud Pezeşkian isə xalqa müraciətində bildirib ki, İsrailin İrana hava zərbələri endirməsinə İranın cavabı sərt və qanuni olacaq.

Müraciətdə qeyd olunur ki, İran xalqı və rəsmiləri bu hücum qarşısında susmayacaq və İranın qanuni cavabı İsraili etdiyinə peşman edəcək.

Müraciətdə deyilir ki, İsrailin İranın Tehran və digər şəhərlərinə hava hücumları nəticəsində çoxlu sayda uşaq, qadın, sivillər, hərbi komandanlar və nüvə alimləri ölüb. Baş verən hücum mütləq şəkildə cavablandırılacaq.

İsrail KİV-də İrandan İsrail istiqamətində 100-dən çox dronun buraxıldığı barədə məlumat yayıb. İsrail Müdafiə Qüvvələri isə İranın buraxdığı bütün PUA-ların zərərsizləşdirildiyini bildirib. İordaniya da ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri və hava hücumundan müdafiə sistemlərinin İsrail-İran qarşıdurması fonunda ölkənin hava məkanına daxil olan bir neçə raket və pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü, general-mayor Effi Defrin bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İrana aviazərbələri davam etdirir. “Hazırda İsrail Müdafiə Qüvvələri əməliyyatın qoyulmuş məqsədlərinə nail olmaq üçün hücum planını həyata keçirməyə davam edir, eyni zamanda gücləndirilmiş şəkildə İsrailin müdafiəsini təmin edir,” – deyə o bildirib.

İrandan neçə gün ballistik raket hücumunun gözlənildiyi ilə bağlı sualı cavablandıran Defrin deyib: “Əməliyyat hələ yeni başlayır.” O əlavə edib ki, ordu İranın planlarını izləyir və “İrandan gələcək cavablara hazırlaşır”.

İsrail KİV-i yazır ki, İsrail hərbi hava qüvvələri günün ikinci yarısında İranda onlarla raket buraxılış qurğusuna və raketlərin saxlanıldığı yerlərə yeni avaizərbələr endirib.

İsrailin İrana qarşı davam edən hərbi əməliyyatı fonunda yəhudi dövlətinin dünyanın müxtəlif yerlərindəki səfirlikləri və konsulluqları fəaliyyətlərini dayandırıb.

“Son hadisələrlə əlaqədar İsrailin xarici ölkələrdəki nümayəndəlikləri bağlanacaq və konsulluq xidmətləri göstərilməyəcək”, - deyə İsrailin Parisdəki səfirliyinin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Təl-Əviv xaricdə yaşayan vətəndaşlarını olduqları yerlər barədə sosial şəbəkələrdə məlumat paylaşmamağa və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməməyə, həmçinin İsrail mədəniyyəti ilə bağlı ictimai tədbirlərdən çəkinməyə çağırıb.

TAHİR

Seçilən
40
50
baki-xeber.com

10Mənbələr