İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirib.
Heftelik.az-ın məlumatına görə, İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib.
İsrail Ordusu İslanın nüvə proqramı və uzaqmənzilli raket imkanlarına qarşı başladığı hərbi əməliyyatın bir neçə gün davam edəcəyini gözləyir. İsrail Ordusu bildirir ki, əməliyyat ABŞ-la koordinasiyalı şəkildə həyata keçirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib ki, İsrail tarixinin “həlledici nöqtəsində”dir. Benyamin Netanyahu qeyd edib ki, əməliyyatın məqsədi “İranın nüvə infrastrukturuna, İranın ballistik raket zavodlarına və İranın hərbi imkanlarına zərbə endirməkdir”. Onun sözlərinə görə, missiya tamamlanana qədər, əməliyyat nə qədər lazımdırsa, davam edəcək.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyin Salami və SEPAH generalı Qulaməli Rəşid, o cümlədən nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Fereydun Abbasi həlak olub. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin İrana hücumlarında ağır yaralanıb.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində Natanzda nüvə obyektində partlayış baş verib. “Ynet” portalı İsrailin rəsmi mənbələrinə istinadən İsrail və İran arasında başlayan hərbi əməliyyatların azı iki həftə davam edə biləcəyi barədə məlumat yayıb.
İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbolfəzl Şekarci bildirib ki, “İran İslam Respublikasının cavab tədbirləri qəti olacaq və düşmən ağır bədəl ödəyəcək”. İran ordusunun rəsmisi İsrailin hücumlarını “ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi” iddiası ilə çıxış edib.
İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei xalqa müraciət edib. Xamenei İsrailin səhər saatlarında İrana hücum etdiyini bildirib. O qeyd edib ki, indi İsraili “ağır cəza” gözləməlidir. İranın Ali Rəhbəri İsrailin hücumları nəticəsində bir sıra komandirlərin və alimlərin öldüyünü bildirib.
İsrailin hava hücumlarıyla əlaqədar Tehrandakı hava limanlarında uçuşlar dayandırılıb. İran hava məkanını növbəti xəbərdarlığa qədər bağlayıb.