AZ

Rəssamlar İttifaqının sədri: Heydər Əliyev məni təhlükədən belə xilas etdi... - MÜSAHİBƏ

BAKI, 11 iyun. TELEQRAF

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fərhad müəllim, mətbuata tez-tez çıxmağı, müsahibə verməyi xoşlamırsız. Bunun səbəbi nədir?

- Çünki çox vaxt eyni sualları verirlər. Ümumiyyətlə, lap əvvəldən, cavanlıq illərimdən müsahibə verməkdən qaçıram. 1973-cü ildə Moskvada açılmış ilk sərgimin təsiri televiziyada, qəzetlərdə özünü göstərirdi və məni bəzi yazıların dərinliyi qane etmirdi. Bu günə qədər demək olar ki, qırx il ərzində mənim haqqımda çıxanları saysam, əlbəttə, yaxşı yazılar, çəkilişlər var. Amma mən istəyən qədər deyil.

İnciməyin, mən öz sənətimə çox kritik yanaşıram, amma bu, ayrı məsələnin mövzusudur. Qeyd etmək istərdim ki, müsahibələrdən qaçmağımın səbəbi çox deyil, əsas səbəblərdən biri tələsiklidi. Görürəm ki, bu, jurnalistikanın əsas xüsusiyyətlərindən biridir. Mən isə tələsməyi heç xoşlamıram. Və buna görə əziyyət çəkirəm.

- İndi tanınmış rəssamsınız, Rəssamlar İttifaqının rəhbərisiniz, keçmişiniz var...

- Artıq işarə vurduğum kimi, mənim ilk sərgim 1973-cü ildə Moskvada açılıb. Gənc idim, cəmi 27 yaşım vardı. O vaxt bu yaşda Moskvada sərgi açmaq hər rəssamın işi deyildi. Sərgi "Yunost" jurnalının qalereyasında baş tutmuşdu.

İlk peşəkar təhsilimi 1961-1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində aldım. Daha sonra 1966-1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində, 1969-1975-ci illərdə isə Moskva Poliqrafiya İnstitutunda təhsilimi davam etdirdim. Yəni Moskvada ilk sərgim nümayiş olunanda tələbə idim. Rəssamlar Cavad Mircavadovla, Kamal Əhmədovla yaxşı münasibətim var idi.

Əslində mənim həyatımı amerikalı yazıçı İrvinq Stounun "Yaşamaq yanğısı" əsəri dəyişdi. Kitab insanın həyatını necə dəyişir - ən yaxşı sübut mənim həyatımdakı bu faktdı. İndiki nəsil təəssüf ki, çox kitab oxumur. Bunun da obyektiv səbəbləri var.

"Yaşamaq yanğısı" məşhur holland rəssam Vinsent Van Qoqun həyatından bəhs edir. Bu kitabı ikinci kursda oxudum və rəssam sənətinə bağlılığım qətiləşdi.

Mənə sual verəndə ki, nə zamandan şəkil çəkməyə başlamısınız, cavabım belə olur ki, elə gözümü açandan. Mən həmişə şəkil çəkmişəm. Məktəbli vaxtımda Pionerlər evində rəssamlıq dərnəyinə yazılmışdım. Bir az gedirdim, xoş olmurdu, dayandırırdım, sonra təkrar qayıdırdım. Amma dərnəyə çox getmirdim.

Rəssamlıqla yanaşı musiqiyə də maraq göstərirdim. Skripka çalırdım. Hətta səhnəyə də çıxdım. Sonralar musiqidən uzaqlaşdım, rəssamlıqsa davam etdi.

Dördüncü sinifdə oxuyurdum, atamla kinoya getmişdik. "İzzət üçün müqəddimə" adlı film bir gənc dirijordan bəhs edirdi və mənə çox təsir etdi. Bacım onda konservatoriyada təhsil alırdı. Kinoteatrdan evə gələn kimi bacıma dedim ki, səhər məni konservatoriyaya aparacaqsan. Konservatoriyada çox məşhur olan professor Amiton musiqi duyumu yoxlayıb dedi ki, səndə ən yüksək "qulaq eşitməsi" var.

Amiton həmin il mənimlə dərs keçməyə başladı. Bilirsiniz, bir vaxtlar bizim təhsil müəsissələrimizə kənardan pedaqoqlar, sənətkarlar dəvət olunurdu. Onlar ənənə yaradır, sonra bu ənənəni yerli kadrlara təhvil verib gedirdilər. Amitonla çox yaxın münasibətimiz yarandı. Ondan musiqi notlarını öyrənib, çalmağa başladım.

Konservatoriyada başqa heç kəsdən heç bir təhsil almırdım, Amiton - vəssalam. O, çox məşhur adam idi və bir il sonra Bakını tərk etdi. Mən bir ildə dörd sinifin proqramını öyrəndim.

Zabitlər evində tələbələrin bir konserti var idi. Orada səhnəyə çıxıb Ridingın əsərini ifa etdim və musiqi fəaliyyətimi bununla da bitirdim. Səhnənin hiss-həyəcanını yaşadım və kifayətləndim.

- Musiqiylə nə üçün vidalaşdınız?

- Artıq Amiton yox idi... Musiqiçi olmaq üçün gərək bu sahəni hərtərəfli öyrənəydim. Mənsə rəsmlə məşğul idim. Amma musiqi bu gün də mənimlədir və kitabla birgə rəssamlığımı yaşadır. Arada özüm üçün fortepiano çalıram.

Əzim Əzimzadədə oxuyanda çox aktiv idim, azad fikirli idim. Məktəbdə Ağabala adlı müəllim var idi, direktor müavini idi. Həm də riyaziyyat fənnindən dərs keçirdi. Bəzən o dərs keçəndə pəncərədən dama çıxıb, işləyirdim. Orada gözəl mənzərələr açılırdı. Mənə irad tutmurdu, bir söz demirdi. Dərs bitənə iki-üç dəqiqə qalmış pəncərədən çağırırdı ki, di gəl içəri, işini qurtarmısan, yaxşıdır.

Bir dəfə dərsdə imtahandan kənar iş görmüşdüm, ona görə mənə "iki" verdilər. Müəllimimiz Mirzəağa Qafarovun sayəsində "iki" qiymətini "üç"ə dəyişdilər. Müəllimlərimiz çox xeyirxah idilər. Onda 15 yaşım var idi. Bir dəfə dolabın içinə girmişdim ki, imtahan qiymətlərini öncədən öyrənim və sinif yoldaşlarıma məlumat verim. O zaman Lətif Feyzullayev dolabı açdı və dedi ki, niyə bura girmisən?

Kamal Əhmədovla Əzim Əzimzadə adına Məktəbdə imtahan zamanı tanış olmuşam və işlərim onun çox xoşuna gəlmişdi. Vaxtında Kamal Əhmədov da "iki" almışdı. Və mənə dedi ki, məktəbli olaraq belə iş görmək olmaz. Cavad Mircavadovla isə orta məktəbdə oxuyanda tanışıydım. Rəsmlərimi Cavad Mircavadov tərifləyərdi.

- Bir məsələni soruşmaq istərdik. Nədənsə rəssam Cavad Mircavadov çox populyarlaşmadı...

- Axı, sovet dövründə populyarlaşa bilməzdi.

- Ötən əsrin 80-ci illərinin sonlarında Cavad Mircavadov geniş publikaya təqdim olundu, o vaxtkı "Gənclik" jurnalında haqqında böyük məqalə yazıldı, televiziyada verilişlər getdi. Amma sonra sanki hər şey bitdi...

- Xeyr, elə deyil. Mən Rassamlar İttifaqına sədr seçilən kimi o, Əməkdar İncəsənət Xadimi fəxri adıyla təltif edildi. Mircadovun ilk sərgisi 1986-cı ildə Moskvada Mərkəzi Rəssamlar Evində baş tutdu. Sərgi çox çətinliklə başa gəldi. O zaman sədr Rəssamlar İttifaqının sədri Yusif Hüseynova bildirdim ki, Cavadın sənəti miniatürlə bağlıdır və heç bir problem yaratmayacaq. Beləliklə, sədr razılaşdı və sərgi baş tutdu.

Bu sərgidən sonra Cavad Mircavadov dünyaya çıxdı. Heydər Əliyev Mikayıl Abdullayevlə birgə onun da adını əbədiləşdirən sərəncam verdi. Bu, qeyri-adi bir hadisə idi. Cavadın adı dövlət səviyyəsində ən yüksək səviyyədə tanındı.

- Sizin Heydər Əliyevlə münasibətiniz necə idi?

- Münasibətlərimiz çox yaxşıydı, Ulu Öndər incəsənəti çox sevirdi. Heydər Əliyevi gənc yaşlarımdan tanıyırdım. Bilirdi ki, mən sovet ideologiyasının adamı deyiləm. Zuğulbada bağ qonşusuyduq.

- Bağ qonşusu?..

- Atam Qurban Xəlilov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədriydi. Düz 16 il Heydər Əliyevlə Zuğulbada qonşulquda yaşamışıq. Mən bağ evimizi emalatxanaya çevirmişdim. Onda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. İdeoloji baxımdan çox mürəkkəb zaman idi. Həmişə bu fikirdə olmuşam ki, Heydər Əliyev çox xoşbəxt adamdır, müstəqil Azərbaycanda yaşamaq qisməti oldu. Bütün vətənpərvər insanlar kimi sovet dövründə o da sıxılmış vəziyyətdəydi. Amma hər şeyə nail oldu. Heydər Əliyev çox insanı çətin vəziyyətdən qurtarmışdı. Mənim özümü də çətinlikdən xilas edib.

Bir hadisəni danışım. 1970-ci illərin əvvəllərində Bakıda rəssamların böyük sərgisi təşkil olunmuşdu. Həmin sərgidə mənim “Çağırış” adlı rəsm əsərim nümayiş etdirilirdi. Adətən, belə ümumrespublika sərgilərinə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev və büro üzvləri əvvəlcədən baxış keçirirdilər.

Sərgiyə baxış zamanı Azərbaycan SSR DTK-nın sədri Vitali Krasilnikov əsərimə işarə edərək büro üzvlərinə sual verir ki, “bu rəssam bu əsəri ilə hansı çağırışı edir?!”

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev peşəkarcasına Krasilnikovu fikrini bu məsələdən ayırır. Buna bxamayaraq sərgiyə baxış qurtaranda sonra ikinci dəfə bütün büronun üzvlərini mənim əsərimin qarşısına dəvət edir ki, bu rəssamın əsərini ayırd edək. Bu əsərdə çağırış nəyədir?

Hadisəni mənə sərgidən rəngi ağarmış çıxan Tahir Salahov danışıb. Deyir, Heydər Əliyev söhbəti elə ustalıqla apardı, mövzunu elə dəyişdi ki, sual cavabsız qaldı.

Deyim ki, "Çağırış" rəsmi həcmcə də maraq yaradan əsəriydi, yazıçılara, incəsənət adamlarına, publikaya çox təsiri oldu.

- Bəs məsələ qəlizləşsəydi nə ola bilərdi?

- Bu, artıq siyasi məsələ olardı. Əlbəttə, məni həbs etməzdilər, amma adımı “qara siyahı”ya salardılar. Əsəri sərgidən çıxarardılar, Moskvadan Bakıya qədər hər addımımı izləyərdilər.

Heydər Əliyev sovet dövrünün pis vaxtında tək məni yox, bir çox yazıçıları, şairləri, incəsənət xadimlərini qorumuşdu. Bu, onun ən vacib xüsusiyyətlərindən biri idi. Onun çox böyük səbət zövqü var idi. Qeyri-adi sənət əsərlərinə xüsusi diqqət yetirirdi. Eyni zamanda klassik üsluba daha yaxın idi. Bu da onun sənət baxımından zənginliyini göstərir.

- Atanız Qurban Xəlilov Azərbaycan rəhbərliyində siyasi elitada təmsil olunurdu, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi ilk üçlükdəydi. Əslən bakılıydı?

- Yox, Cənubi Azərbaycandandır. 1906-cı ildə Ərdəbildə doğulmuşdu. Altı yaşında nənəsi ilə birlikdə Bakıya gəlmişdilər. Sonralar ailəsi də buraya köçür. Atam beş dəfə "Lenin" ordeni ilə təltif olunmuşdu.

Müharibə başlayanda atam komissarlığa gedib, müharibəyə yollanmaq üçün yazılmışdı. Gedəcəyi hərbi hissənin nömrəsi də təyin edilmişdi. Mir Cəfər Bağırov bunu biləndə atamı yanına çağırır ki, sən iki zavodun rəhbərisən, hara gedirsən?
Məcbur olub Moskvaya zəng edir ki, atamın müharibəyə getməsinin qarşısını alsın. Beləcə atamı geri qaytarırlar.

- Atanız Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsinə Heydər Əliyevin dövründə təyin olunur, eləmi?

– Bəli, 1969-cu ildə... Atam on il Maliyyə naziri olub. 1969-cu ildə Heydər Əliyev atamı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə irəli çəkdi.

- Öncədən Heydər Əliyevlə atanızın tanışlığı vardı?

- Bəli, Heydər Əliyev atamı tanıyırdı. Ona görə ki, atam Maliyyə naziri, Heydər Əliyev KQB-nin sədriydi. Dövlət tədbirlərində birlikdə iştirak edirdilər. KQB sədri olduğuna görə Heydər Əliyevin hər kəs barədə məlumatı olurdu. Atamı yaxşı tanıyırdı: işgüzarlığını, təcrübəsini və ən əsası – təmizliyini.

Atam 1985-ci ilə qədər bu vəzifədə çalışdı. 1983-cü ildə Heydər Əliyev Moskvaya gedəndə atam söhbətində deyirdi ki, "bu yeni rəhbərliklə Heydər Əliyevdən sonra çox işləyə bilməyəcəm”. 1985-ci ildə 79 yaşında təqaüdə çıxdı. 93 il ömür sürdü.

- Rəssam olmağınıza atanızın münasibəti necə idi?

- Atamın övladlarına münasibəti çox yaxşıydı. Heç vaxt bizə əl qaldırmamışdı. Amma sözünün kəsəri vardı. Həmişə düşünürdüm ki, məni vursun, amma danlamasın.

Bir dəfə mənə dedi ki, bəlkə memarlığa gedəsən? Dedim, xeyr, rəssamlığa gedəcəm. Atamın bir məsləhəti heç vaxt yadımdan çıxmadı. Hiss etmişdi ki, Moskvada Stroqanov Rəssamlıq Məktəbindən çıxa bilərəm. Mənə dedi ki, nə edirsən et, amma ali təhsilli ol. Sonra Stroqanovdan çıxıb Moskva Poliqrafiya İnstitutunda təhsilimə davam etdim.

- Rəssam kimi ilk fəaliyyətə "Muzkomediya"da - indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında başlamısız. Niyə "Muzkomediya"?..

- Birincisi, Musiqili Komediya Teatrı çox maraqlı və canlı mədəniyyət məkanı idi. İkincisi, mən həmişə maddi baxımdan müstəqil olmağa çalışmışam. Bu teatra düzələndə hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyurdum. Hələ 16 yaşım tamam olmadan teatrda işə başlamışdım.

- Uzun müddətdir, 1987-ci ildən bəri Rəssamlar İttifaqının sədrisiniz. Bu necə baş verdi?

- Mən Rəssamlar İttifaqının sədri seçiləndə inqilab olmuşdu. SSRİ-nin mərkəzi hökumətində demişdilər ki, Bakıda inqilab baş verib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov iki gün bizim qurultayda oturmalı oldu. Rəssamlar İttifaqının rəhbərliyinə iki namizəd var idi. Biri "onlar"ınydı, biri də müstəqil, azad rəssamların...

Rəssamlar İttifaqının yerli partiya təşkilatı Tokay Məmmədovun, azad rəssamlar isə mənim namizədliyimi irəli sürmüşdülər. O vaxt partiya təşkilatı kimi təklif edirdisə, o da sədr seçilirdi. Amma bu dəfə fərqli oldu, birinci katib də heç nə edə bilmədi. Beləliklə, mən çox gərgin keçən rəqabət şəraitində, iki gün davam etmiş qurultayda Rəssamlar İttifaqının sədri seçildim.

Doğrusu, Kamran Bağırov yaxşı insan idi, mənə dedi ki, sənə işləmək çətin olacaq. Mən də cavab verdim ki, düz deyirsiniz, məni seçənlərə cavab verməliyəm.

İttifaqa sədr seçildikdən sonra atamın yanına gəldim. Onda iki il idi ki, təqaüdə çıxmışdı. Gözündən iki damla yaş axdı. Sevindi ki, nəslimizin adı cəmiyyətdə səslədir. Qeyd etdiyim kimi mən sədr seçiləndə cəmiyyətdə böyük-səs küy yarandı. Bu, keçmiş sovet mühitində qeyri-adi bir hadisə və qurultay idi.

(Müsahibənin davamı var).

Foto: Elnur Muxtar

Seçilən
22
50
teleqraf.com

10Mənbələr