AZ

Məşhur fotodakı mühafizəçi: "Heydər Əliyev dedi ki, mənə görə sizi də öldürəcəklər" - MÜSAHİBƏ

Azərbaycan xalqının Milli Qurtuluş Günü 1997-ci ildən qeyd olunur. Milli Qurtuluş Günü 1993-cü ilin 15 iyununda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsini ifadə edir. Heydər Əliyevin təyyarə trapında göründüyü anı kameranın və tarixin yaddaşına həkk edən bir foto var. Bu fotoda Ulu öndər arxasında duran şəxs isə onun mühafizəçisi Əmir Hüseynovdur. Hadisələrin üzərindən 32 il keçsə də o, indiyədək mətbuata müsahibə verməyib.

“Teleqraf” İnformasiya Agentliyinin əməkdaşları Əmir Hüseynovla görüşüb, söhbətləşiblər. Onunla müsahibəni təqdim edirik.

- İstəyərdik ki, Sizi yaxından tanıyaq...

- Hüseynov Əmir Şirzad oğlu, 1960-cı ildə Naxçıvanda anadan olmuşam. Kasıb bir ailədə dünyaya göz açmışam. Atam fəhlə idi, anam da süpürgəçi işləyirdi. Bizə ürək, dayaq verən, milləti xalqı sevməyi öyrədən atam olub. Atam deyərdi ki, dünyada torpaqdan əziz nemət yoxdur. Torpağa sevgisi olmayanın ata-anaya da sevgisi olmaz. Mən torpağımın hər qarışını, qara daşını da sevmişəm. Əsgərlikdən gələndən sonra 22 yaşımdan etibarən Naxçıvanda dərzi işləyirdim. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda dərziliyi atıb cəbhəyə getdim.

Heydər Əliyevin arxasındakı şəxs Əmir Hüseynovdur.

Qoşalülədən atırdıq ki, erməni elə bilsin döyüşçülər var

- Hansı döyüşlərdə iştirak etdiniz?

- Sədərəkdə, Babəkin Buzqov kəndində... Ağır döyüşlər idi. Silahımız yox idi. Qoşalülədən atırdıq ki, silah səsi eşidilsin, ermənilər elə bilsin, burada çoxlu adam var, silah var, döyüşçü var. Erməni “qrantamyot”la, raketlə gəlirdi, biz də onların qarşılarına qoşalülə ilə çıxırdıq.

Dedilər, Heydər Əliyevi qorumaq lazımdır

- Söhbət hansı illərdən gedir?

- 1988-ci ildən Naxçıvanda ağır dövrlər başlamışdı. Köçkünlər gəlirdi. Mən danışıram 1990-1991-ci illərdəki döyüşlərdən. 1990-cı ilin sonlarında Ulu öndər Heydər Əliyev Naxçıvana gəldi. Uşaqlarla oturmuşduq. Dedilər ki, Heydər Əliyevi qorumaq lazımdır. Yanvarın 18-də Naxçıvanda dağdakı döyüş...

- Hansı döyüş?

- 1990-cı il, 20 Yanvar hadisələrindən iki gün qabaq Sədərəkdə döyüşlər oldu. Ruslar ermənilərə kömək edirdi. Vəziyyət gərgin idi. Ermənilər raketlə yolları vururdu ki, yol bağlansın, köməyə gələn olmasın. Əliboş idik, silahımız yox idi. Ocür də döyüşə gedirdik. Gedirdi ki, silah tutan yoldaşlardan vurulan olsa, silahı biz götürüb döyüşək.

Dedim, sən atmasan, mən səni vuracam

- Siz də döyüşürdünüz?

- Mən qərargahda idim. Gələn qüvvələrin yerləşdirilməsinə baxırdım. Oturmuşdum, birdən gördüm ki, yer-göy qıpqırmızı qızardı, hər tərəf qıpqırmızı oldu Düşündüm, görəsən nə oldu? Çöldə də dizdən qar var idi. Əlimi qapıya atdım ki, bayıra çıxım, böyrümdən raket keçib içəri girdi. Zərbə məni bayıra atdı. Betona dəyib yıxıldım. Ayağa durub qaçmaq istədim, içəridəkilər yadıma düşdü. Qayıdıb baxdım ki, birinin ayağı yoxdu, birinin qarnı parçalanıb. Dəhşətli mənzərə idi. Məmməd vardı, qarnı parçalanmışdı, bağırsaqları çöldə idi.

Yaralıları xəstəxanaya göndərəndən sonra mən topçuların yanına getdim. Topçu da Qarabağlar kəndindən Vaqif idi. Dedim ki, siz niyə vurmursunuz? Dedi bizə yuxarıdan göstəriş veriblər. Dedim, ay bədbəxt, camaat qırılır e.Üst-başım da qan içindəydi. Dedi ki, göstəriş var, vura bilmərəm. Yanımdakı uşaqların əlində silah vardı, silahı çəkib aldım, tuşladım buna. Dedim, sən vurmasan, mən səni vuracam. Göyə atəş açdım, dedim ikincini sənə vuracam. Beləcə topdan atəş açdırmağa nail oldum. Üç dənə top atdı. Bizim topları qoyduğumuz yerin Türkiyə ərazisinə tərəf idi, elə bil ki, arxamızda Türkiyə idi.Biz top atanda ermənilər elə biliblər ki, atan türklərdi. Başladılar qaçmağa. Elə bildilər, türklər gəlir.

Sakitlik çökəndən sonra şəhərə qayıtdım. Vəziyyəti danışdım. Hamı başladı ki, mən də orda idim. Məəttəl qaldım. Dedim, a kişi, necə orada idin? Mən səni orda görmədim. Nəyisə. Xoşuma gəlmədi. Dedim ki, mən döyüşdən ayrılıram, belə yerdə döyüşə bilmərəm. Oqtay Baxşəliyev vardı, onunla bir yerdə idik. Oturduq söhbətləşdik, dedim mən qayıdıram. Onda o dedi ki, bəs, bir iş var. Soruşdum nədir? Dedi ki, Heydər Əliyevi qorumaq lazımdır. Dedim mən hazıram.

Heydər Əliyev üç ay bizi qəbul etmədi

- Heydər Əliyev onda Ali Sovetin sədri deyildi hələ, düzdür?

- Bəli, deyildi. Xəstələnib Naxçıvana gəlmişdi. Moskvadan gəlmişdi. Ordan durub getdik Heydər Əliyevin yanına. Heydər Əliyev 3 ay bizi qəbul etmədi.

- Niyə qəbul etmirdi?

- Deyirdi, lazım deyil. Bir də deyirdi ki, mən sizi dolandıra bilmərəm.

-Bəs neynədiniz?

- Əl çəkmədik. Dedim ki, mən sizə təmənnasız işləyəcəm. Rəhmətliyə “dayı” deyə müraciət edirdim. Pul-zad lazım deyil. Nəhayət, razılaşdı. Sonra Bakıya sessiyalara gəlməyə başladıq.

- Neçənci il idi?

- 1991-ci il.Prezident Ayaz Mütəllimov idi. Elmira Qafarova da Ali Sovetin sədri. Deməli, sessiyalara gələndə dedi ki, gedək Şəhidlər xiyabanına. Oradan evə qayıdanda Heydər Əliyev dedi ki, bala, bilirsiniz ki, vəziyyət qarışıqdı, hər dəqiqəmiz ölümdü. Mənə görə sizi də vuracaqlar. Mən də dedim ki, vursunlar. Mən ölməliyəm, ancaq sonra səni öldürə bilərlər. Canım bahasına sizi qorumağa varam dedim.

Deyirdilər ki, keçmiş KQB agentisiniz

- Heydər Əliyev həmin dövrdə harada yaşayırdı?

- Cəlal müəllimin (Cəlal Əliyev-red.) evində. Yanına çox adam gəlirdi. Amma o, heç kimlə görüşmək istəmirdi. Heç kimi qəbul etmirdi. Qardaşı Aqil Əliyevi, bacıları ilə də görüşmək istəmirdi. Deyirdi, istirahət etmək istəyirəm. Hə, sessiyalara gedib-gəlirdi. Orada da bilirsiniz də, ona danışmağa imkan vermirdilər. Biri yerə təpik vururdu, biri qışqırırdı. İmkan vermirdilər ki, sözünü desin.

- Bir müsahibədə oxumuşdum ki, Bakıya gələndə əyninizə geyinməyə kürk olmayıb, kimdənsə köhnə kürk almışınız, deyəsən.

- Hə. O vaxt dağda paltom qana batmışdı. Qanı da təmizləmək olmurdu axı. Tələsik çıxırdıq. Əynimdə qalın bir şey yox idi. Uşaqlara dedim mənə üst geyimi verin. Heydər Əliyevə deyə bilməzdim axı ki, gözləyin, gedim özümə paltar alım. Elə oldu. Uşaqların biri kürkünü verdi, geyinib gəldim.

- Ali Sovetə qayıdaq...

- Hə, Ali Sovetdən qayıtdıq, Cəlal müəllimgilə gəldik. Cəlal müəllim dedi ki, zəng gəlib. Heydər Əliyev soruşdu kim idi? Dedi, Moskvadan Kryuçkovdur. (Vladimir Kryuçkov 1988-1991-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi-red.) Bu məqamda yenə zəng gəldi. Heydər Əliyev dəstəyi götürüb dedi ki, nə var, nə istəyirsiniz? İmkan verməyəcəksiniz, vətənimdə də dinc oturum? Deyəsən, telefonda dedilər ki, səni də aradan götürərik. Heydər Əliyev dedi ki, mən ölümə hazıram, amma gedib sözümü deyəcəm, heç kimdən qorxmuram, nə edirsiniz edin. Bunları deyib dəstəyi asdı. Sonra mənə dedi ki, bala, siz gəlməyin, yarım saata qayıdacam. Soruşdum ki, nə oldu? Dedi ki, bala, bunları tanımırsınız, bunlar hamımızı öldürərlər. AMAY Abdulla (məşhur iş adamı Abdulla Abdullayev-red.) ilə mən, ikimiz idik yanında. Yenə dedik ki, biz də gəlirik. Nəysə, getdik. Gördük “speznazı” töküblər ora. Bizim də üstümüzdə silah vardı. İcazə olmasa da, silah gəzdirirdik.

Etibar Əhmədovun heç yerdə adı yoxdur

- Hara getdiniz bəs?

- Ali Sovetin qarşısına. Orada olub bu hadisə. Biz də girdik izdihamın içinə. İzdiham aralandı, mən də avtomatı çəkmişəm qabağa, dar ayaqda atacam. Bizi içəri buraxmadılar. Dövlət idarəsi idi, biz də qeyri-rəsmi mühafizəçilər idik. Heydər Əliyev kürəkəni Mahmud Məmmədquliyevlə keçdi içəri. Biz də silahları ötürdük başqalarına ki, yoxlayıb tutmasınlar. Bizi müşayiət edən də Etibar Əhmədov idi. Nazirlər Soveti sədrinin müavini Fikrət Əhmədovun qardaşı. Fikrət Əhmədovun oğlu Riad Əhmədov Şuşanın Daşaltı kəndində şəhid oldu, Milli Qəhrəman adını aldı.Etibar Əhmədov Suraxanıda polis idarəsində işləyirdi. O adam “paqon”u, işini hər şeyi kənara atıb Heydər Əliyevin yanında dayanmışdı. O adamın heç yerdə adı da yoxdur. Halbuki, Heydər Əliyevi qorumaq üçün hər şeyi kənara qoymuşdu. Polkovnik idi. Nəyisə, gəldilər bizi yoxladılar, silah zad tapılmadı, buraxdılar.

Moskvaya gedib partiya biletimi atmalıyam

- Bu hadisə konkret nə vaxt baş verib?

- 1991-ci ilin martında. Günü dəqiq yadımda deyil. Heydər Əliyev Ali Sovetə getdi, sözünü dedi, gəldi. Gəldi dedi ki, sözümü dedim. İndi Naxçıvana getməliyik. Bakıda çox qalmaq istəmirdi. Amma xalq da ayağa qalxmışdı artıq o illərdə, Heydər Əliyevi müdafiə edirdilər. Nə isə, qayıtdıq yenə Naxçıvana.

İyun ayı idi, Ulu öndər dedi ki, Moskvaya gedib partiya biletimi atmalıyam. Dedik ki, buradan da ata bilərsən. O da cavab verdi ki, “yox, bileti orada atanda bütün dünyaya bəyan olacaq ki, Heydər Əliyev gəldi Kommunist Partiyasının biletini atdı”. Beləcə, getdik Moskvaya. Heydər Əliyevə orada Nazirlər Kabinetinin işçilərinin yaşadığı binadan ev verilmişdi. Ora getdik. Heydər Əliyev orda, biz də Azərbaycan nümayəndəliyinin otelində qalırdıq. İlham Əliyev də o vaxt müəllim işləyirdi. KQB-nin əməkdaşları binanı mühafizə edirdi. Bizim öz uşaqlarımız da gizli mühafizə etmişdilər. Heydər Əliyevi sevənlər çox idi. Onlar da kənardan nəzarət edirdilər. Moskva ermənilərlə dolu idi. Təxribat törədə bilərdilər. Moskvada qarışıq proseslər gedirdi, nə baş verdiyini biz bilmirdik. Biz Moskvada parkda gəzəndə camaat onun başına yığışmışdı. Ruslar deyirdilər ki, Heydər Əlirzayeviç, sizi rəhbər görmək istəyirik. Bilirsiniz, orada da onun sevənləri çox idi. Böyük adam idi. Biz hələ uzun illər sonra Heydər Əliyevin kim olduğunu tam mənasıyla dərk edəcəyik. Dahi, təkrarsız insan idi.

Erməni həkimi vurdum

- Moskvada nə qədər qalmışdınız?

- İki ay. Bizi Azərbaycan nümayəndəliyinin mehmanxanasından çıxardılar. Getdik başqa mehmanxanaya. Orada möhkəm xəstələndim, sətəlcəm oldum. Təcili yardım çağırdılar. Gələn həkim erməni idi. Məni arabada aparırdılar, yeriyə bilmirdim. Getdik xəstəxanaya çatdıq. Abdulla yanımda idi, amma onu içəri buraxmadılar. Gördüm, həkim o biri həkimə deyir ki, bunlar erməniləri necə vurublarsa, mən də indi bunu o cür öldürəcəm.

- Bu sözləri hansı dildə dedi?

- Rus dilində. Rus dilində danışırdılar. Elə bil, o an mənə ilahi bir güc gəldi. Ayağa durub erməni həkimi vurdum. Ara qarışdı. Dedim, mən burada yatan deyiləm. Təcili yardımla gələni də xəstəxanadan buraxmırdılar. Dedim mümkün deyil, mən burda qalan deyiləm. Axırda dedilər ki, bircə yolu var – dilindən kağız almalıyıq. Mən də yazdım, qol çəkdim ki, özüm istəyimlə çıxıram. Buraxdılar, qayıtdıq mehmanxanaya. Heydər Əliyev zəng eləyəndə vəziyyəti danışdıq. Başqa həkim göndərdi. O həkim məni çox yaxşı müalicə etdi...

- Sonra hansı hadisələr baş verdi?

- Biz qayıtdıq Bakıya, avqust ayının 18-i idi. Biz Bakıya düşəndə dedilər ki, Moskvada DFVK qiyamı (Rusca: QKÇP qiyamı. 1991-ci ilin 18 avqustunda Qorbaçov əleyhinə çevriliş cəhdi) Heydər Əliyev Mahmud Məmmədquliyevdən soruşdu ki, “sən bilirdin”, o da dedi “bilmirdim”. Bir az sonra Naxçıvandan xəbər gəldi ki, Heydər Əliyev Naxçıvana qayıtmalıdır, Naxçıvanda seçki olacaq və o, Naxçıvan Ali Sovetinin sədri olmalıdır. Heydər Əliyev dedi ki, getmirəm. Sədr olmaq istəmirəm. Getmək istəmirdi. Dalbadal zənglər gəlirdi. Çağırırdılar.

Bayrağı təsdiqlədi

- Kim zəng edirdi, çağıranlar kimlər idi?

- Zəng edən Qafar Məmmədov idi. Heydər Əliyev razılaşmırdı. Axırda Naxçıvandan dedilər ki, yanında olanda zəng et, özüylə danışaq. Yanında olanda zəng etdilər, danışdılar. Heydər Əliyev dedi ki, “o şərtlə gəlirəm ki, namizədliyimi tək verməyəcəksiniz. Sonra deməsinlər ki, Heydər Əliyev yeganə namizəd idi və alternativsiz seçildi. Gəldik Naxçıvana. Əvvəlcə, üçrəngli bayrağı təsdiqlədi. (Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının 17 noyabr 1990-cı ildə dövlət bayrağı kimi qəbul edilməsindən gedir.-red.) Heydər Əliyev mənə dedi ki, bir azdan bayraq haqqında qərarı qəbul edəcəm. Ona dedim ki, onda icazə ver, gedim bayraqları asım. “Get” dedi.

- Bayraqları hara asdınız?

- Nazirlər Soveti ilə Şəhər Sovetinin üstünə asdım. Ali Sovetin üstünə asa bilməzdim çünki hələ qərar qəbul edilməliydi. Gəldim dedim ki, bayraqları taxmışam. Dedilər, bayrağı gətirin. Bayrağı yuxarı Fərəməz Allahverdiyev apardı. Bayraq haqda qanunu təsdiqlədilər. Qərar qəbul olundu. Heydər Əliyev dedi ki, bu gündən Azərbaycanın üçrəngli bayrağı budur. Bayrağın üstündəki işarələri, rənglərin izahını verdi.

- Bəs Bakıya nə vaxt gəldiniz?

- 1992-ci il idi. Heydər Əliyev dedi ki, mən buradan çıxıb getsəm, sizin gününüz necə olacaq? Mən də dedim ki, “Necə olmalıdır ki, mənim əlimdə sənətim var. Dünyanın harasında olsam iynə-sap əlimdə, bir iş taparam”. Soruşdu ki, dərzisən? Mən o vaxta qədər dərzi olduğumu deməmişdim ona. Bilmirdi. Rəhmətlik balaca qardaşım da dərzi idi. Heydər Əliyevin paltarlarını həmişə aparırdım, qardaşım tikirdi.

- Qardaşınız Heydər Əliyev üçün paltar tikirdi?

- Yox, paltar tikdirmirdi düzəltdirirdi. Nəsə bir problem olanda, nəyisə düzəltmək lazım olanda aparırdım, qardaşım edirdi. Onun bir xüsusiyyəti vardı ki, şıq görünməyi sevirdi. Amma təzə paltar almağı, geyinməyi xoşlamırdı. Əyninə rahat olan geyimlərindən əl çəkmirdi. Həmişə də səliqəli görünməliydi.

- Hə, Bakıya gəlməyinizdən danışırdıq...

- Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranma tədbiri vardı. Ora iclasa getdik, qayıtdıq evə. Orada yenə Bakıdan gələnlər Heydər Əliyevi ora çağırırdılar. Amma o, getmək istəmirdi. Ali Sovetə girirdik, dedi ki, Əmir, ABŞ səfirliyindən gələcəklər, onları qəbul edərsən. Onda bir xüsusiyyət vardı, gələn qonağın birbaşa otağa girməsini istəmirdi. əvvəlcə qonaqlarqarşılanıb otağa yerləşdirilirdi, sonra o gəlib görüşürdü. Nə isə. Mən getdim bunları qarşıladım, gətirdim.

Amerikadan Naxçıvana yardımlar gəldi

- Amerika səfirliyindən nə məqsədlə gəlmişdilər?

- O vaxt prezident Bill Klinton idi. Heydər Əliyev onun ad gününə təbrik teleqramı göndərmişdi. Ondan 3-4 gün sonra idi. Klinton Bakıdan səfirliyin nümayəndələrini Naxçıvana göndərdi. Nümayəndələrin gəlişindən on beş gün sonra isə Amerikadan Naxçıvana yardımlar gəlməyə başlamışdı.

Hə, səfirlik gələndə Heydər Əliyev dedi ki, mənə tərcüməçi lazımdır. O vaxt da Ali Sovetin müavinləri seçilmişdi. Müavinlər də Rəşid Həsənovla Qafar Məmmədov idi. Mən də dedim ki, bəs Qafar Məmmədov ingilis dili müəllimidir. O da qayıtdı ki, Qafar bildiyi qədər mən də bilirəm də ingilis dilini. O müəllimdir. Mənə tərcüməçi lazımdır. Mən bilmirdim axı. Nə biləydim? Elə bilirdim müəllimlə tərcüməçi eyni şeydir.

- Bəs tərcümə məsələsi necə oldu?

- Qafarla köməkləşib həll etdilər. Özü də bilirdi. Qafar da kömək etdi. Səfirlik özü də tərcüməçi gətirmişdi. Həə. Sonra Naxçıvanda yenə vəziyyət qarışdı. Xalq cəbhəsi Daxili İşlər Nazirliyini, televiziyanı nəzarətə götürmək istəyirdi. Siyavuş Mustafayev məsələsi filan...

- Siyavuş Mustafayev həmin vaxt hansı vəzifədə idi?

- Heydər Əliyev onu idman naziri qoymuşdu. 24 yaşı vardı. Bakıdan isə onu daxili işlər naziri etmək istəyirdilər. Heydər Əliyev Siyavuşun xətrini çox istəyirdi. Gecə saat 1-də Siyavuşu qəbul etdi. Dedi ki, bala, daşı ətəyindən tök, Daxili İşlər Nazirliyi sənlik deyil. O da dedi ki, yox, Bakıdan istəyirlər, mən də işləyə bilərəm. Heydər Əliyev deyib ki, mən də qol çəkmirəm. Siyavuş çıxdı bayıra. Mən Siyavuşa dedim ki, biz dostuq, elədir? Dedi hə. Dedim sabah mən bir hadisə törətsəm, məni tuta biləcəksən? Qayıtdı ki, yox. Dedim ki, Heydər Əliyev də buna görə deyir ki, daxili işlər naziri vəzifəsi sənlik deyil. Siyavuş da dedi ki, yox ey, işləyəcəm.

- Yəni, Siyavuş Mustafayevi cəbhəçilər daxili işlər naziri elədi?

- Bilirsiniz, mən “cəbhəçilər” sözünü qəbul etmirəm. Nə cəbhə? Cəbhə döyüşdə olur. Xalq hərəkatı idi.

Heydər Əliyev ona dedi ki, Bakıya getmə

- Əmir bəy, bəs o vaxt daxili işlər naziri kim idi?

- Mamed Xeyrullayev idi. Heydər Əliyev ona çox dedi ki, Bakıya getmə. Amma o qorxurdu. Heydər Əliyev dedi ki, çıxma işdən, mən qol çəkməsəm heç kim səni işdən çıxara bilməz. Amma Məmməd Xeyrullayev xəstə idi, dedi qorxuram, çıxıb getdi. Yer boş qaldı. Tahir Allahyarovu nazir qoydular, Siyavuş da müavin oldu. Heydər Əliyevi də çağırırdılar. Elçibəy təklif etmişdi ona ki, gəl Bakıya. bir neçə dəfə İsa Qəmbər də çağırmışdı.

- Bu söhbətlər sizin yanınızda olub hamısı?

- Heydər Əliyev mənə hər şeyi deyirdi. O bilirdi ki, xalq hərəkatında olmuşam. Elçibəylə də yaxın olmuşam. 1988-ci ildən Elçibəylə tanış idik. Xalq hərəkatında tanış olmuşduq. Hərəkatdan kimsə nəsə edəndə, bir hadisə olanda, mənə deyirdi ki, “budey, bu da səninkilər”. Deyirdim ki, mənim nə günahım var? Mən sizin yanınızdayam burada. Bir əhvalat da danışım...

- Buyurun...

- Hə, bir dəfə qrip idi. Qripi ağır keçirirdi. Qripə qarşı da çox həssas idi. Deyirdi, qrip adamları yanıma buraxmayın. Sənubər xanımınevində idik. Sənubər xanım da Heydər Əliyevin bacısı Surə xanımın qızı, Vasif müəllimin qaynanası idi. Evdə ikimiz idik. Başqa heç kim yox idi. Uzanmışdı, qızdırması da qırxa qalxmışdı. Tərin içində idi. Mən də dayanmışdım başının üstündə. Özündə deyildi. Mən o adama o qədər bağlı idim, elə vurğun idim ki... O an ağlamışam. Göz yaşım da düşüb onun alnına. Özümün xəbərim olmayıb, ha. Bunu mənə rəhmətlik Heydər Əliyev dedi...

Hə, mən işdən çıxanda Heydər Əliyev dedi ki, oğul, hara gedirsən, sən başqa cür adam olmusan. Mən xəstə olanda yanımda heç kim olmayıb, sən olmusan. Mən qızdırma içində yatırdım, sənin göz yaşın mənim alnıma düşüb. Təsəvvür edirsiniz? Qırx dərəcə qızdırma, özündə olmayan adam. Ancaq bunu xatırlayırdı, unutmamışdı. Görün necə həssas bir adam idi. Dedi ki, mən bunu unuda bilmərəm. Dedim ki, yox, mən qala bilmərəm. İşləyə bilməyəcəm. Bir dəfə də ona demişdim ki, birdən sənə gəlib mənim haqqımda nəsə deyərlər. Deyərlər, Əmir bunu elədi, Əmir kimdənsə rüşvət aldı. O dəqiqə məni çağırın. Qapının ağzındayam. Dedi ki, “səndən mənə bilirsən nə qədər söz gəlib deyirlər? Mən heç birinə inanmıram. Amma gəlib desələr ki, Əmir kimisə vurub, bax ona inanaram. Bilirdi məni, tanıyırdı məni.

Ardı var.

Foto: Elnur Muxtar

Seçilən
64
50
teleqraf.com

10Mənbələr