AZ

Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait artırıla bilər

Son vaxtlar cəmiyyətdə, o cümlədən müəyyən qurumlarda dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin azlığı ilə bağlı müzakirələr aparılır. Məlum olduğu kimi, 2018-ci ilədək 1 saata görə dövlət hesabına ödənilən vəsait təxminən iki manat təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həmin ildən sonra Nazirlər Kabineti tərəfindən bu məbləğ dəyişdirilib üç dəfəyədək artırıldı. Hazırda bu məbləğ 6 manat təşkil edir. Lakin 2018-ci ildən indiyədək həmin məbləği dəyişilmədən saxlanılıb, yəni indeksasiyaya uğramayıb, inflyasiyaya uyğun olaraq həmin məbləğ artırılmayıb.

Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Anar Bağırovun sözlərinə görə, 2023-cü il iyulun 26-da Mülki Prosessual Məcəlləyə əlavə və dəyişiklərin edilməsi ilə bağlı dövlətimizin başçısının təsdiqlədiyi müvafiq qanuna uyğun olaraq Nazirlər Kabinetinə məsələnin öyrənilməsi məqsədilə tapşırıqlar verilib. Vəkillər Kollegiyası bu prosesdə fəal iştirak etdi və müvafiq dövlət qurumlarına həmin məsələnin hərtərəfli təhlili ilə bağlı təkliflər təqdim olundu. Hazırda işçi qaydada aidiyyəti dövlət qurumlarında bununla bağlı müzakirələr aparılır.

“Vəkillər Kollegiyasının bu məsələdə mövqeyi ondan ibarətdir ki, Azərbaycanda dövlət hesabına hüquqi yardıma görə hər saata görə ödənilən vəsait reallığa artıq cavab vermir. Belə ki, 2018-ci ildən indiyədək bütün digər sahələrdə məvaciblər artırılıb. Hesab edirəm ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən də vəsait də artırılmalıdır.

Ümumiyyətlə, bəzən insanlar yanlış olaraq düşünürlər ki, dövlət hesabına hüquqi yardımın göstərilməsi vəkillərin vəzifəsidir. Düzdür vəkillər bu işi layiqincə yerinə yetirirlər. Hər halda yaxın zamanda dövlət hesabına ödənilən vəsaitin 2018-ci ildən indiyədək olan inflyasiya və müvafiq indeksasiya nəzərə alınmaqla artırılması məqsədəuyğun olardı. Zənnimcə, bu vəkillərin motivasiyasına çox yaxşı təkan verəcək”, - deyə Anar Bağırov diqqətə çatdırıb.

Seçilən
526
2
xezerxeber.az

10Mənbələr