AZ

“Hizbullah” lideri Nəsrullahın çıxışında İran detalı: Tehran geri addım atır?

Livan Hizbullahının lideri Şeyx Həsən Nəsrullah ötən gün sükutunu pozdu. Belə ki, o, döyüşdə ölənlərin xatirəsinin yad edilməsinə həsr olunan tədbirdə bildirib ki, HƏMAS İsrailə hücum əməliyyatını onlardan da gizli saxlayıb. Bundan başqa o, “Hizbullah”ın bir neçə həftə ərzində İsraillə döyüşdə 50 silahlısını itirdiyini deyib. Diqqətçəkən əsas məqam Nəsrullahın İranın adını çəkməməsi olub.

Maraqlıdır, “Hizbullah” lideri nə üçün İran adını çəkməyib. Ümumiyyətlə “Hizbullah” HƏMAS-İsrail müharibəsinin tərəfi olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, “Hizbullah” lideri Həsən Nəsrullah ötəngünki çıxışında rəhbəri olduğu təşkilatın İsraillə genişmiqyaslı müharibəyə başlayacağına dair cümlə işlətmədi:

“Halbuki, “Hizbullah” İsrail ərazisinə birdən çox zərbə endirib. Öz növbəsində İsrail ordusu da Livan ərazisində “Hizbullah” mövqelərinə zərbələr endirib. Yəni faktiki olaraq “Hizbullah” ilə İsrail arasında müharibə gedir.

Elxan Şahinoğlu

Bunu sübut edən bir digər fakt da İsrailin Livanla sərhəddəki kəndlərin əhalisini daha təhlükəsiz yerlərə köçürməsidir. Bu, bölgədə toqquşmaların davamına işarədir.

Həsən Nəsrullah çıxışında İsraillə 2006-cı il savaşını xatırladıb. O zaman İsrail “Hizbullah” tərəfindən oğurlanan 2 hərbçisinə görə Livan ərazisinə daxil oldu, ancaq uğur qazana bilmədi. Həsən Nəsrullah ona işarə edib ki, İsrail Livanda yenidən məğlub ola bilər”.

Politoloq hesab edir ki, Həsən Nəsrullahın çıxışından hiss olunurdu ki, o, yeni müharibədə maraqlı deyil:

“Çünki “Hizbullah” qruplaşmasının arxasındakı güc olan İran müharibənin qəlpələrinin ona çata biləcəyindən ehtiyat edir. Tehran Vaşinqtonla Təl-Əvivin xəbərdarlıqlarını nəzərə almaya bilməz. Bu arada, Həsən Nəsrullah müsəlman ölkələrini İsraillə münasibətləri kəsməyə, səfirliklərini bağlamağa və İsrailə neft və qaz satmağı dayandırmağa çağırıb. Bəzi ərəb ölkəsi İsraillə diplomatik əlaqələrə fasilə verib, ancaq bu, müvəqqəti xarakter daşıyacaq.

Türkiyə isə İsraili ən sərt tənqid edən ölkələrdəndir. Bununla belə bu ölkə ilə iqtisadi əlaqələri dayandırmayıb.

O ki qaldı Nəsrullahın İranın adını çəkməməsinə, hesab edirəm bu, rəsmi Tehranın xəbərdarlıqlarına görədir. “Hizbullah”la Tehran arasında müəyyən gərginlik hiss olunsa da Nəsrullah təşkilatının maliyyə qaynağının haradan gəldiyini unutmur”.

Turan Rzayev
Globalinfo.az

Seçilən
656
44
globalinfo.az

10Mənbələr