Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar cərrahi əməliyyat masasına uzanaraq, uğurla əməliyyat edilib.
Arena.az məlumat verir ki, əməliyyatdan dərhal sonra ulduz futbolçu xəstəxanadan fotosunu paylaşıb.
“Hər şey əla alındı. Bütün ismarışlar üçün təşəkkür edirik. İndi bütün diqqətimi sağalmağa yönəldəcəyəm”, – hücumçu xəstəxanadan paylaşdığı fotosunu yazı ilə tamamlayıb.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığmasına qarşı oyunda (0:2) ağır zədə almışdı. Ulduz futbolçu buna qədər bir neçə kiçik zədədən əziyyət çəkirdi. İlkin ehtimala görə o, 10 aya qədər müddətdə futbolsuz qalacaq. Bu müddətdə braziliyalı futbolçunu sağalma və bərpa mərhələri çərçivəsində çətin sınaq gözləyir.
Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə futbolçu “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.