AZ

Naftalanda sağlamlıq turizmi potensialının inkişafı istiqamətində irimiqyaslı işlər görülüb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı, Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü, PMD Hospitalının partnyorluğu ilə Naftalan şəhərində "Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirin əsas məqsədi tibbi turizm sahəsində Naftalan neftinin tətbiqi ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə aparılmış elmi tədqiqatların nəticələrininin müzakirə və dəyərləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün Naftalan şəhərində turizmin inkişafını təşviq etmək, tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
 
Konfransın ilk günü Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. İştirakçılar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olublar.
 
Tədbir iştirakçıları Qarabağ İqtisadi rayonuna daxil olan Talış kəndi və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma işləri ilə tanış olublar. Qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.
 
Konfransda bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm əhəmiyyət kəsb edib.
 
Beynəlxalq tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov çıxış edərək Naftalan neftinin sağlamlıq - turizmin inkişafında potensialı ilə bağlı məlumat verib.
 
Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Qazaxıstan, Özbəkistan, Almaniya, Rusiyadan olan turizm, səhiyyə, sanator-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
 
“Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi” panelin müzakirələrində Səhiyyə Nazirliyinin Kurortologiya və reabilitasiya üzrə kuratoru Nigar Nəzərli, Elmi Tədqiqat Tibbi Bərpa institutun direktoru Sədaqət Hüseynova, elm və tibb işçiləri çıxış ediblər.
 
Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Seçilən
642
30
aztibb.az

10Mənbələr