"Football-plus.az" xəbər verir ki, bu gün “Fənərbaxça” da meydana çıxacaq. Konfrans Liqasında oynayan və avrokuboklarda yoluna davam edən yeganə Türkiyə təmsilçisi olan “Fənər” “Yunion”un qonağı olacaq. Portuqaliyalı hakim Joao Pineyronun idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
İstanbul nəhənginin heyətində 6 itki var. Zədə üzündən İrfan Can Kahveci, Coşua Kinq və Rodriqo Bekao Belçikaya aparılmayıb. Bundan başqa, Mərt Müldür, Sərdar Əziz və Sərdar Dursunun isə adı avrokubokların iştirakına salınmadığı üçün onlar meydana çıxa bilməyəcək. Belçika çempionatında 28 turdan sonra ən yaxın rəqibini 8 xal qabaqlamaqla lider olan, hazırda 5 oyunluq qələbə seriyasına malik olan, son 20 rəsmi oyunun hamısında qol vuran “Yunion” əla formadadı. Bu komanda ötən mövsüm Avropa Liqasında 1/4 finala qədər irəliləsə də, “Bayer-04”lə dueldən məğlub ayrılmışdı. Bu arada belçikalıların baş məşqçisi Aleksander Blessin oyunöncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib. 50 yaşlı almaniyalı mütəxəssis qarşılarında ciddi bir rəqib oluğunu bildirib:
“Fənərbaxça”ya böyük hörmətlə yanaşıram. Bu turnirdəki ən önəmli klublardan biridi. Sabah (bu gün – red.) qarşımızda ciddi bir rəqib olacaq. Amma əsas məsələ budu ki, “Fənərbaxça” bu turnirə nə dərəcədə ciddi yanaşır? ”Qalatasaray”la çempionluq mübarizəsi aparırlar və cəmi 2 xal geridədilər. Bu oyuna nə dərəcədə önəm vermələrindən çox şey asılı olacaq. Onların üzərində ciddi təzyiq var. Heyətlərində çox səviyyəli futbolçular yer alır. Amma onlardan hansılarının start heyətində oynayacağı da önəmlidi. KL-də əvvəlki matçlarda, bir qayda olaraq, Batşuayi start heyətində meydana çıxıb. Amma bu dəfə Cekonun oynayacağını istisna etmirəm”.
Yeri gəlmişkən, bir maraqlı faktı da qeyd edək. Ötən ilin iyulundan etibarən “Yunion”u çalışdıran Blessinin futbolçu karyerası o qədər də parlaq olmayıb. Amma onun bir dönəm qısa müddət də olsa, yolu Türkiyədən keçib. Blessin 2001-in avqustunda azad agent statusunda “Ştutqart Kikkers”dən “Antalyaspor”a transfer olunmuşdu. Burda ümidləri doğrultmayan Blessinin Türkiyə macərası cəmi 5 ay çəkmiş və o, 2002-nin yanvarında “Vaker Burqhauzen”ə yollanmışdı. Blessin Antalya təmsilçisində cəmi 1 oyunda forma geysə də, tarixə düşdü. Belə ki, 1-ci tura təsadüf edən həmin qarşılaşmada “Antalyaspor” öz meydanında “Ankaragücü”yə 1:8 hesabıyla məğlub oldu. Bu, indiyə qədər də antalyalıların elitada ən böyükhesablı məğlubiyyətidi! Start heyətində meydana çıxan Blessin 78-ci dəqiqədə əvəzlənmişdi.
“Fənərbaxça” bu mövsüm bu turnirdə hər nə qədər öz qrupunu lider kimi tamamlasa da, komandanın xüsusilə səfər matçlarında sərgilədiyi futbol ürəkaçan olmamışdı. “Fənər” qrupda keçirdiyi son 2 səfər oyununda əvvəlcə “Ludoqorets”ə (0:2), sonra da “Norşellann”a (1:6) uduzdu. Yəni komanda həm bu uğursuz seriyanı bitirməyə, həm də evə sərfəli nəticə ilə qayıtmağa çalışacaq. İstanbul nəhəngi avrokuboklardakı 267-ci oyununa çıxacaq. Komanda əvvəlki 266 oyundan 105 qələbə, 55 heç-heçə, 106 məğlubiyyətlə ayrılıb (top fərqi – 360:380). Maraqlıdı ki, konkret KL-də “sarı-lacivərdlilər” indiyə qədər heç-heçə oynamayıb. Komanda bu turnirdə keçirdiyi 14 qarşılaşmadan 10 qələbə, 4 məğlubiyyət ilə ayrılıb. “Fənər”in Belçika klublarına qarşı göstəriciləri isə ürəkaçandı. Belə ki, indiyə qədər bu ölkənin təmsilçilərinə qarşı keçirilən 8 oyunda 4 qələbə, 3 heç-heçə və yalnız 1 məğlubiyyət qeydə alınıb. Yeganə məğlubiyyət 1965/66-da Çempionlar Kubokunun təsnifat mərhələsində “Anderlext”lə duelə təsadüf edib. O vaxt İstanbuldakı qolsuz bərabərlikdən sonra Türkiyə təmsilçisi səfərdə 1:5 uduzmuşdu. “Fənərbaxça” ilə belçikalıların yolu sonuncu dəfə 2021/22-də kəsişib. Həmin vaxt AL-in qrup mərhələsində “Fənər” “Antverpen”lə evdə 2:2 oynadıqdan sonra səfərdə 3 cavabsız qolla qalib gəlmişdi.