“Putin vasitəçilərlə ABŞ-yə Ukraynadakı münaqişəni dondurmağı təklif edib” – “Reuters”
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə Ukraynada atəşkəs məsələsini nəzərdən keçirməyə hazır olduğuna dair siqnallar göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi müzakirələrlə tanış olan üç rus mənbəsinə istinadən məlumat yayıb.
Mənbələrə görə, Putin öz mövqeyini 2023-cü ildə açıq şəkildə bəyan edib, həmçinin bunu vasitəçilər, o cümlədən Moskvanın Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə özəl şəkildə çatdırıb. Rusiya prezidenti Rusiya qoşunlarının işğal etdikləri Ukrayna ərazilərində qalması şərti ilə münaqişənin dondurulmasını təklif edib.
Agentliyin həmsöhbətlərinin dediyinə görə, Putinin siqnalları Vaşinqtona ötürülüb və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və ABŞ dövlət katibi Entoni Blinken də daxil olmaqla yüksək vəzifəli şəxslərin görüşündə müzakirə edilib.
Nəticədə, mənbələrdən birinin “Reuters”ə verdiyi məlumata görə, 2024-cü ilin yanvarında Sallivan Putinin müşaviri Yuri Uşakova zəng edərək, ABŞ-nin Ukraynanın özünün iştirakı olmadan atəşkəsi müzakirə etməyəcəyini deyib.