AZ

Daha bir bank bağlanır? - “İmkanlı adamlardır, son anda pul verib...”

2023-cü ildə “Bank BTB” ASC-nin xalis zərəri 2 milyon 779 min manat olub.

Son 4 ilin 3-də “Bank BTB” ASC zərər edib. Belə ki, 2022-ci ildə bankın xalis zərəri 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. 

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır. Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasının da direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır. 

Qeyd edək ki, ötən il bir neçə bankın bağlanması digər kiçik bankların da bağlanacağını aktuallaşdırmışdı. Növbəti bağlanacaq banklar sırasında ilk adıçəkilən banklardan biri də məhz “Bank BTB” ASC idi. Artıq ötən ilin hesabatından da göründüyü kimi, bankın xalis zərəri heç də az deyil. Belə olduğu təqdirdə bu il “Bank BTB”-ni bağlanma təhlükəsi gözləyirmi? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, “Bank BTB”-nin ətrafında zaman-zaman fikirlər səslənir. Onun Ramiz Mehdiyevin ailəsinə bağlı və zərərlə işləyən bank olduğu deyilir:

“Ancaq zərərlə işləmək o demək deyil ki, bank bağlanmalıdır. Çünki zərərlə işləyə bilər, amma eyni zamanda Mərkəzi Bankın bütün potensial, kapital, maliyyə tələblərinə riayət etmiş ola bilər. Həm də bankların zərəri bir qədər özünəməxsus xüsusiyyətləri var. Yəni bankın zərəri həm də ondan irəli gələ bilər ki, problemli kreditləri var və ehtiyat yaradır. Mövcud qanunvericiliyə görə, bankın problemli kreditlərinin ödənilməyən hissəsi müəyyən həddə gəlib çatırsa, bank 100 faiz ehtiyat yaradır. Yəni bu qədər pulu ayrıca fonda qoyur ki, mənim bu qədər problemli kreditim var. Bu məbləğ zərər sayılır. Sabah o pul banka qayıdırsa, zərərdən çıxarılır. Biz indi bilmirik ki, “Bank BTB”-nin zərəri həqiqətən zərərdirmi, yəni pul artıq itib-batıb, qayıtmayacaq, yoxsa zərər ondan ibarətdir ki, ehtiyatları çoxdur, ona görə zərər edir?” 

Burada bir vacib məqam da odur ki, hətta bankın maliyyə göstəriciləri bəzən çox pis olduqda belə, son anda bankın sahibi, yəni səhmdarları oraya əlavə vəsait qoya bilər:

“Bu yolla bankı xilas edə bilərlər. “Bank BTB”-nin səhmdarları kifayət qədər imkanlı adamlardır. İstəsələr son anda pul verib bankı vəziyyətdən çıxara bilərlər. Hər bir halda adi vətəndaşlar üçün təhlükə yoxdur. Çünki bank bağlansa belə, əmanətləri qorunandır”. 

Ekspertin sözlərinə görə, ötən ilin sonunda Mərkəzi Bankın rəhbəri də deyib ki, bank sistemində ciddi problemlər yoxdur:

“Bəzən bankın maliyyə göstəriciləri, zərərlə işləməsi ilə bağlı məlumatlat yayılır. Yaxud banklar bir-biri ilə rəqibdirlər, biri digərinin haqqında məlumat yayır. Ancaq hər halda dəqiq məlumat yoxdur. Mən düşünürəm ki, yaxın müddətdə heç bir bankın bağlanılması gözlənilmir”. 

Seçilən
313
50
cebheinfo.az

10Mənbələr