AZ

Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İyunun 3-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibliyinin binasında “Türk dünyasının inteqrasiyasında yeni üfüqlər: ortaq gələcəyə doğru strateji baxış” mövzusunda beynəlxalq simpozium keçirilib.

TurkicWorld xəbər verir ki, tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, Ankara Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Assosiyası (TÜRKSİT) və Türkiyənin Siyasi Strategiyalar Araşdırma Mərkəzinin (POLSAM) təşkilatçılığı ilə baş tutub.

Simpoziumda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, siyasi partiyaların vətəndaş cəmiyyətləri, elmi və analitik mərkəzlərin nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.

TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf, AK Partinin Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu, TÜRKSİT-in rəhbəri Kamal Kurnaz, “EkoAvrasiya” Fondunun İdarə Heyətinin sədri Hikmət Eren və digər iştirakçılar tədbirin əhəmiyyətindən danışıblar.

H.Eren ötən 35 ili “Türk dünyasının dirçəliş salnaməsi” adlandırıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin əhəmiyyətini vurğulayıb və TÜRKSOY-u Türk dünyasının “mədəni körpüsü” adlandırıb. O bildirib: “Bu gün artıq Türk dünyasının birləşməsini arzulayan nəsildən deyil, həmin arzuları həyata keçirən, gələcəyə inamla baxan Türk Dövlətləri Təşkilatından danışırıq.”

Eren Türk dünyasında əməkdaşlığın iqtisadi tərəfinə diqqət çəkərək Orta Dəhlizin rolunun artdığını və yeni imkanların ortaya çıxdığını qeyd edib. K.Kurnaz isə vətəndaş cəmiyyətinin TDT ölkələrinin rəhbərlərinin məqsədlərinə nail olmasında vacib rolunu vurğulayıb.

Kürşad Zorlu Türk dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsinin vacibliyini qeyd edib, TDT-yə üzv hər bir dövlətin eyni istiqamətdə irəliləməsinin önəmini vurğulayıb və ortaq türk əlifbasının razılaşdırılmasını uğurlu inteqrasiya nümunəsi kimi göstərib.

Tədbir Türkiyənin aparıcı analitik mərkəzlərinin diplomatları, müəllimləri, rəhbərləri və ekspertlərinin iştirakı ilə davam edən müzakirələrlə başa çatıb. Müzakirələrdə türk dövlətlərinin səylərini birləşdirməsinin, ümumi yanaşmanın formalaşdırılmasının və Türk dünyasının layiqli gələcəyi naminə bəşəriyyət tarixinə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli və Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl da Türk dünyasının gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.

Seçilən
0
2
turkic.world

3Mənbələr