Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans davam edir.
AZƏRTAC xəbər verir ki, konfrans öz işini Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun moderatoru olduğu “Tarixi yaddaş və milli kimlik” mövzusunda üçüncü panel iclası ilə davam etdirib.
Moderator tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Zahid Oruc bildirib ki, Qərbi Azərbaycan irsinin, tarixi-mədəni abidələrinin, toponimlərinin və zəngin mənəvi dəyərlərinin araşdırılması, təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sessiyada BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, AMEA-nın Folklor İnstitutunun direktoru Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin böyük elmi işçisi Nazim Mustafa və BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı məruzələrlə çıxış ediblər. Məruzəçilər Qərbi Azərbaycanın tarixi irsinin qorunması, deportasiya və etnik təmizləmə siyasətinin tarixi aspektləri, milli kimliyin formalaşmasında folklorun və mədəni irsin rolu, eləcə də tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı tarixi yaddaşın yaşadılmasının Qərbi Azərbaycana qayıdış ideyasının mənəvi-siyasi əsaslarından biri olduğu qeyd olunub.