Bakı, 3 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkənin aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Müşavirədə səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr göstərir ki, kənd təsərrüfatının inkişafı bundan sonra da dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq. Bu yanaşmanın əsas məqsədi yalnız istehsalın artırılması deyil, rəqabətqabiliyyətli, texnoloji, ixracyönümlü və dayanıqlı aqrar iqtisadiyyatın formalaşdırılmasıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionlarının siması köklü şəkildə dəyişib. “Prezident İlham Əliyevin də vurğuladığı kimi, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar öz doğma torpaqlarında yaşasın, işləsin və ənənəvi təsərrüfat fəaliyyətlərini davam etdirsinlər. Bu gün ölkənin müxtəlif bölgələrində müasir məktəblərin, xəstəxanaların, idman və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi məhz bu siyasətin nəticəsidir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir. Proqramın əsas məqsədi kənd təsərrüfatında intensiv və yüksək məhsuldar istehsala keçidi sürətləndirmək, ərzaq təhlükəsizliyini möhkəmləndirmək, ixrac imkanlarını genişləndirmək və fermerlərin müasir texnologiyalara çıxışını təmin etməkdir”, - deyə deputat bildirib.
Ü.Həmzəyeva müasir dövrdə ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri hesab olunduğuna diqqət çəkərək deyib: “Yeni Dövlət Proqramında məhsuldarlığın artırılması məhz ölkədə ərzaq bolluğunun təmin olunması və kənd təsərrüfatı məhsullarının əlçatanlığının yüksəldilməsi kontekstində nəzərdən keçirilir. Buğda istehsalının artırılması məqsədilə ixtisaslaşmış rayonlarda 2030-cu ilədək hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması planlaşdırılır. Bu göstərici istehsalın təxminən 20 faiz artmasına və ölkənin özünütəminetmə səviyyəsinin yüksəlməsinə imkan verəcək.
Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkənin aqrar inkişaf strategiyasında xüsusi yer tutur. Geniş torpaq ehtiyatları, əlverişli iqlim şəraiti və zəngin su resursları bu əraziləri gələcəyin mühüm kənd təsərrüfatı mərkəzlərindən birinə çevirir. Hazırda bölgədə “ağıllı kənd” layihələri, müasir aqroparklar, innovativ suvarma sistemləri və yeni infrastruktur qurulur. Üzümçülük, taxılçılıq, heyvandarlıq, bağçılıq və arıçılıq kimi ənənəvi sahələrin bərpası istiqamətində mühüm işlər aparılır. Bu proses yalnız ərzaq istehsalının artırılmasına deyil, həm də bölgədə məşğulluğun yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına və məcburi köçkünlərin doğma yurdlarına qayıdışına xidmət edir”.