AZ

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Bakı, 3 iyun, AZƏRTAC

“Bakı Enerji Həftəsi” enerji sektorunun nümayəndələrini bir araya gətirməklə yanaşı, yeni təşəbbüslərin irəli sürüldüyü, beynəlxalq tərəfdaşlıqların qurulduğu və gələcəyin enerji siyasətinin müzakirə edildiyi nüfuzlu platformadır. Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib, ölkəmizi qlobal enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, uzun illərlə həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın iqtisadi və siyasi inkişafının əsas dayaqlarından olub. Neft və qaz layihələri sayəsində ölkəyə daxil olan gəlirlər sosial rifahın yüksəldilməsinə, müasir infrastrukturun qurulmasına, təhsil və səhiyyə sistemlərinin inkişafına, eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib. Bu gün əldə olunan nəticələr enerji gəlirlərinin səmərəli və məqsədyönlü idarə olunmasının bariz göstəricisidir.

“Azərbaycanın enerji uğurlarının əsasını yalnız zəngin təbii ehtiyatlar deyil, eyni zamanda balanslaşdırılmış və praqmatik xarici siyasət təşkil edir. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün geniş regional əməkdaşlıq şəbəkəsi formalaşdırmağa nail olub. Bu gün ölkəmiz enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əməkdaşlıq körpüsü rolunu oynayır”, - deyə deputat bildirib.

Könül Nurullayeva “Bakı Enerji Həftəsi”ndə diqqət çəkən əsas istiqamətlərdən birinin də yaşıl enerji gündəliyi olduğuna diqqət çəkərək deyib: “Prezident İlham Əliyevin də bildirdiyi kimi ənənəvi enerji resurslarının böyük potensialına baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Son illərdə Günəş və külək enerjisi sahəsində mühüm layihələr həyata keçirilib, yeni investisiyalar cəlb olunub. Mövcud planlara əsasən, gələn ilin sonunadək ölkənin Günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroenerji potensialının reallaşdırılması da bu strategiyanın vacib istiqamətlərindəndir”.

Seçilən
28
2
azertag.az

3Mənbələr