AZ

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan “Elektron hökumət 2.0” konsepsiyasına uyğun olaraq dövlət xidmətlərinin vahid rəqəmsal platformada cəmləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bu model vətəndaşlarla dövlət qurumları arasında birbaşa təmasın minimuma endirilməsini və xidmətlərin tam rəqəmsal formada təqdim olunmasını nəzərdə tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Fərid Kazımov bildirib ki, “Elektron hökumət 2.0” və ya “gözəgörünməz dövlət” modeli hazırda dünyanın inkişaf etmiş ölkələrinin tətbiq etdiyi qlobal yanaşmadır. Bu modeldə vətəndaşlar dövlət xidmətlərini rəqəmsal platformalar üzərindən əldə edir, məmurlarla birbaşa ünsiyyətə ehtiyac isə minimuma enir.

F.Kazımov bildirib ki, müxtəlif dövlət xidmətlərinin “mygov” platformasında birləşdirilməsi düzgün yanaşmadır. Vətəndaşların ayrı-ayrı tətbiqlərə daxil olmaq əvəzinə, bütün xidmətləri vahid platformadan əldə etməsi həm rahatlığı artırır, həm də idarəetmənin səmərəliliyini yüksəldir.

Mütəxəssis qeyd edib ki, bu proses xidmətlərin ləğvi deyil, onların vahid rəqəmsal mühitə inteqrasiyası deməkdir. Əvvəllər müxtəlif dövlət qurumlarının tətbiqlərində təqdim olunan xidmətlər bundan sonra “mygov” vasitəsilə əlçatan olacaq.

Fərid Kazımov, həmçinin “Once-only prinsipi (bir dəfəlik prinsip - vətəndaşların və müəssisələrin dövlət qurumlarına məlumatları yalnız bir dəfə təqdim etməsini tələb edən rəqəmsal dövlət konsepsiyasıdır – red.) üzərində dayanaraq vurğulayıb ki, rəqəmsal dövlət modelində vətəndaş eyni məlumatı və ya sənədi müxtəlif qurumlara dəfələrlə təqdim etməməlidir. Dövlət qurumları məlumat mübadiləsini öz aralarında elektron sistemlər vasitəsilə həyata keçirməli, vətəndaş əlavə vaxt və resurs sərf etməməlidir.

F.Kazımovun sözlərinə görə, rəqəmsallaşmanın üstünlükləri ilə yanaşı, müəyyən çağırışları da mövcuddur. Xüsusilə yaşlı insanlar və rəqəmsal bacarıqları məhdud olan vətəndaşların yeni sistemlərə uyğunlaşması üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir.

“Rəqəmsal transformasiya qaçılmazdır. Lakin bu proses elə həyata keçirilməlidir ki, heç bir vətəndaş rəqəmsal xidmətlərdən kənarda qalmasın”, – deyə mütəxəssis əlavə edib.

Müxbir – Pərvanə Qafarova

 

Seçilən
11
2
azertag.az

3Mənbələr