Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 3 iyun, AZƏRTAC
Uzun illər ərzində arxiv sənədlərinin və müxtəlif mənbələrin araşdırılması nəticəsində Qərbi Azərbaycanın tarixi, bölgənin etnik tərkibi və azərbaycanlıların həmin ərazilərdəki tarixi varlığı ilə bağlı mühüm faktlar üzə çıxarılıb. Erməni müəlliflərinin və arxivlərinin özündə də indiki Ermənistan ərazisinin müxtəlif dövrlərdə Azərbaycan torpaqları kimi təqdim edildiyini göstərən sənədlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin böyük elmi işçisi Nazim Mustafa Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransın “Tarixi yaddaş və milli kimlik” panel müzakirəsində deyib.
O bildirib ki, XIX əsrdən etibarən bölgədə baş verən siyasi proseslər nəticəsində İran və Osmanlı ərazilərindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən İrəvan xanlığı ərazisinə köçürülməsi həyata keçirilib: “Bu proses sonrakı dövrlərdə bölgənin demoqrafik mənzərəsinin dəyişməsinə səbəb olub. XX əsr ərzində azərbaycanlılar bir neçə dəfə deportasiya və məcburi köçkünlük siyasəti ilə üzləşiblər. Xüsusilə 1948-1953-cü illər deportasiyaları və 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulması nəticəsində bölgədə monoetnik mühit formalaşdırılıb”.
O qeyd edib ki, aparılan tədqiqatlar zamanı vaxtilə azərbaycanlıların yaşadığı yüzlərlə yaşayış məntəqəsi müəyyənləşdirilib: “Bu kəndlərin bir hissəsində hazırda başqa əhali yaşayır, bir hissəsi isə tamamilə boş qalıb. Tarixi yaddaşın qorunması, sənədlərin araşdırılması və elmi faktların ictimaiyyətə çatdırılması Qərbi Azərbaycana qayıdış ideyasının mühüm istiqamətlərindən biridir. Qərbi Azərbaycana qayıdış tələbi beynəlxalq hüququn tanıdığı fundamental insan hüquqlarına əsaslanır”.
Müxbir - Aysel Azadqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.