AZ

Ermənistan BTQ-yə qoşulacaq? – Bakıdan REAKSİYA

Məlum olduğu kimi, dünən Gürcüstanda Bakı-Tiflis-Qars dəmiryol xəttinin ötürücülük gücünün artırılmasından sonra yenidən işə salınması mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, mərasimdə jurnalistlərin suallarını cavablandıran Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın dəmiryol layihəsinə qoşulmasını istisna etməyib:

“Gürcüstan Ermənistanın Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsində iştirakını istisna etmir və İrəvanla tranzit əməkdaşlığını dərinləşdirməyə hazırdır”.

edbd89a6-a1e3-3b7b-a915-784a34f88f99_1200.png

O, Tiflisin regionun nəqliyyat və tranzit funksiyalarının inkişafında əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib: “Gürcüstanın əlaqələrinin inkişafından danışarkən Ermənistana böyük əhəmiyyət verilir. Biz tranzit xidmətlərinin inkişafı da daxil olmaqla, erməni dostlarımızla mümkün qədər əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməyə hazırıq”.

Qeyd edək ki, təkmilləşmə işləri ilə birlikdə ümumi dəyəri 1 milyard dollara yaxın olan BTQ tamamilə Azərbaycanın vəsaitləri hesabına inşa olunub. Bakı xəttin Gürcüstan hissəsinin tikintisi üçün Tiflisə çox güzəştli şərtlərlə 700 milyon dollardan yuxarı kredit ayırıb - onun xəttin istismarından əldə olunacaq gəlirlər hesabına qaytarılması nəzərdə tutulur. Layihə Ermənistan rəhbərliyi və onları dəstəkləyən xarici ölkələrin geniş antitəbliğatı və təzyiqləri fonunda Bakının inadlı fəaliyyəti sayəsində icra olunub. İrəvan və ermənipərəst qüvvələr BTQ-nin Ermənistanı regional tranzit-logistika sistemindən tam kənard qoyduğunu bildirirdilər.

2017-ci ildə dəmiryol xətti istismara verildikdən sonra isə İrəvanın o zamankı hakimiyyəti tez-tez xarici mətbuatda Ermənistanın layihəyə qoşulması perspektivi ilə bağlı materiallar yayırdı. Elə həmin vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın layihədə yalnız işğal etdiyi torpaqlarımızdan çıxdıqdan sonra iştirak edə biləcəyini açıqlamışdı.

Üstündən 9 il keçib və Azərbaycan öz torpaqlarının işğalına son qoyub. İndi gündəmdə qarşılıqlı iqtisadi-nəqliyyat əlaqələrinin bərpasıdır. Artıq Azərbaycandan Ermənistana yanacaq, gübrə ixracına, həmçinin Azərbaycan üzərindən malların bu ölkəyə tranzit daşınmasına başlanıb. İki ölkə ABŞ-la birlikdə Azərbaycan-Ermənistan-Türkiyə-Avropa marşrutunu nəzərdə tutan Zəngəzur dəhlizinin açılması istiqamətində işləyir. Azərbaycan bu sahədə daha irəli gedərək, dəhlizin demək olar ki, bütün komponentləri üzrə böyük irəliləyişlərə nail olub. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun dediyinə görə, Azərbaycan tərəfində Zəngəzur dəhlizi üzrə işlər yekunlaşmaq üzrədir. Nazir deyib ki, Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir və Türkiyə öz hissəsində tikintiyə başlayıb. O vurğulayıb ki, Türkiyə tərəfində 224 kilometrlik Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xəttinin tenderi keçirilib və işlərə start verilib, Naxçıvandakı təxminən 180 kilometrlik xətt üzrə də bu il işlərin davam etdirilməsi planlaşdırılır.

DAHLİZ.jpg

Uraloğlunun sözlərinə görə, layihədə əsas tamamlanmayan hissə Ermənistan ərazisindən keçən 41–43 kilometrlik Zəngəzur keçididir: “Azərbaycan tərəfində də işlər yekunlaşmaq üzrədir, bəzi hissələr artıq tamamlanıb. Qalan 41-43 kilometrlik Zəngəzur keçididir, yəni Ermənistan ərazisindən keçən hissə. Bildiyiniz kimi, buna bəzən “Tramp marşrutu” da deyilir. Orada ABŞ və Azərbaycanın razılığı ilə prosesin başlamasını gözləyirik”.

Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumilikdə 860 kilometrlik nəqliyyat xətti işlək vəziyyətə gətiriləcək (APA).

Qeyd edək ki, bu gün seçicilərlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, Ermənistan qərblə şərq arasında ən qısa marşrutu təmin edən əsas nəqliyyat mərkəzi yaratmaq üçün ölkənin şimalında dəmir yolu infrastrukturunu bərpa etmək niyyətindədir. Ekspertlərə görə, Ermənistandan keçən marşrut həqiqətən də Rusiyadan kənar ərazilərdə Çini və Avropa ölkələrini birləşdirən Transxəzər marşrutunun daha qısa qolu ola bilər. Bu yolun açılması üçün əsas şərt Ermənistan ərazisində Türkiyə və Azərbaycan sərhədinə aparan dəmir yollarının əsaslı təmiridir. Məsələni çətinləşdirəm məqam ondan ibarətdir ki, Ermənistanın dəmir yolları 2038-ci ildə müddəti bitəcək müqavilə ilə Rusiya Cənub Dəmir Yolları şirkətinə icarəyə verilib. İrəvan dəfələrlə Rusiya şirkətindən Naxçıvanla Zəngilanı, həmçinin İrəvanla Türkiyəni birləşdirəcək xəttlərin bərpasına başlamasını istəyib. Nikol Paşinyan isə vurğulayıb ki, Rusiya ilə konsensus əldə edilməsə, respublika hökuməti ölkənin dəmir yollarının "metal qırıntısı"na çevrilməsinə imkan verməyəcək və işi özü həyata keçirəcək: "Beynəlxalq tərəfdaşlarımız gəlib çox vacib bir şeyi dedilər: şərqdən qərbə ən qısa marşrut Ermənistandan keçir və bu marşrut Tavuş, Lori və Şirak bölgələrindən keçir. Bu o deməkdir ki, tezliklə təkcə cənub dəmir yolumuzu deyil, həm də şimal dəmir yolumuzu açacağıq. Lermontovo kəndi yaxınlığında cəmi altı kilometr aralıda yerləşən İcevan-Hrazdan və Vanadzor-Gümri dəmir yolu xətləri (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər uzanır - red.) birləşdiriləcək və şərqdən qərbə ən qısa dəmir yolu yaradılacaq".

pashinyan-secki2026.jpg

Eyni zamanda, Ermənistanın baş naziri vurğulayıb ki, yük maşınları üçün pullu yollar da eyni bölgələrdən keçə bilər və beləliklə, Asiya ilə Avropa arasında marşrut üçün yol dəhlizi yaradıla bilər. Onun sözlərinə görə, avropalı investorlar bu layihə ilə maraqlanırlar.

Nəzərə alsaq ki, Rusiya seçkiöncəsi Paşinyana təzyiq üçün Ermənistan kənd təsərrüfatı məhsullarının öz bazarına idxalı ilə yanaşı, onların digər ölkələrə tranzit daşınmasını da dayandırıb, onda İrəvanın Azərbaycanla birgə nəqliyyat-kommunikasiya layihələrinə qoşulmaqdan başqa yolunun da qalmadığını deyə bilərik.

Ötən gün Paşinyan Avropa İttifaqına Ermənistan güllərinin və tərəvəzlərinin ilk partiyasının göndərildiyini elan edib: "Güllərin və tərəvəzlərin ilk partiyası artıq yola düşüb. Onlar gələndə sizə hansı ölkəyə göndəriləcəyini deyəcəyəm. Heç bir məhsul əllərdə qalmayacaq. Və biz təkcə Aİ-yə deyil, artıq digər ölkələrə də ixrac edirik".

İqtisadiyyat naziri Gevorq Papoyan isə bəyan edib ki, Ermənistan İqtisadiyyat Nazirliyi hökumətə AİB ölkələrinə ixracı dəstəkləmək üçün proqram təqdim edib. Onun sözlərinə görə, Ermənistan meyvə-tərəvəzləri artıq Avropa tələblərinə cavab verir və Global GAP sertifikatına malikdir, bu da onların Aİ supermarketlərinə tədarükünə imkan verir.

Nazir bildirib ki, yeganə maneə logistika xərcləridir. Bu problemi həll etmək üçün hökumət kənd təsərrüfatı ixracatçılarına subsidiya vermək niyyətindədir ki, onlar Avropa bazarında rəqabətli qiymətlər təklif edə bilsinlər.

Papoyan həmçinin bildirib ki, Ermənistan məhsulları Yunanıstandan Almaniyaya qədər bütün Aİ ölkələrinə tədarük edilə bilər.

Bu proseslər BTQ-nin Ermənistan məhsullarının Avropa bazarına çıxarılması baxımından əhəmiyyətini ciddi şəkildə artırır. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini də bir daha doğru qiymətləndirmək imkanı qazanır.

Qalib ölkə olan Azərbaycan dəfələrlə bölgədə iqtisadi əlaqələri dərinləşdirməyin davamlı sülhə nail olmaq üçün əsas yollardan biri olduğunu elan edib. Bu baxımdan, əsas şərtləri İrəvan tərəfindən təmin olunan Bakının bir mərhələdə Ermənistanın BTQ-yə qoşulmasına razılıq verəcəyi ehtimalı böyükdür.

Yeri gəlmişkən, Ermənistan Azərbaycanın əsas rol oynadığı daha bir regional layihəyə qoşulmaq istəyir. Ötən ilin yanvarında Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə Azərbaycan və Gürcüstanın Avropa İttifaqı ilə birlikdə reallaşdırdığı Qara dəniz Enerji Kabeli(Black Sea Energy) layihəsinə qoşulmaq istədiklərini açıqlayıb. Bakıdan bu istəklə bağlı neqativ rəy açıqlanmayıb.

Aydın məsələdir ki, Cənubi Qafqazın 3 dövlətinin iqtisadi əməkdaşlığı bölgənin sülh-əmin-amanlıq içində yaşaması üçün güclü bir əsas yarada bilər. Bu baxımdan, proseslərin sonrakı gedişi iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən birbaşa asılıdır...

Dünya SAKİT,
Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr