AZ

Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə

Bakı, 3 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər bütün dünyanın diqqətini ölkəmizə cəlb edib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlər bu sahədə qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Xüsusən də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi WUF13-də 176 ölkədən 58 mindən çox nümayəndə iştirak edib. Bu fakt həm tədbirin yüksək beynəlxalq nüfuzunu, həm də forumun 24 illik tarixində ən genişmiqyaslı sessiyalardan biri kimi yadda qalmasını əyani şəkildə təsdiqləyir. Tədbir çərçivəsində Azərbaycanda həyata keçirilən yenidənqurma, davamlı sülh və inkişaf prosesləri, infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın reallaşdırılması beynəlxalq ekspertlər tərəfindən nümunəvi təcrübə kimi qiymətləndirilib.

Mötəbər tədbirin nəticələri Prezident İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə dövründə bərpa və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasətin real və konkret nəticələri kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun “Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə” mövzusunda məqaləsində qeyd olunub.

Məqalədə, həmçinin bildirilib:

- Müasir dövrdə şəhərsalma təkcə yaşayış məntəqələrinin salınması və ya yeni binaların tikintisi ilə məhdudlaşmır. Həmin anlayış ölkənin iqtisadi potensialını, təbii resurslarını, sosial inkişaf prioritetlərini və gələcək inkişaf strategiyasını özündə birləşdirən kompleks prosesdir. Bu baxımdan şəhərsalmanın uğuru ilk növbədə onun dayandığı resurs bazasından asılıdır. Həmin bazanın əsas komponentlərindən biri isə dağ-mədən sənayesidir. Dağ-mədən sənayesi uzun illər ərzində əsasən iqtisadiyyatın xammal istehsal edən sahəsi kimi qiymətləndirilsə də, əslində, onun şəhərsalma proseslərində rolu daha geniş və çoxşaxəlidir. Müasir şəhərlərin, yaşayış komplekslərinin, sənaye zonalarının, nəqliyyat infrastrukturunun və sosial obyektlərin inşası üçün tələb olunan əsas materialların böyük hissəsi məhz bu sahənin məhsulları hesabına əldə edilir. Bu səbəbdən şəhərsalma ölkənin mineral-xammal potensialı ilə sıx bağlı olan iqtisadi fəaliyyət sahəsidir. Hər bir yeni şəhər, yaşayış massivi və iri infrastruktur layihəsi özündə böyük həcmdə mineral resursların istifadəsini ehtiva edir.

Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkələrdən biridir. Ölkəmizin müxtəlif bölgələrində tikinti materiallarının istehsalı üçün əlverişli xammal yataqları mövcuddur. Bu ehtiyatlar ölkənin şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Yerli mineral ehtiyatlardan istifadə tikinti layihələrinin maya dəyərini azaltmaqla yanaşı, idxaldan asılılığın azalmasına və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Dünyada baş verən geosiyasi dəyişikliklər, qlobal təchizat zəncirlərində yaranan problemlər və nəqliyyat xərclərinin artması göstərir ki, şəhərsalmanın xarici resurslardan yüksək səviyyədə asılı olması müəyyən risklər yarada bilər. Buna görə də şəhərsalma prosesinin milli təbii ehtiyatlar əsasında qurulması strateji əhəmiyyət daşıyır. Yerli mineral-xammal bazası tikinti sektorunun davamlı fəaliyyətini təmin etməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyini də gücləndirir.

Dağ-mədən sənayesinin inkişafı yeni iqtisadi imkanların yaranmasına, regionların sosial-iqtisadi inkişafına və məşğulluğun artmasına mühüm töhfə verir. Mədənlərin istismarı, emal müəssisələrinin fəaliyyəti, logistika və nəqliyyat xidmətləri on minlərlə insan üçün iş yerləri yaradır. Nəticədə regionlarda iqtisadi fəallıq artır, yeni yaşayış məntəqələri formalaşır və urbanizasiya prosesləri sürətlənir.

İqtisadçılar dağ-mədən sənayesinin yüksək multiplikativ təsirə malik olduğunu vurğulayırlar. Bu o deməkdir ki, sektorda yaradılan hər yeni iş yeri digər sahələrdə də əlavə məşğulluğun yaranmasına səbəb olur. Tikinti, nəqliyyat, xidmət, ticarət və emal sahələri də bu inkişafdan faydalanır. Beləliklə, dağ-mədən sənayesi şəhərsalmanın iqtisadi bazasının möhkəmləndirilməsində mühüm rol oynayır.

Bu məsələnin aktuallığı xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda daha aydın görünür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan layihələr ölkə tarixinin ən böyük tikinti proqramlarından biri hesab olunur. Yeni şəhərlərin və kəndlərin salınması, avtomobil və dəmir yollarının, tunellərin, körpülərin, enerji və su təchizatı sistemlərinin yaradılması böyük həcmdə tikinti materiallarına tələbat formalaşdırır. Belə şəraitdə yerli dağ-mədən sənayesinin imkanlarından maksimum istifadə xüsusi əhəmiyyət kəsb edir. Tikinti materiallarının yerli mənbələr hesabına təmin olunması layihələrin daha operativ və iqtisadi cəhətdən səmərəli həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, həmin yanaşma regionun iqtisadi potensialının reallaşdırılmasına da xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə və onlara yaxın bölgələrdə dağ-mədən sənayesinin inkişafı yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artmasına və iqtisadi canlanmaya təkan verə bilər. Uzun illər iqtisadi fəaliyyətdən kənarda qalmış ərazilərin yenidən ölkə iqtisadiyyatına inteqrasiyası baxımından bu amilin əhəmiyyəti xüsusilə böyükdür. Lakin dağ-mədən sənayesinin inkişafı yalnız iqtisadi göstəricilər prizmasından qiymətləndirilməməlidir. Müasir şəhərsalma konsepsiyaları dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. Bu isə o deməkdir ki, təbii ehtiyatlardan istifadə gələcək nəsillərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Faydalı qazıntı yataqlarının istismarı zamanı ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, su ehtiyatlarının mühafizəsi və ekoloji tarazlığın saxlanılması xüsusi diqqət tələb edir.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli resurslara əsaslanan dayanıqlı inkişaf modelinin formalaşdırılmasıdır. Dağ-mədən sənayesi həmin modelin mühüm elementlərindən biri hesab oluna bilər. Şəhərsalma, infrastruktur quruculuğu, regional inkişaf və məşğulluq siyasətinin uğurla həyata keçirilməsi üçün güclü mineral-xammal bazasının mövcudluğu vacib şərtdir. Belə ki, respublikamizın ərazisində geoloji-kəşfiyyat işlələrinin davamlı aprılması yeni yataqların iqtisadiyyata cəlb edilməsi prioritet məsələlərdən biridir. Dağ-mədən sənayesinin inkişafı yalnız iqtisadiyyatın ayrı-ayrı sahələrinin deyil, bütövlükdə ölkənin şəhərsalma strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Şəhərlərin və yaşayış məntəqələrinin qurulması üçün zəruri maddi resursların əsas mənbəyi kimi çıxış edən bu sahə milli iqtisadi təhlükəsizliyin, regional inkişafın və dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır. Azərbaycanın zəngin mineral ehtiyatları və genişmiqyaslı quruculuq proqramları fonunda dağ-mədən sənayesinin potensialından səmərəli istifadə ölkənin gələcək inkişafının mühüm təminatlarından biri kimi çıxış edir.

Beləliklə, şəhərsalmanın milli mineral-xammal ehtiyatlarına söykənməsi və dağ-mədən sənayesinin regional inkişafda oynadığı rol kifayət qədər aktual və perspektivli yanaşmadır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri bu yanaşmanın praktik əhəmiyyətini və strateji dəyərini daha aydın şəkildə nümayiş etdirir.

Tarixə nəzər salsaq, hələ qədim dövrlərdə tikinti materialları şəhərsalmanın əsasını təşkil edirdi. Onlar şəhərlərin planlaşdırılmasına, memarlıq görünüşünə, müdafiə imkanlarına və davamlı inkişafına birbaşa təsir göstərirdi. Buna görə də tikinti materialları qədim şəhərlərin formalaşmasında həlledici amillərdən biri hesab olunurdu.

Bunlara aşağıdakı nümunələri göstərmək olar:

• Qədim Misirdə piramidalar və məbədlər əsasən daşdan tikilib;

• Qədim Romada yollar, akveduklar və ictimai binalar daş, kərpic və betondan inşa olunurdu;

• Mesopotamiyada gil və kərpic əsas tikinti materialları hesab edilirdi;

• Qədim Yunanıstanda məbədlərin tikintisində mərmərdən geniş istifadə olunurdu.

Beləliklə, dağ-mədən sənayesi və şəhərsalma bir-biri ilə sıx bağlı sahələrdir. Dağ-mədən sənayesi şəhərlərin yaranması və inkişafı üçün iqtisadi baza və tikinti materialları yaradır, şəhərsalma isə bu sənayenin fəaliyyətindən irəli gələn məkan, sosial və ekoloji nəticələri nəzərə alaraq ərazilərin səmərəli təşkilini təmin edir.

Müxbir – Göyçək Mahmudlu

Seçilən
8
1
azertag.az

2Mənbələr