AZ

Şara Bullet: “Azərbaycanlı azarkeşlərinin məni dəstəkləyəcəklərinə əminəm”

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin ikinci əsas döyüşündə orta çəkidə Şarabutdin "Şara Bullet" Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Şəhər Halqası"ndan məlumat verilib.

"Pirat" ləqəbi ilə tanınan Şara Bullet qarşıdakı döyüş barədə danışıb və azarkeşləri Milli Gimnastika Arenasını keçiriləcək turnirə dəvət edib:

"Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq.

Keçən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda mən Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Axı Bakı çox yaxındır. Amma həmin vaxt alınmadı. Şadam ki, bu dəfə mümkün oldu.

Əminəm ki, bu dəfəki turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə daha çox təcrübəsi var. Mən möhtəşəm turnir gözləyirəm. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir.

İyunun 27-də Milli Gimnastika Arenasında azarkeşlərin məni böyük coşqu ilə dəstəkləyəcəyini gözləyirəm. Ona görə də soyuqqanlılığı itirməməliyəm, ehtiyatsız hücumlara keçməməliyəm. Ağıllı döyüşməli və eyni zamanda tamaşaçılara şou göstərməliyəm.

Mən həmişə döyüşü vaxtından əvvəl bitirməyə çalışıram. Bu dəfə də məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə dura bilməsin.

Mən azərbaycanlı döyüşçülərlə məşq etmişəm. Tez-tez Taylandda birlikdə məşq edirdik, bir-birimizi dəstəkləyirik. Azərbaycanlı döyüşçü Alovsat Məmiyev mənim dostumdur. Biz MMA-da birlikdə başlamışıq. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman birləşdirir", - deyə o bildirib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
6
news.milli.az

7Mənbələr