Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonu ərazisində yerləşən Yaylaq düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci günündə gənc fəallarla “Heydər Əliyev və Azərbaycan memarlığının inkişaf strategiyası” mövzusunda görüş keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə iştirak edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə və AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədovanın çıxışlarında bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə deyil, həm də şəhərlərin estetik görünüşü, yaşayış mühiti və mədəni irsin qorunması ilə əlaqələndirirdi. Ümumilli Liderimizin müəyyən etdiyi inkişaf xətti nəticəsində hələ 1969-cu ildən başlayaraq Azərbaycan şəhərlərində sistemli şəhərsalma prinsiplərinin tətbiqinə başlanılıb, müasir infrastrukturun yaradılması ilə yanaşı, milli memarlıq xüsusiyyətlərinin qorunması prioritet istiqamət kimi müəyyənləşdirilib.
Vurğulanıb ki, hələ Sovet İttifaqı zamanında ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan memarlığının inkişafına dair baxışları ilk növbədə regionların tarazlı inkişafı prinsipinə əsaslanırdı. Ulu Öndər hesab edirdi ki, müasir şəhərsalma yalnız paytaxtın deyil, bütün bölgələrin sosial-iqtisadi inkişafına xidmət etməlidir. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə rayon mərkəzlərinin yenidən qurulması, yeni sosial obyektlərin yaradılması və yaşayış məkanlarının abadlaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Bu siyasət nəticəsində memarlıq ölkənin inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilib. O da qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə memarlığın və şəhərsalmanın inkişafına göstərdiyi ən böyük diqqət, bu istiqamətdə atılan ən mühüm addım Azərbaycan memarlıq məktəbinin institusionallaşdırılması – Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyətə başlamasıdır. Məhz həmin dövrdən başlayaraq memarlıq və şəhərsalma üzrə elmi araşdırmaların genişləndirilməsi, layihələndirmə institutlarının fəaliyyətinin gücləndirilməsi və peşəkar kadr hazırlığının təkmilləşdirilməsi üçün əlverişli şərait formalaşıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın beynəlxalq şəhərsalma gündəmində fəal iştirak etməsi də əsası Ulu Öndər tərəfindən qoyulan uzaqgörən siyasətin davamlığının nəticəsidir. Bakıda keçirilən WUF13 kimi mötəbər forum ölkəmizin qlobal urbanizasiya proseslərinə verdiyi töhfənin göstəricisidir. Forum çərçivəsində dayanıqlı şəhərlər, yaşıl inkişaf, innovativ şəhər idarəçiliyi və insan yönümlü məkanların formalaşdırılması kimi məsələlər müzakirə olunub. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq etimad qazandığını və şəhərsalma sahəsində nümunəvi təcrübəyə malik olduğunu nümayiş etdirib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı memarlıq strategiyası bu gün də aktualdır. Müasir şəhərsalma çağırışlarına uyğun yenilənən Azərbaycan şəhərləri milli dəyərlərə söykənən inkişaf modelini uğurla davam etdirir. Bu model həm şəhər mühitinin keyfiyyətini yüksəldir, həm də ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir.
Görüşdə gənc fəallardan Nazpəri Rzayeva, Pəri Muradlı, Qədir Məmmədov, Şölə İsmayılova və başqaları mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.
Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.
Layihədə iştirak edən gənclər daha sonra Gəncə şəhərinə ekskursiya edərək şəhərin tarixi memarlıq inciləri ilə tanış olublar. Nizami Gəncəvi məqbərəsi, Gəncə qala qapıları, Heydər Əliyev parkı, Şah Abbas məscidi, Gəncə şəhər Flarmoniyası, Cavad xan məqbərəsi, eləcə də modern Gəncədə gedən quruculuq işləri gənc partiya fəallarında böyük təəssürat oyadıb.