Qarğıdalı təbiət hadisələrinə qarşı həssas bitkidir - xüsusilə dolu, sel-subasma, fırtına, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr bu əkinlərə zərər vurur.
“Cebheinfo.az” bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Bildirilib ki, aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir. May ayından qarğıdalı sahələrinin sığortası başlanıb və hazırda davam etməkdədir.
Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər.
Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək.
Qeyd edək ki, qarğıdalı aqrar sığorta üzrə ən çox zərər ödənişi edilən bitkilərdəndir. ASF qarğıdalı sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 777 min manat ödənişlər həyata keçirib və bu ödənişlər hər gün artmaqdadır.
Qarğıdalı sahələri üzrə ödənişlərin əsas hissəsi Balakən, Tovuz, Ağsu, Hacıqabul və Ağcabədi rayonlarında həyata keçirilib.