AZ

Azərbaycanlıların quzu əti “sevdası”: Həm təhlükəlidir, həm ziyanlı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son illər ət istehlakı ilə bağlı formalaşan bəzi yanlış vərdişlər mütəxəssislərin narahatlığına səbəb olur. 

Xüsusilə heyvanların, o cümlədən quzu və digər ətlik heyvanların yetişmə dövrü tamamlanmadan kəsilməsi ilə bağlı yanaşma geniş yayılıb. Bir çox istehlakçı belə ətin daha yumşaq və dadlı olduğunu düşünsə də, mütəxəssislər bunun qida dəyəri baxımından doğru olmadığını bildirirlər. 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçirilən “Erkən kəsimə son!” maarifləndirmə kampaniyası da məhz bu istiqamətdə ictimai məlumatlılığın artırılmasına yönəlib. Agentlik bildirir ki, heyvanların bioloji yetişmə mərhələsi tamamlanmadan kəsilməsi ətin keyfiyyət göstəricilərinə təsir edir. 

Quzu və digər ətlik heyvanların kəsim üçün ideal və təhlükəsiz yaşı neçə aydır? Erkən kəsilmiş heyvan ətinin insan orqanizminə konkret olaraq hansı zərərləri ola bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən qida üzrə ekspert Asim Vəli bildirib ki, heyvanın yetişmə dövrü tamamlandıqdan sonra ət daha yüksək qidalılıq dəyərinə və texnoloji xüsusiyyətlərə malik olur: 

“Heyvanların kəsim yaşı onların növündən, cinsindən və hansı məqəd üçün istifadəsindən asılı olaraq dəyişir. Bioloji yetişmə mərhələsi tamamlanmamış heyvanların kəsilməsi ətin tərkibindəki makro və mikronutrientlərin, o cümlədən zülalların, yağların tam formalaşmamasına səbəb olur. Nəzərə almalıyıq ki, heyvanın yetişmə dövrü tamamlandıqdan sonra ət daha yüksək qidalılıq dəyərinə və texnoloji xüsusiyyətlərə malik olur. 

Erkən kəsilən heyvanın ətinin daha yumşaq və dadlı olması bir yana bəzi problemlərə səbəb ola bilər. Bir qidanın qəbulunun əsas şərti onun qida dəyərliliyidir. Qeyd etdiyimiz kimi heyvan inkişaf dövrünü tamamlamadıqda, ətdəki vitaminlər, minerallar, əvəzolunmaz amin turşularının miqdarı optimal səviyyədə olmur”. 

O qeyd edib ki, yarımçıq inkişaf etmiş ətin su saxlama qabiliyyəti və struktur bütövlüyü tam formalaşmadığı üçün emal proseslərində keyfiyyət itkisi daha çox baş verir: 

“Ətlik heyvanların düzgün inkişaf etmədən kəsilməsi, eləcə də gigiyenik tələblərə əməl edilmədən emal olunması, xəstəlik törədən mikroorqanizmlərin yayılması üçün şərait yarada bilər. Heyvanın yetişmə dövrünün tamamlanması həm də onun immunitet sisteminin, ümumi sağlamlıq göstəricilərinin daha sabit olmasına kömək edir. 

Qida təhlükəsizliyi və sağlam qidalanma prinsiplərinə görə istehlakçılar ət alarkən onun yetişmə dövrünün tamamlandığına, sertifikatlı və nəzarət olunan müəssisələrdən gəldiyinə diqqət etməlidirlər”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

quzu əti Asim Vəli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr