AZ

Modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu: Azərbaycanın regional logistika qovşağına çevrilməsində mühüm addım - FOTO - VİDEO

XXI əsrdə nəqliyyat dəhlizləri təkcə coğrafi bağlantı vasitəsi deyil, həm də iqtisadi güc, geosiyasi təsir və təchizat zəncirlərinin dayanıqlılığı baxımından mühüm alətə çevrilib. Bu kontekstdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu klassik infrastruktur layihəsi çərçivəsindən çıxaraq Avrasiya məkanında strateji logistika arteriyası statusu qazanıb.

Hələ 2017-ci ildə, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun açılış mərasimində Prezident İlham Əliyev bu xəttin ticarətin, investisiyaların, əməkdaşlığın və iştirakçı ölkələrin geosiyasi əhəmiyyətinin artmasında mühüm amilə çevriləcəyini qeyd etmişdi. Təqribən on il sonra bu xəttin modernləşdirilməsi və buraxılış qabiliyyətinin beş dəfə artırılması bu strateji baxışın aktuallığını əyani şəkildə təsdiqləyir.

Dövlət başçısı həmçinin vurğulayırdı: “Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.

BTQ artıq sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin struktur dayaqlarından, Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən əsas infrastrukturlardan biridir.

BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır. Bu xətt Azərbaycanın əvvəllər əsasən Xəzər keçidi və Gürcüstan limanlarına çıxışla məhdudlaşan imkanlarını daha geniş müstəviyə daşıdı, ölkəyə Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışı təmin etdi. Hazırda BTQ Bakı Beynəlxalq Dəniz Limanı və ölkədaxili magistral dəmir yolları ilə birlikdə Azərbaycanın tranzit ölkədən regional logistika platformasına çevrilməsində mühüm rol oynayır. Ölkənin yalnız öz daxili iqtisadi həcmi ilə deyil, üzərindən keçən beynəlxalq yük axınları ilə regional əhəmiyyətinin artması logistika qovşaqlarının əsas məntiqidir: Sinqapur, Dubay, Rotterdam kimi aparıcı iqtisadi mərkəzlər də təkcə daxili bazarlarına görə deyil, qlobal axınları idarə etdiklərinə görə öndədirlər.

Bu platforma Azərbaycanın logistika mövqeyini aşağıdakı iki istiqamətdə də gücləndirir:

- Ölkə Mərkəzi Asiya və Xəzər hövzəsi üçün Türkiyə və Avropaya çıxış qapısına çevrilir;

- Türkiyə və Avropa üçün Mərkəzi Asiya, Çin və Xəzər hövzəsinə çıxışda əsas keçid ölkəsi kimi çıxış edir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Bakı–Tbilisi–Qars dəmir yolunun bugünkü inkişaf səviyyəsinə çatması infrastruktur sahəsinə yatırılan irimiqyaslı investisiyalar sayəsində mümkün olub.

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub.

Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu göstərici Azərbaycanın logistika qovşağına çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, qovşaq olmaq üçün təkcə marşrutun mövcudluğu kifayət etmir, yüksək buraxılış qabiliyyəti, etibarlı qrafik, əməliyyatların fasiləsiz icrası, yüklərin qəbulu və ötürülmə gücü, sabit idarəetmə mexanizmi zəruridir. Modernləşdirilmiş BTQ bu tələblərə cavab verən baza yaradır.

Layihənin Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub. Yeni sistem enerji və digər resurslara qənaətə, enerji itkilərinin azaldılmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına və qatarların hərəkət sürətinin artırılmasına imkan verir.

Modernləşdirmə işlərindən sonra, 18 may 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb. 2 iyun tarixində isə Axalkalaki dəmir yolu və logistika kompleksində Azərbaycan, Türkiyə və Gürcüstan rəsmilərinin, dəmir yolu və liman administrasiyalarının rəhbərlərinin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Bu tədbirlər BTQ-nin yeni mərhələyə keçdiyini, Orta Dəhliz üzrə daha böyük yükdaşıma funksiyası icra etməyə hazır olduğunu göstərir.

BTQ-nin səmərəli idarə olunması üçün institusional addımlar da atılıb. BTQ üzrə əməliyyatların səmərəli idarə edilməsi, yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədilə 13 avqust 2024-cü il tarixində ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən “BTKI Railways” MMC birgə müəssisəsi yaradılıb.

Qlobal ticarətdə marşrutların şaxələndirilməsi, dəniz daşımalarında gecikmələr və geosiyasi risklərin Orta Dəhlizə marağı artırdığı bir dövrdə BTQ bu marağın praktik reallaşması üçün vacib infrastruktura çevrilir. Yenilənmiş xətt Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional əhəmiyyət qazanır. Bu kontekstdə ADY ilə Çinin Sian Limanı və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumlarında Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi baxımından BTQ-nin rolunun artırılmasının vacibliyi xüsusi qeyd olunub. Eyni zamanda, Avropanın nəqliyyat-logistika şirkətlərinin BTQ-nin imkanlarından istifadəyə marağı artır.

ADY-nin rəqəmsallaşma siyasəti də BTQ və Orta Dəhlizin rəqabətqabiliyyətini artıran amillərdəndir. Şərq–Qərb marşrutu ilə konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün istifadəyə verilən “Cargo tracking” platforması dəhliz üzrə şəffaflığı, proqnozlaşdırmanı və əməliyyat çevikliyini artırır.

Beləliklə, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın yalnız yüklərin keçdiyi ölkə deyil, həmin yük axınlarının idarə olunduğu, istiqamətləndirildiyi və yeni dəyərə çevrildiyi regional logistika qovşağı kimi formalaşmasında əsas layihələrdən biridir. Bütün bunlar isə ölkənin ümumilikdə Şərq-Qərb dəhlizinin idarə olunması və yük axınlarının planlaşdırılmasında aktiv oyunçuya çevirir.

© APA | Modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu: Azərbaycanın regional logistika qovşağına çevrilməsində mühüm addım

Seçilən
13
21
apa.az

10Mənbələr