AZ

Qadınların qarnında partlayan düşmən çəpəri AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda son illər qız uşaqlarına münasibət, selektiv abortlar və bəzi ailələrin oğlan övladına üstünlük verməsi ilə bağlı müzakirələr vaxtaşırı gündəmə gəlir. Milli Məclisin “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır.Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bəzi ailələrdə oğlan uşağının dünyaya gəlməsinə üstünlük verilməsi əsasən psixoloji, mədəni və iqtisadi faktorlarla bağlıdır:

Psixoloq Gülnar Orucova

“Cəmiyyətimizdə uzun illərdir formalaşmış düşüncə var ki, oğul ailənin və soyun davamçısıdır. İnsanlar hesab edirlər ki, oğlan uşağı olmasa, soy davam etməz. Qız uşağı böyüyərək başqa ailəyə köçür, oğlan isə ailədə qalır və valideynlərinə dayaq olur. Bu məsələdə sosial təzyiqlər də mühüm rol oynayır. Məsələn, bir ailənin yalnız qızı olduqda ətrafdakılar tez-tez “mütləq oğlun da olmalıdır” kimi fikirlər səsləndirirlər. Bu cür yanaşmalar insanlara ciddi təsir göstərir. İqtisadi səbəblər də bu düşüncəni gücləndirir. Bir çox insanlar düşünür ki, yaşlandıqları zaman onlara oğlan övladı baxacaq. Oğul evlənəcək, gəlin ailəyə gələcək və valideynlərə qulluq ediləcək. Milli-mental dəyərlərdə də “oğul düşmən çəpəridir” kimi fikirlər geniş yayılıb. Oğul ailənin qoruyucusu, soyun davamçısı kimi təqdim olunur. Belə düşünülür ki, oğlun varsa, soyun yaşayır və sən tək deyilsən”.O bildirib ki, bu fikirlər illərlə insanların düşüncəsində xüsusi yer tutub:“Baxmayaraq ki, bu gün bəzi insanlar belə düşüncələrə əvvəlki qədər önəm vermirlər, yenə də müəyyən bölgələrdə “mütləq oğul olmalıdır” düşüncəsi qalmaqdadır. Hətta bəzi hallarda uşağın qız olacağını öyrənən valideynlər müxtəlif yollarla hamiləliyi sonlandırırlar. Bu isə cəmiyyətdəki gender ayrı-seçkiliyinin nə qədər dərin olduğunu göstərir. İnsanların beynində hələ də “mənim mütləq oğlum olmalıdır” düşüncəsi yaşayır. Bunun səbəbi soyun davamı, yaşlı vaxtda qayğı görmək və cəmiyyətdə geri qalmamaq qorxusudur. Bu stereotipləri aradan qaldırmaq üçün qadınların cəmiyyətdə daha güclü mövqedə olması vacibdir. Maarifləndirmə işləri aparılmalı, uşaqlara cinsiyyətindən asılı olmayaraq eyni dəyərin verilməsi öyrədilməlidir. Oğlan uşaqlarına daha üstün şərait yaradıb qızları ikinci plana atmaq düzgün deyil. Cəmiyyət olaraq düşüncə tərzimizi dəyişməliyik.Bəzən ailənin yaşlı üzvləri, xüsusilə də gəlinlərə və qadınlara “sən mütləq oğlan uşağı dünyaya gətirməlisən, evin varisi olmalıdır” kimi fikirlər deyirlər. Bu stereotiplərin davamlı şəkildə təkrarlanması qadınlarda psixoloji gərginlik və travma yaradır. Buna görə də bu düşüncələri dəyişmək və stereotipləri qırmaq lazımdır. Qadınlar sosial baxımdan gücləndirilməli, ailələrə isə psixoloji dəstək göstərilməlidir”, - deyə o fikrini sonlandırıb.Leyla Turan

Demokrataz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
demokrat.az

2Mənbələr