ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Bakıda “ICSEGT 2026” Beynəlxalq Elmi Konfransı öz işinə başladı
Bakıda Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar 2026” – ICSEGT 2026 Beynəlxalq Elmi Konfransı işə başladı. Artıq üçüncü dəfə keçirilən bu elmi platforma dünyanın müxtəlif ölkələrindən gələn alimləri, tədqiqatçıları və akademik mütəxəssisləri bir araya toplayır.
Açılış mərasimində çıxış edən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev belə beynəlxalq məclislərin Azərbaycanın elmi əməkdaşlıq mühitinin genişlənməsinə və qlobal akademik inteqrasiyaya töhfə verdiyini bildirdi. Onun sözlərinə görə, ölkə başçısının müəyyən etdiyi inkişaf prioritetləri elmi müstəvidə müzakirə olunur və beynəlxalq elmi ictimaiyyətə çatdırılır.
Rektor qeyd etdi ki, elm müasir cəmiyyətlərin inkişafında həlledici rol oynayır və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O, Kanada, Polşa və digər ölkələrdən alimlərin iştirak etdiyi ICSEGT konfransının artıq qısa müddətdə nüfuzlu beynəlxalq elmi platformaya çevrildiyini vurğuladı. Əhməd Vəliyev “ağıllı ətraf mühit” və “yaşıl texnologiyalar” sahəsində aparılan müzakirələrin dayanıqlı inkişaf hədəflərinə mühüm töhfə verdiyini söylədi.
Odlar Yurdu Universitetinin prorektoru Fəxrəddin Məmmədov isə konfransın beynəlxalq elmi əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırdı. O qeyd etdi ki, ICSEGT 2026 müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək aktual elmi problemlərin müzakirəsi və yeni tədqiqat nəticələrinin paylaşılması üçün geniş imkanlar yaradır.
Milli Məclis Sədrinin müavini Musa Qasımlı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və digər çıxış edənlər də konfransın əhəmiyyətindən söz açaraq dedilər ki, “ICSEGT 2026” beynəlxalq elmi əməkdaşlığın genişlənməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal problemlərin həllinə yönəlmiş fikir mübadiləsi üçün mühüm müzakirə formatıdır.
Konfransın tərəfdaşları sırasında bir sıra dövlət qurumları və beynəlxalq elmi təşkilatlar – Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, müxtəlif elmi institutlar, Kanada, Polşa, Şimali Kipr və Rusiya universitetləri də var.
Hibrid formatda keçirilən konfransda ağıllı şəhər və ekosistemlər, bərpaolunan enerji, yaşıl texnologiyalar, süni intellekt, IoT, kiber-fiziki sistemlər, biotexnologiya, ekoloji kimya, davamlı memarlıq və digər aktual istiqamətlər üzrə elmi müzakirələr aparılır.
30-dan çox ölkədən 200-ə yaxın təmsilçinin iştirak etdiyi konfransda elmi məruzələr təqdim olunur, innovativ tədqiqat nəticələri bölüşülür və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.
“ICSEGT 2026” konfransı qlobal ekoloji çağırışlar və yaşıl transformasiya sahəsində yeni elmi yanaşmaların formalaşması baxımından mühüm platforma kimi çıxış edir. Məclis iyunun 3-də işini başa vuracaq.
N.ABDALOVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.