Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Zərdab, 3 iyun, AZƏRTAC
Zərdab rayonunun Azərbaycan küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının və yaxınlıqdakı fərdi evlərin zirzəmiləri, həyətyanı sahələr, tövlələr və meyvə bağları su altında qalıb. Mövcud vəziyyətə bir neçə gün əvvəl yağan aramsız və intensiv yağışlar nəticəsində qrunt sularının səthə çıxması səbəb olub. Yağıntıların dayanmasından və havaların isinməsindən bir neçə gün keçməsinə baxmayaraq, bəzi ərazilərdə suyun səviyyəsində ciddi azalma müşahidə olunmur.
AZƏRTAC-ın bölgə müxbirinə açıqlama verən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə baş məsləhətçisi Kamil Məmmədov bildirib ki, yağışlardan sonra yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Mövcud vəziyyət qiymətləndirildikdən sonra aidiyyəti qurumlara müraciət ünvanlanıb. Müraciətdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Görülmüş işlər nəticəsində avtomobillərin intensiv hərəkət etdiyi küçələrdə, çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrində, rayon mərkəzi xəstəxanasının, 1 saylı körpələr evi–uşaq bağçasının və digər sosial obyektlərin ətrafında toplanmış yağış və qrunt suları xüsusi texnika vasitəsilə çəkilərək boş sahələrə yönləndirilib.
“İntensiv yağışların ilk günlərində bəzi ərazilərdə suyun səviyyəsi 40–50 santimetrə qədər yüksəlmişdi. Hazırda vəziyyət xeyli stabilləşib, əsas yaşayış və ictimai əhəmiyyətli ərazilərdə suyun çəkilməsi təmin olunub”, – deyə Kamil Məmmədov vurğulayıb.
Baş məsləhətçi bəzi sahələrdə, eləcə də ayrı-ayrı zirzəmilərdə hələ də suyun qaldığını əlavə edib. Onun sözlərinə görə, həmin ərazilərdə suyun tam çəkilməsi və vəziyyətin normallaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.
Qeyd edək ki, son günlər yağıntıların dayanmasına baxmayaraq, qrunt sularının səthə çıxması bəzi ərazilərdə suyun çəkilməsi prosesini çətinləşdirir.
Müxbir- Rəşad Türkoğlu







Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.