AZ

Cavid Abdullayev: Enerji keçidi yalnız texnoloji transformasiya deyil

Bakı, 3 iyun, AZƏRTAC

Enerji keçidi yalnız texnoloji transformasiya deyil. Bu, həm də daha dayanıqlı iqtisadiyyat qurmaq, enerji müstəqilliyini gücləndirmək, yeni sənaye sahələri yaratmaq və gələcək nəsillərin həyat keyfiyyətini yüksəltmək üçün mühüm fürsətdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış günəş fotovoltaik potensialının xəritələşdirilməsi” adlı sessiyada Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

“Enerji keçidi prosesi, həmçinin ev təsərrüfatlarının, biznes subyektlərinin, bələdiyyələrin və yerli icmaların fəal iştirakını tələb edir. Məhz buna görə də paylanmış günəş enerjisi və damüstü fotovoltaik sistemlərlə bağlı bugünkü müzakirələr xüsusi aktuallıq və əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkəsində damüstü günəş enerjisi istehlakçıların enerji sektorunda fəal iştirakçıya çevrilməsini təmin edən ən səmərəli alətlərdən biri hesab olunur. Bu model istehlakçıların, eyni zamanda, istehsalçıya çevrilməsinə imkan yaradır, enerji təhlükəsizliyini gücləndirir, elektrik şəbəkələrinə düşən yükü azaldır, özəl investisiyalar və yeni məşğulluq imkanları formalaşdırır”, - deyə o qeyd edib.

 

Seçilən
16
azertag.az

1Mənbələr