AZ

Azərbaycanda uşaq futbolunun FACİƏSİ – “Uşağını akademiyaya salmaq istəyirsənsə...”

Azərbaycan futbolu illərdir uğursuzluqların səbəbini legionerlərdə, məşqçilərdə, hakimlərdə və ya maliyyə çatışmazlığında axtarır. Hər kəsə də gün kimi aydındır ki, problemin kökü uşaq futbolundadır.

Bu gün ölkədə futbolun gələcəyini müəyyən etməli olan akademiyalar ətrafında dolaşan şikayətlər az deyil. Bu sahəyə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, futbolun inkişafı ilə bağlı proqramlar qəbul olunur, bölgələrdə istedadların aşkarlanmasından 10 illərdir ki, danışılır. Bəs niyə nəticə yoxdur?

Valideynlərin sözlərinə görə, illərdir rayonlarda və kəndlərdə istedadlı uşaqların aşkarlanması üçün nəzərdə tutulan genişmiqyaslı seçim prosesləri faktiki olaraq görünmür. Kağız üzərində mövcud olan layihələr reallıqda futbolsevərlərin gözünə dəymir. Əvəzində akademiyalara qəbul zamanı başqa mənzərə ortaya çıxır. Bir yerə 20 futbolçu lazım olduğu halda seçimlərə 200-dən çox uşaq qatılır. Belə vəziyyətdə ən istedadlıların seçilməsi gözlənilsə də, valideynlər tam fərqli mənzərədən danışırlar. Onlar tapşırıq, qohumbazlıq və hətta rüşvət amilinin istedadın önünə keçməsindən danışırlar.

Söhbət təkcə futbol oynamaqdan getmir. Akademiyaya düşən uşaq klubun rəsmi sisteminə daxil olur, inkişaf imkanları qazanır, gələcəkdə peşəkar müqavilə bağlamaq şansı əldə edir. Akademiyaya düşməyən istedadlı uşaqlar isə çox vaxt kənarda qalır. Nəticədə meydanı istedad deyil, imkan və əlaqələr müəyyən edir.

Mövzu ilə bağlı Musavat.com-a müraciət edən valideynlərdən biri yaşadığı təcrübəni belə təsvir edir: “Övladımı Azərbaycanın tanınmış klublarının seçimlərinə apardım. Dəhşətə gəldim. “Qarabağ”ın seçimində yaxşı çıxış etdi. Amma dedilər ki, bizə peşəkar lazımdır. Sizə peşəkar lazımdırsa, akademiyaya qəbul edin, peşəkar olsun. Sonra uşaq “Zirə”nin seçimlərinə qatıldı. 4 dəfə izlədilər. Sonda dedilər ki, kriteriyalarımıza uyğun gəlmir. “Sabah” klubunda isə iki oyunda iştirak etdi, hətta iki qol vurdu. Peşəkarlarla oynaya-oynaya özünü göstərdi. Amma yenə qəbul etmədilər. Nəyi əsas götürdüklərini də izah etmirlər”.

Valideyn deyir ki, bu cür yanaşma uşaqların futbola olan həvəsini öldürür: “Bir uşağın aylarla, illərlə qurduğu arzunu bir neçə dəqiqəyə məhv edirlər. İnsanların taleyi ilə oynayırlar”.

Futbol ictimaiyyətində uzun illərdir müzakirə olunan başqa bir məsələ də akademiyalarda yer çatışmazlığıdır. Valideynlər və məşqçilər arasında belə bir fikir geniş yayılıb ki, bəzi yaş qruplarında əsas komandalarda çalışan şəxslərin, məşqçilərin və klub ətrafında olan insanların övladları üstünlük qazanır. Nəticədə akademiyalarda yerlər məhdudlaşır, həqiqi istedadlı uşaqlar isə kənarda qalır. Əgər bu iddiaların heç olmasa bir hissəsi doğrudursa, bu artıq təkcə futbol problemi deyil eyni zamanda, ölkənin idman gələcəyinə vurulan zərbədir.

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klubların böyük hissəsi nəticə qazanmaq üçün legionerlərə üstünlük verir. Səbəblərdən biri də məhz yerli futbolçu bazasının zəifliyidir. Uşaq futbolunda sağlam rəqabət, şəffaf seçim və obyektiv sistem qurulmadığı müddətdə milli komandaya yeni nəsil futbolçuların gəlməsi də çətin olacaq. İstedadlı uşaqlar ya futboldan uzaqlaşır, ya da karyeralarını xaricdə davam etdirməyə çalışırlar. Beləliklə, itirən azərbaycanlı uşaqlar, Azərbaycan futbolu olur.

Azərbaycan futbolunun gələcəyi bahalı legionerlərdə deyil, bölgələrdə top dalınca qaçan minlərlə uşaqdadır. Əgər seçimlər şəffaf olmasa, akademiyalara qəbul zamanı istedad yox, başqa amillər rol oynasa, milyonlarla manatlıq proqramların da nəticəsi olmayacaq...

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr