Dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”dən indiyədək 278 milyard kubmetr qaz və 53,6 milyon ton kondensat hasil olunub. Bu barədə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR-ın təqdim etdiyi məlumatda deyilir.
Məlumata görə, hasilata “Şahdəniz-1” layihəsi üzrə 2006-cı ildə, “Şahdəniz-2” layihəsi üzrə isə 2018-ci ildə başlanılıb. Bu dövr ərzində yataqdan hasil olunan qazın 199,6 milyard kubmetri ixrac edilib. Qeyd olunur ki, 2026-cı ildə “Şahdəniz” üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) imzalanmasının 30 illiyi, həmçinin ilk kommersiya qaz hasilatının başlanmasının 20 illiyi tamam olacaq.
Eyni zamanda, “Şahdəniz Kompressiya Layihəsi” çərçivəsində əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatı potensialının olduğu bildirilir. Layihə üzrə aşağı təzyiqli laylardan əlavə hasilatın 2029-cu ildən etibarən təmin olunması nəzərdə tutulur. Kompressiya platformasının elektrik enerjisi ilə işləyəcəyi və Səngəçal Terminalından çəkilən sualtı kabel vasitəsilə enerji ilə təmin ediləcəyi qeyd edilir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”