AZ

Yüz ildə dəyişməyən Qafqazı dəyişə biləcək gün...

Həftə sonu qonşu Ermənistanda (çox çətin olsa da, özümüzü belə deməyə alışdırmalıyıq) parlament seçkiləri bitəcək və bəlkə elə həmin gün axşam, yaxud da ertəsi gün nəticələr elan olunacaqdır.

Belədəsə, başqa ölkələri deyə bilmərəm, amma bizim Qafqazda indi daha çox adam Ermnistanda başa çstmaqda olan seçki prosesinin gedişini izləməkdədir, ona maraq mübaliğəzəsiz demək olar ki, İran-ABŞ-İsrail, Ukrayna-Rusiya savaşına maraqdan az deyildir, çünki bu seçkilərin də nəinki çox ciddi geosiyasi nəticələrinin olacağı təxmin edilir, hətta nüfuzlu uzaq, əcnəbi politoloqlar, hətta yerli, regional siyasi təhlil adamları və mərkəzləri də buna əmindirlər. Ona görə ki, bu prosesin nəticəsi kimi 20-ci əsrin əvvəllərində və sonlarında alınmayan yeni bir Qafqazın yaranacağı istisna olunmur, hətta buna ümid edilir...

Ona görə də beyinlər-şüurlar hələ də keçmişlə indinin arasında vurnuxmaqdadır, o cümlədən bizim adamlar: hələ də insanlar ən yaxın keçmişimizi müzakirə etməkdədi. Amma təəssüf ki, çoxu indi də bəzi obyektiv məqamları-tərəfləri ya görmür, ya da etiraf etmirlər: sanki hər şey çox asanca alına bilərdi, əgər bir - iki nəfər olmasaydı...

O gün də qeyd etmişdim, hələ də çoxu deyir ki, bəs Xalq Cəbhəsi olmasaydı Qarabağ işğal olunmazdı! Razıyıq, çox böyük səhvlər oldu, özü də bəzi kütbeyin, ambisiyasıyla ağılı mütənasib olmayan, tutduqları vəzifəyə qəti uyğun gəlməyən bəzi adamların ucbatından.

Amma qonşu Gürcüstanda Cənubi Osetiyanı, yaxud Abxaziyanı kim “satdı” ruslara? Yoxsa bunu da bədbəxt Qamsaxurdiya və ya silahdaşları etdilər? Kiçik Dnestryanı bölgə kimi bir problemi Moldova hələ də həll edə bilmir!..

Bəs kim etdi və indi də edir bunları? Əlbəttə, qonşu Rusiya, hansı ki, indinin özündə Ukraynaya qarşı müharibə aparır, digər post-sovet ölkələrinə gələcək müdaxilələrçün ideoloji bazis - fundament hazırlayır; guya Kremli bu siyasi seqmentdəki rusdilli əhalinin –“linqvistik azlıqlar”ın problemləri narahat edir!..

Azərbaycan – Ermənistan müstəvisində indiyədək cərəyan edən, yaşanan problemlər yanlız indi-indi aydınlaşmaqdadır. Aydınlaşacaqmı tam axıra qədər?

Yadıma gəlir, 1994-cü ildə atəşkəsə razılıq verdik. Əslində bir az aşağılayıcı qərar idi bizimçün, amma başqa çıxış yolu da yox idi, ölkəyə kiçik də olsa pauza lazım idi ki, bəzi problemlər həllini tapsın.

Sonra nə baş verdi? 1996-cı ildə ATƏT-in Lissabon sammiti oldu. Bizim əksər müxalifət dairələri, hətta bəzi ekspertlər və jurnalistlər orada Qarabağla bağlı qəbul edilmiş qərarı Azərbaycanın növbəti uğursuzluğu, özü də böyük uğursuzluğu kimi dəyərləndirdilər.

Az qala 2000 - ci ilədək belə tənqidi fikirlər səsləndi və davam etdi. Yadıma gəlir, Lissabon sammitinin qərarı haqda yazını “Azadlıq” qəzetində mən özüm yazmışdım. Hətta hakim partiyanın təmsilçiləri də etiraf etmişdilər ki, Lissabon sammitilə bağlı ən obyektiv mövqeyi məhz “Azadlıq” qəzeti göstərdi.

Məsələ nədəydi? Lissabon sammitinin qərarı heç də Azərbaycanın məğlubiyyəti deyildi, əksinə biz Lissabonda ilk dəfə olaraq Ermənistanla təxmini heç-heçə edə bildik və bundan sonra yavaş - yavaş ayağa qalxmağa başladıq–bəli, atəşkəs haqqındakı 1994-cü il qərarından sonra!

Ardını özünüz bilirsiniz. Sonrakı dövrlərdə erməni siyasətçiləri, diplomatları, ekspertləri dəfələrlə qeyd etmişdilər ki, İrəvan Lissabonda Bakıya uduzdu.

Amma indi tədricən udmaq-uzduzmaq haqda qəliblər arxa plana keçir, bunun əvəzində bəlkə də son bir əsr ərzində baş tutmayan, alınmayan yaxınlaşma meylləri müşahidə olunur. Təkrar deyirik ki, Ermənistandakı parlament seçkilərini gözləyirik. Bir daha qeyd edirik ki, nəticələr pozitiv olsa regiondakı normallaşma prosesi davam edəcək və bəlkə də ilk dəfə olaraq Cənubi Qafqazda normal siyasi iqlim bərqərar olacaq.

İnsafən, ermənilər Qafqaza köçürüləndən Nikol Paşinyan bəlkə ilk erməni siyasətçisidir ki, nəinki ölkəsinin Azərbaycana və Türkiyəyə qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, hətta Qarabağ probleminin Ermənistanın müstəqil olmasının qarşısını almaqçün ortaya atıldığını bildirir.

Təkrar deyirik ki, adam çox düz də deyir, həqiqətən də Ermənistanda milli–azadlıq yox, Qarabağı Azərbaycandan qoparmaq “hərəkatı” oldu və bununla Azərbaycanın da müstəqilləşməsinin qarşısını almağa cəhd etdilər, “Ya suverenlik, ya Qarabağ!” dedilər. Amma çox şükürlər, yaxşı qurtardıq, suverenlik də oldu, ərazilər də qaytarıldı...

İndi İrəvanda seçki prosesinin son günləri yekunlaşmaqdadır. Nəinki açıq siyasi, hətta geosiyasi oyun gedir: nəniki ölkənin öz siyasi vektorları geosiyasi ambisiyalarını gizlətmirlər, hətta geosiyasi mərkəzlər özləri – ABŞ, Avropa və əlbəttə, Rusiya maskalanmağa heç bir ehtiyac duymurlar, simpatiyalar və antipatiyalar göz qabağındadır.

Ən çox da vurnuxan Rusiyadır; gah İrəvanı bəri başdan öz geosiyasi oriyentasiyanı müəyyən etməyə çağırır, gah onu Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında təcili və birmənalı seçim etməyə səsləyirlər, gah “qaz müharibəsi”, əməkçi miqrantları geri qovmaqla hədələyirlər.

Qərb də “kart”larını gizli saxlamır, Paşinyana dəstək verir. Erməni baş naziri də kəskin geosiyasi jestlər edəcəyini deməsə də özünün “geosiyasi rəngini” də gizlətmir, hərçənd, Avropa İttifaqına aparan yol elə də qısa deyil, bunu Gürcüstanın, Moldovanın timsalında gördük, ən əsası da indi Ukryanın misalında müşahidə edirik. Bir sözlə, çətin məsələdir.

Eləcə də Rusiyadan dərhal qopmaq da günün işi deyil. Odur, bizə elə gəlir ki, Paşinyan və qərbçilər seçkini udsalar belə ifrat kəskin addımlar atmayacaqlar, vaxt udmağa cəhd edəcəklər. Ümid edirik ki, heç ruslar da radikal olmayacaqlar, onlar da yalan-doğru deyirlər ki, guya Kremli Aİ-dən çox NATO ehtiyatlandırır...

Bütün hallarda “rus Qafqazı” deyilən anlayış tədricən laxlayır: deyəsən, Gürcüstanla bağlı da buzlar əriyir. May ayında amerikalılar Gürcüstanda olmuş və ciddi danışıqlar aparmış, şərtlərini demişdilər. Biz onlarla bəzi rus mətbu orqanlarından tanış olduq, qeyri-adi tələb qoyulmur, sadəcə, müxalifətin siyasi proseslərdə iştirakını gücləndirməyi tələb edirlər.

Bir neçə ay əvvəl ABŞ-ın vitse-prezidenti regiona səfəri zamanı Tiflisi bir növ iqnorə edəndə həm azərbaycanca, həm də rusca yazılarda yazmışdıq ki, bu, qətiyyən düzgün addım deyil. Bundan sonra çox nüfuzlu ABŞ fondlarının analitikləri də bu haqda yazdı. Odur, ümidliyik ki, hər şeyin uğurla bitəcəyi təqdirdə Qərb bölgəyə sistemli, kompleks şəkildə yanaşacaq, ona görə ki, Cənubi Qafqazda indi də Gürcüstanın timsalında Rusiya üçün “rıçaq” saxlamaq qətiyyən düzgün olmazdı...

Seçilən
23
musavat.com

1Mənbələr