AZ

GPS keçmişdə qalır: Aİ öz naviqasiya sistemini inkişaf etdirir

Avropa İttifaqı Avropa ölkələrinin ABŞ-ın GPS sistemindən asılılığını azaltmaq məqsədilə özünün "Galileo" peyk naviqasiya sistemini inkişaf etdirməyə davam edir...

Poliqon xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, bu sistem artıq dünyanın müxtəlif yerlərində milyardlarla cihaz tərəfindən istifadə olunur və yüksək dəqiqlikli mövqe müəyyənləşdirmə imkanı yaradır.

"Galileo" hazırda dünyanın ən böyük mülki peyk naviqasiya sistemlərindən biri hesab olunur. Sistem orta hündürlüklü orbitdə yerləşən peyklər qrupuna əsaslanır və müasir smartfonların, eləcə də naviqasiya xidmətlərinin əksəriyyətinə inteqrasiya edilib.

Layihənin inkişafında növbəti mərhələ "Celeste" proqramı olub. 2026-cı ilin mart ayında ESA yeni sistemin ilk iki peykini uğurla orbitə çıxarıb. Bu sistem "Galileo"nu aşağı Yer orbitində yerləşən peyklərlə tamamlamalıdır. Gözlənilir ki, belə arxitektura naviqasiya sisteminin maneələrə qarşı dayanıqlığını artıracaq, həmçinin şəhərlərdə, binaların daxilində və şimal enliklərində siqnalın keyfiyyətini yaxşılaşdıracaq.

Nəşrin məlumatına görə, "Celeste" peykləri "Galileo" və digər Avropa naviqasiya xidmətləri ilə birlikdə fəaliyyət göstərəcək. Gələcəkdə sınaq məqsədli peyk qrupunun 11 aparatdan ibarət olması planlaşdırılır. Yeni peyk buraxılışları isə 2027-ci ilə nəzərdə tutulub.

Layihə müəlliflərinin sözlərinə görə, aşağı orbitli peyklər daha güclü siqnal ötürə və sistemin siqnal boğulmasına, eləcə də koordinatların saxtalaşdırılmasına qarşı dayanıqlığını artıra bilər. Son illərdə Avropada peyk naviqasiyasına müdaxilə hallarının çoxalması fonunda bu məsələ xüsusi aktuallıq qazanıb.

Bununla belə, söhbət hələlik GPS-dən tam imtinadan getmir. "Galileo" və "Celeste" Avropa İttifaqının digər dövlətlərin qərarlarından asılı olmadan öz naviqasiya və mövqe müəyyənləşdirmə infrastrukturuna malik olmasına imkan verəcək müstəqil Avropa sistemi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr