AZ

"Bu tədbir Azərbaycanın enerji strategiyasının təqdimat platformasıdır" - DEPUTAT

"Bu tədbir Azərbaycanın enerji strategiyasının təqdimat platformasıdır" - DEPUTAT"Azərbaycan qlobal enerji liderlərini bir araya gətirən 30-cu Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşan Bakı Enerji Həftəsi özündə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley Bakı Enerji Forumunu birləşdirir. Bu il keçirilən Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. Bu, sözün əsl mənasında, böyük bir rəqəmdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu beynəlxalq platforma Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, yeni çağırışlara uyğun təşəbbüslərin, texnologiyaların və əməkdaşlıq imkanlarının müzakirə olunduğu mühüm bir mərkəzdir:

" Azərbaycanın müasir enerji siyasətinin təməli 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulub. Bu müqavilə yalnız neft sənayesi layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu strateji əhəmiyyətli qərar Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərginin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər ölkənin enerji sahəsində gələcək prioritetlərini də aydın şəkildə göstərir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın enerji siyasəti təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, həm də yaşıl enerji keçidi, enerji təchizatının şaxələndirilməsi və dayanıqlı infrastrukturun qurulması kimi vacib layihələrin həyata keçirilməsini əhatə edir. Azərbaycanın uzun illər ərzində uğurla həyata keçirdiyi enerji layihələri onun regionda sabitliyin təminatçısına çevrilməsinə şərait yaradıb".

Deputat onu da vurğulayıb ki, Bakı Enerji Həftəsi Azərbaycanın yalnız enerji siyasətini deyil, həm də qlobal əməkdaşlıq mədəniyyətini, dayanıqlı inkişaf prinsiplərini, iqtisadi suverenliyini və müasir dövlətçilik modelini nümayiş etdirir:

"Bu tədbir Azərbaycanın enerji strategiyasının təqdimat platformasıdır. Layihə çərçivəsində təşkil olunan tədbirlər həm keçmişin uğurlarını xatırladır, həm bu günün reallıqlarını təqdim edir, həm də gələcəyə dair aydın təsəvvür formalaşdırır.

Prezident İlham Əliyevin 30-cu Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər Azərbaycanın qlobal enerji siyasətində ənənəvi enerji ehtiyatlarından yaşıl enerjiyə keçid strategiyasını və artan regional liderlik rolunu bir daha təsdiqlədi. Eyni zamanda, bu çıxış Azərbaycan ilə ABŞ arasında strateji münasibətlərin inkişaf etdiyini də nümayiş etdirdi.

Cənab Prezident çıxışında qeyd etdi ki, hazırda qlobal enerji səhnəsində müşahidə olunan bir sıra müsbət proseslər ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi praqmatik siyasətin nəticəsidir. Bu fikirlər iki ölkə arasında artan etimadın, qarşılıqlı hörmətin və əməkdaşlığın ifadəsi kimi qiymətləndirilə bilər".

Vüsalə İbrahimli

Seçilən
2
2
sonxeber.az

3Mənbələr