AZ

Rəqəmsal keçid kəndə də yeni düzən gətirəcək

“Ağıllı” texnologiyaların məhsul bolluğuna töhfələri artır

Son illərdə aqrar sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, su təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin tətbiqi və kənd yerlərində infrastrukturun yenilənməsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Bununla belə, qlobal iqlim dəyişiklikləri, su resurslarının azalması, beynəlxalq bazarlarda rəqabətin güclənməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması zərurəti qarşıya yeni vəzifələr qoyub. Hazırda bu vəzifələrin həllinin artıq ənənəvi idarəetmə üsulları ilə deyil, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan rəqəmsal texnologiyalar, peyk monitorinqləri və süni intellekt imkanlarının geniş tətbiqi ilə mümkünlüyü öz təsdiqini tapıb.

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı nitqində respublikamızda aqrar siyasətin yeni mərhələyə daxil olduğunu, bundan sonra müasir texnologiyaya əsaslanan inkişaf modelinin xüsusi diqqətdə saxlanılacağını bildirdi. Ölkə rəhbəri, eyni zamanda, Azərbaycanda hər bir torpaq sahəsinin dəqiq təhlilinin aparılması və onun elektron məlumat bazasının yaradılmasının zəruriliyini xatırladaraq əkin üçün yararlı ərazilərə “pasport” verilməsinin və onun həmin torpaqlarda hansı məhsulun daha yüksək gəlirliliyi təmin edə biləcəyinin elmi əsaslarla müəyyənləşdirilməsinin önəmini vurğuladı.

Dəqiq kənd təsərrüfatı modeli

Xatırladaq ki, bu yanaşma müasir dünyada “dəqiq kənd təsərrüfatı” adlandırılan modelin əsas elementidir. Burada süni intellekt torpaq analizləri, iqlim göstəriciləri, su təminatı, məhsuldarlıq statistikası və bazar məlumatlarını emal edərək fermerlərə optimal qərarlar təqdim edir. Başqa sözlə, əgər əvvəlki dövrlərdə kənd təsərrüfatı əsasən fermerlərin təcrübəsinə əsaslanırdısa, indi rəqəmsal texnologiyalar sayəsində torpağın kimyəvi tərkibindən tutmuş məhsulun bazarda satış perspektivlərinə qədər bütün məlumatlar bir sistemdə öz ifadəsini tapır. Bu isə daha yüksək məhsuldarlıq, daha az xərc və daha böyük gəlir deməkdir.

Müşavirədə aqrar sektorun sürətli inkişafı üçün müasir peyk texnologiyalarından istifadənin vacibliyini də önə çəkən dövlət başçısı belə bir yolla əkin sahələrinin vəziyyətinin real vaxt rejimində izlənilməsinin mümkün olduğunu diqqətə çatdırdı. Ölkə rəhbəri, eyni zamanda, peyk görüntülərinin torpağın nəmlik səviyyəsinin, bitkilərin inkişaf dinamikasının, xəstəlik və zərərvericilərin yayılma risklərinin dəqiqliklə müəyyənləşdirməyə imkan verdiyini bildirdi.

Kənd təsərrüfatı mütəxəssisi Sabutay Əhmədovun sözlərinə görə, beynəlxalq təcrübədə bu məlumatlar süni intellekt platformaları tərəfindən təhlil edilərək fermerlərə xəbərdarlıq və tövsiyələr şəklində təqdim olunur. Nəticədə suvarma vaxtı, gübrələmə norması və məhsulun yığım müddəti daha dəqiq müəyyənləşdirilir. Bu yanaşma təkcə məhsuldarlığın artırılmasına deyil, həm də su və enerji resurslarının qənaətlə istifadəsinə əlverişli şərait yaradır.

Müşavirədə təqdim olunan məlumatlardan aydın görünür ki, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı kənd təsərrüfatında transformasiyanı dörd əsas istiqamətdə nəzərdə tutur:

– resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatı;

– yüksək əlavə dəyər yaradan istehsal;

– bazar inteqrasiyası və dəyər zənciri yanaşması;

– texnologiya və innovasiyalara əsaslanan inkişaf.

Bu yanaşmanın diqqətçəkən cəhəti ondan ibarətdir ki, proqram yalnız istehsal göstəricilərinin artırılmasını deyil, həm də institusional islahatları, qanunvericilik yeniliklərini və rəqəmsallaşmanı özündə birləşdirir. Başqa sözlə, qarşıdakı illərdə aqrar sektorun inkişafının yeni əkin sahələrinin yaradılması ilə bərabər, eyni zamanda, rəqəmsal idarəetmə sistemlərinin qurulması ilə gerçəkləşəcəyi nəzərdə tutulur.

Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının sürətli inkişafı üçün ən mühüm amillərdən birinin subsidiya mexanizminin çevikləşdirilməsi ilə bağlı olduğunu qeyd etdi. Dövlət başçısı subsidiya siyasətinin daimi deyil, bazar tələblərinə uyğun olaraq mütəmadi yenilənməsinin vacibliyini vurğuladı və hər il daxili bazarın ehtiyacları, ixrac imkanları və beynəlxalq tələbatın nəzərə alınması əhəmiyyətini önə çəkdi. Eyni zamanda, böyük həcmli iqtisadi məlumatları emal edən rəqəmsal sistemlərin müxtəlif məhsullar üzrə bazar tələbatını proqnozlaşdıra, qiymət dəyişikliklərinin təhlilini apara və dövlətə daha səmərəli subsidiya qərarları qəbul etmək imkanı yarada biləcəyini də vurğuladı.

Qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycan üçün ən vacib məsələlərdən biri də su ehtiyatlarının səmərəli idarə edilməsidir. Müşavirədə qeyd olunduğu kimi, bu məsələdə müasir suvarma texnologiyaları əsaslı rol oynayır. Hazırda ölkədə müasir suvarma sistemləri tətbiq olunan sahələr 130 min hektara çatır və qarşıya qoyulan məqsəd isə bu göstəricini 2030-cu ilədək 300 min hektara yüksəltməkdir.

Mütəxəssislərin fikrincə, damcı və pivot suvarma texnologiyalarının tətbiqi təkcə suya qənaət etmir. Bu sistemlər sensorlar və rəqəmsal idarəetmə vasitələri ilə təchiz olunduqda “ağıllı” suvarma modelinə çevrilir. Belə texnologiyalar torpağın nəmliyini ölçərək yalnız zəruri həcmdə su verir. Nəticədə su sərfiyyatı azalır, məhsuldarlıq yüksəlir, torpaqların şoranlaşmasının qarşısı alınır.

Bu gün dünyanın inkişaf etmiş aqrar ölkələrində suvarma sistemlərinin böyük hissəsi artıq süni intellekt əsasında idarə olunur. Azərbaycanın da bu istiqamətdə addımlar atması uzunmüddətli ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Aqrar məlumat bazası və ixrac strategiyası

Prezident İlham Əliyev sözügedən müşavirədə kənd təsərrüfatı istehsalının ixrac bazarları ilə əlaqələndirilməsinin vacibliyini xüsusi vurğulayaraq müasir dövrdə hansı məhsulun hansı bazarda neçə il ərzində rəqabət üstünlüyünü qoruyacağını əvvəlcədən müəyyənləşdirməyin strateji əhəmiyyət daşıdığını bildirdi. Ölkə rəhbəri bu məqsədlə rəqəmsal aqrar məlumat platformalarının yaradılmasının zəruriliyini diqqətə çatdırdı və belə platformaların beynəlxalq bazarlardakı qiymətləri, istehlak meyillərini, logistika imkanlarını və rəqabət şəraitini təhlil etməklə fermerlərə, eləcə də dövlət qurumlarına daha düzgün qərarlar qəbul etmək imkanı verə biləcəyini xatırlatdı.

Beləliklə, kənd təsərrüfatının inkişafının yeni mərhələsində müasir texnoloji yollarla istehsal bazarın tələblərinə uyğunlaşdırılır və ixrac potensialı daha da artırılır. Məhz bu məqsədlə də yeni Dövlət Proqramı çərçivəsində aqrar sektora 5,9 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bunun 2,2 milyard manatının dövlət, 3,7 milyard manatının isə özəl sektor tərəfindən gerçəkləşdiriləcəyi planlaşdırılır.

Bu investisiyalar yeni infrastrukturun yaradılması ilə bərabər, həm də kənd təsərrüfatının rəqəmsal transformasiyasına xidmət edəcək. İntensiv bağçılıq, müasir istixanalar, konsolidasiya layihələri, qapalı suvarma şəbəkələri, aqrar məlumat mərkəzləri, rəqəmsal xəritələr və süni intellekt əsaslı idarəetmə sistemləri gələcək inkişafın əsas istiqamətlərindən biri olacaq.

Hesablamalara görə, Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatında istehsal artımının 2 faizdən yuxarı, ixrac artımının isə 6 faizdən çox olacağı gözlənilir. Lakin bu göstəricilərin dayanıqlı xarakter alması üçün texnologiyaların tətbiqi əsas şərt olaraq qalır.

Dünya artıq kənd təsərrüfatında yeni mərhələyə qədəm qoyur. Fermerlərin qərarlarını süni intellekt sistemləri dəstəkləyir, peyklər əkin sahələrini izləyir, sensorlar torpağın vəziyyətini ölçür, dronlar məhsuldarlığı qiymətləndirir. Azərbaycanın qarşıdakı illərdə aqrar inkişaf strategiyası da məhz bu istiqamətdə formalaşır.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, kənd təsərrüfatının gələcək inkişaf modeli torpaq, su və əmək resurslarından daha səmərəli istifadə etməklə yanaşı, rəqəmsal texnologiyaların və süni intellektin geniş tətbiqinə əsaslanacaq. Bu yanaşmanın məhsuldarlığın artırılması ilə yanaşı, həm də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac potensialının genişləndirilməsi, fermer gəlirlərinin yüksəldilməsi və aqrar sektorun qlobal rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyəti hər zaman mühüm önəm daşıyacaq. Azərbaycanın kənd təsərrüfatında başlayan yeni dövrün əsas siması isə torpaqla texnologiyanın, fermerlə süni intellektin və ənənə ilə innovasiyanın uğurlu sintezi olacaq.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi “hər torpaq sahəsinin pasportlaşdırılması”, “peyk imkanlarından istifadə”, “süni intellekt əsaslı təhlillərin aparılması”, “subsidiya mexanizmlərinin çevikləşdirilməsi” kimi tapşırıqlar dünyanın inkişaf etmiş aqrar ölkələrinin son illərdə uğurla tətbiq etdikləri modellərlə səsləşir. Respublikamızın üstünlüyü ondan ibarətdir ki, ölkə kənd təsərrüfatının rəqəmsal transformasiyasına nisbətən erkən mərhələdə daxil olur və dünya təcrübəsində mövcud olan səhvləri təkrarlamadan ən müasir həlləri birbaşa tətbiq etmək imkanına malikdir. Xüsusilə peyk müşahidələri, elektron kənd təsərrüfatı informasiya sistemləri, süni intellekt əsaslı məhsuldarlıq proqnozları, “ağıllı” suvarma şəbəkələri və rəqəmsal subsidiya mexanizmləri ölkəmizin aqrar sektorunda keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını təşkil edə bilər.

Beləliklə, dünya təcrübəsi göstərir ki, XXI əsrdə kənd təsərrüfatında uğur artıq təkcə münbit torpaqlar və əlverişli iqlimlə müəyyən edilmir. Əsas rəqabət üstünlüyü məlumatı daha dəqiq emal edən, resurslardan daha səmərəli yararlanan və qərarvermədə süni intellektin imkanlarından faydalanan ölkələrin tərəfindədir. Azərbaycanın aqrar siyasətində müəyyənləşdirilən yeni prioritetlər də məhz bu qlobal inkişaf tendensiyalarına uyğun olaraq formalaşır.

Elşan ƏHMƏDOV,
iqtisad üzrə fəlsəfə doktoru, dosent

Son illərdə ölkənin sosial-iqtisadi inkişafında rəqəmsal transformasiya prioritet istiqamət kimi müəyyənləşdirilib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda iqtisadiyyatın rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına xüsusi önəm verilib. Strategiyada kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması qarşıya mühüm vəzifələr kimi qoyulub.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına həsr olunmuş çoxsaylı müşavirələrdə bu sahənin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olduğunu vurğulayıb, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqi və su təminatının yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayıb.

Azərbaycanda da son illərdə elektron kənd təsərrüfatı sisteminin yaradılması, aqrar xidmətlərin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal platformaların tətbiqi və süni intellekt əsaslı həllərin hazırlanması aqrar idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Fikrimcə, növbəti mərhələdə əsas diqqət üç istiqamətə yönəldilməlidir. Birincisi, kənd təsərrüfatında rəqəmsal savadlılığın artırılmasıdır. Fermerlər müasir texnologiyaların tətbiqi üzrə davamlı təlimlərə cəlb olunmalıdırlar. İkincisi, suvarma infrastrukturunun modernləşdirilməsi və damcı suvarma sistemlərinin tətbiqinin genişləndirilməsidir. Dövlət dəstəyi mexanizmləri bu istiqamətdə daha da gücləndirilməlidir.

Üçüncüsü, süni intellekt və peyk məlumatları əsasında milli aqrar məlumat platformasının yaradılmasıdır. Bu platforma məhsul proqnozlaşdırılması, su ehtiyatlarının idarə olunması və risklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaqdır.

Nəticə etibarilə, rəqəmsal texnologiyalar və innovativ suvarma sistemləri kənd təsərrüfatının gələcəyini müəyyən edən əsas amillərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya siyasəti aqrar sahədə də yeni inkişaf imkanları yaradır. Bu imkanlardan səmərəli istifadə etməklə Azərbaycan həm ərzaq təhlükəsizliyini gücləndirə, həm su ehtiyatlarını qoruya, həm də kənd təsərrüfatının beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Vaqif BAYRAMOV
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr