AZ

Elçin Babayev: Qərbi Azərbaycana qayıdış yalnız coğrafiyaya deyil, tarixi yaddaşa, ədalətə dönüşdür

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Bu gün artıq söhbət yalnız keçmişin ağrılarını xatırlamaqdan getmir. Söhbət gələcəyin modelini qurmaqdan gedir: Necə qayıdılacaq? Qayıdış hansı hüquqi mexanizmlərlə təmin olunacaq? Təhlükəsizlik zəmanətləri necə yaradılacaq? Mülkiyyət hüquqları hansı qaydada bərpa ediləcək? Tarixi yaddaşla regional sülh arasında tarazlıq necə qorunacaq? Bu suallar təkcə Azərbaycan üçün deyil, postmünaqişə transformasiyası ilə məşğul olan bütün beynəlxalq elmi ictimaiyyət üçün aktualdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız milli gündəlik deyil, eyni zamanda, beynəlxalq humanitar hüquq, insan hüquqları, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın geri dönüşü, postmünaqişə dövründə və keçid ədaləti kontekstində araşdırılması vacib olan elmi istiqamətlərdir: “Bəzən tarix yalnız sənədlərdə yaşamır. Tarix insanların yaddaşında yaşayır. Nənə-babaların övladlarına, nəvələrinə danışdığı kənd adlarında yaşayır. Köhnə bir şəklin arxasında yazılmış bir toponimdə yaşayır. Unudulmayan bir bulaq adında, bir dağın xatirəsində, bir bayatıda, bir laylada yaşayır.

Qərbi Azərbaycan məsələsi də məhz belə bir yaddaşdır. Bu yaddaş onilliklər boyu qorundu. Evini itirən insanlar yurdlarını unutmadılar. Kəndlərinin adlarını, qəbirlərini, məscidlərini, yaylaqlarını, yollarını özləri ilə birlikdə yaşatdılar. Bu gün isə həmin yaddaş tədricən elmi düşüncəyə, hüquqi diskursa və gələcəyin strategiyasına çevrilir”.

Rektorun sözlərinə görə, burada ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür. Çünki ali məktəb yalnız bilik verən məkan deyil, həm də milli yaddaşın qoruyucusudur. Keçmişlə gələcək arasında körpüdür: “Əgər siyasət dövlətlərin mövqeyini müəyyən edirsə, elm xalqların yaddaşını qoruyur. Bizim vəzifəmiz yalnız tarixi danışmaq deyil. Bizim vəzifəmiz onu araşdırmaq, sənədləşdirmək, gələcək nəsillərə ötürmək və beynəlxalq elmi müstəvidə layiq olduğu yerə çıxartmaqdır. İnanırıq ki, gələcəyin sülhü yalnız sərhədlərlə qurulmur. O, həm də ədalətlə qurulur, yaddaşla qurulur, insan ləyaqətinə hörmətlə qurulur. Bəlkə də, buna görə Qərbi Azərbaycana qayıdış yalnız coğrafiyaya dönüş deyil. Bu, tarixi yaddaşa dönüşdür. Kimliyə dönüşdür. Ədalətə dönüşdür. Bu gün biz yeni reallıq içərisində yaşayırıq. Azərbaycan artıq təkcə münaqişədən çıxmış ölkə deyil. Azərbaycan eyni zamanda postmünaqişə quruculuğu modeli təqdim edən dövlətdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesi, “ağıllı kənd” layihələri, infrastrukturun yenidən qurulması, dağıdılmış məskənlərin yaşayış və inkişaf məkanına çevrilməsi dünyada nadir nümunələrdən biridir. Eyni zamanda, ölkəmiz regionda yeni sülh arxitekturasının formalaşması istiqamətində ardıcıl siyasət həyata keçirir”.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr